Paşinyanla erməni kilsəsi arasındakı açıq müharibə dərinləşir

“Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasındakı mübarizə əslində onun hakimiyyətə gəlməsindən bəri mövcuddur. Erməni Kilsəsi konservativ baxışlara malik olan bir qurum olmaqla yanaşı, eyni zamanda Ermənistanda milli kimliyin formalaşmasında və erməni terrorizminin, eləcə də nasist düşüncəsinin mərkəzi dayağı kimi çıxış edib. Paşinyanla kilsə arasındakı qarşıdurma isə 44 günlük müharibə və sonrakı antiterror əməliyyatlarından sonra daha da dərinləşdi. Kilsə açıq şəkildə öz tərəfdarlarının rəhbərliyi ilə hərəkata başlayaraq Paşinyanı devirməyə çalışdı. Paşinyan bu təhlükələrin haradan gəldiyini yaxşı bilir. Erməni Kilsəsi əsrlərdir ki, nəzarətdən kənar bir qurum kimi fəaliyyət göstərir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyanla Erməni Apostol Kilsəsi arasındakı qarşıdurma kəskinləşir. İllərdir davam edən mübarizə artıq fərqli müstəviyə keçərək daha şiddətli xarakter alıb. İllərdir davam edən bu gərgin münasibətlər son dövrlərdə açıq mübarizə mərhələsinə keçib. Siyasi hakimiyyətlə dini qurum arasında baş verən bu toqquşma artıq təkcə ideoloji fərqlərlə məhdudlaşmır, həm də konkret addımlar və qarşılıqlı ittihamlarla müşayiət olunur.

Politoloq qeyd edib ki, kilsənin həm cəmiyyət üzərində böyük təsiri, həm də ciddi maliyyə resursları var ki, bu da onun ictimai-siyasi mühitə təsir imkanlarını artırır.

“Buna görə də Paşinyan, hakimiyyətini qorumaq üçün əvvəlcə ordu, təhlükəsizlik xidməti və polis daxilində öz dayaqlarını möhkəmləndirdi. Yeni mərhələdə isə qarşısında dayanan ən güclü qüvvənin məhz kilsə olduğunu anlayır. Kilsənin Paşinyana qarşı açıq hücumları onu da qarşı tədbirlər görməyə vadar edir. Bu baxımdan Paşinyan uzun müddət tabu olaraq qalan və indiyə qədər açıqlanmayan bir sıra faktları ictimaiyyətə çatdırır. Bunlar həm Erməni Kilsəsinin malik olduğu əmlaklarla, həm də katolikosun seçilməsi məsələsi ilə bağlıdır. Eyni zamanda, kilsədə fəaliyyət göstərən çoxsaylı keşişlərin subaylıq andını pozması ilə bağlı faktların üzə çıxarılması erməni cəmiyyətində ciddi rezonans doğurur. Bu mübarizə həm də gələcəkdə kilsəyə rəhbərlik edəcək şəxslərə hesablanıb. Ermənistana təsir göstərməyə çalışan xarici ölkələr də kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Paşinyanın açıq mübarizəyə girməsi müəyyən risklər yaratsa da, onun artıq geri çəkilmək imkanı yoxdur. Bu səbəbdən o, xüsusilə də katolikosla açıq qarşıdurmaya girib. Düşünürəm ki, bu mübarizənin nəticələri daha çox geosiyasi şərtlərdən və Ermənistana yönələn xarici təzyiqlərdən asılı olacaq. Faktiki olaraq, Paşinyan ötən il Bağratın başladığı hərəkatın uğursuzluğundan da müəyyən nəticələr çıxarıb və hesab edir ki, kilsə ilə mübarizədə qalib gələrək onu dövlətin iradəsinə tabe etdirmək imkanı yaranıb”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az