Xəznəvar təxribatı: Azərbaycan Ordusuna qarşı iddialar nəyi hədəfləyir?

"Xəznəvar yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun guya atəş açması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır. Ermənistan tərəfi belə yalan və riyakar açıqlamalarla əsl məqsədlərini gizlətməyə çalışır. Bu cür addımlar ilk növbədə beynəlxalq ictimaiyyəti aldatmaq, Azərbaycanı guya aqressor kimi göstərmək və bu fonda sürətlə silahlanmaq üçün daha çox, guya “dəstək” qazanmağa xidmət edir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi mayın 29-da saat 01:00-dan 01:15-dək Ordumuzun guya Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması və yaşayış binasının ziyan görməsi ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı dezinformasiya adlandırıb. Bildirilib ki, qarşı tərəf məqsədyönlü şəkildə yalan məlumatlar yayaraq beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa və növbəti təxribatlara zəmin yaratmağa çalışır. Nazirlik vurğulayıb ki, Azərbaycan Ordusu heç vaxt mülki əhalini və obyektləri hədəf almır.

Hərbi ekspert qeyd edib ki, xüsusilə bu dezinformasiyaların yayılmasında Ermənistanın əsas havadarı olan Fransa ilə birgə planlaşdırılmış addımlar müşahidə olunur.

“Qeyd etmək lazımdır ki, sözügedən yaşayış məntəqəsi Ermənistanın Gorus rayonu ərazisində yerləşir. Bu tip təxribat xarakterli yalan məlumatlardan sonra biz nəyə şahid olduq? Fransanın məhz Gorusda konsulluq açmasına. Aydın şəkildə görünür ki, yayılan hər dezinformasiya Ermənistanın arxasında gizlətdiyi niyyətlərin göstəricisidir. Azərbaycan dəfələrlə müşahidə edib ki, belə yalan məlumatların ardınca Ermənistan tərəfindən təxribat xarakterli fəaliyyətlər həyata keçirilib. Bu da onların planlarının bir hissəsidir. Ancaq tam əminliklə demək olar ki, Ermənistan bu yalan və manipulyativ üsullarla heç bir məqsədinə çata bilməyəcək. Azərbaycan Ordusu heç vaxt mülki infrastruktur, mülki şəxslər və obyektləri hədəf seçməyib. Bu yalnız indiki dövrdə deyil, İkinci Qarabağ müharibəsində, ondan sonrakı bütün əməliyyatlar zamanı və son olaraq keçirilən lokal antiterror tədbirlərində də belə olub. Bu reallığı yalnız Azərbaycan deyil, bütün dünya müşahidə edib. Hətta təqdim olunan videolarda aydın şəkildə görünür ki, silahını atan separatçılara qarşı belə hər hansı hərbi müdaxilə edilməyib”.

Hərbi ekspert əlavə edib ki, bu faktlar Azərbaycanın humanist mövqeyini və Ordusunun beynəlxalq hüquq normalarına tam şəkildə riayət etdiyini bir daha sübut edir:

“Azərbaycan Ordusunun bu cür davranışı dünya üçün nümunə ola biləcək bir yanaşmadır. Sonda vurğulamaq istərdim ki, Ermənistan və onun əsas havadarı Fransa bu təxribatçı fəaliyyətlərdən çəkinməli, regionda vəziyyəti gərginləşdirmək əvəzinə, sülhün əldə olunmasına real töhfə verməlidirlər. Bu yanaşma həm Ermənistan, həm də bütün region üçün daha faydalı olar”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az