ABŞ Yaxın Şərqdən çəkilir: Geosiyasi boşluq kimə fürsət verəcək?

“ABŞ-nin Suriyadakı hərbi kontingentini mərhələli şəkildə geri çəkməsi əslində təsadüfi qərar deyil – bu, Vaşinqtonun son illərdə Yaxın Şərqdə "birbaşa müdaxilə" strategiyasından "məsuliyyəti yerli aktorlara ötürmə" modelinə keçdiyinin açıq göstəricisidir. Bu proses təkcə hərbi qüvvələrin çıxarılması deyil, həm də regiondakı siyasi vakuumun dərinləşməsi deməkdir. Nəticədə regional güc balansında yeni dinamika formalaşacaq və burada əsas oyunçular – Türkiyə, İran, Rusiya olacaq”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Xatırladaq ki, ABŞ-nin Suriyadakı hərbi qüvvələrini geri çəkməsi beynəlxalq müstəvidə yeni suallar doğurub; bu addım bölgədəki təhlükəsizlik balansına, xüsusilə də kürd silahlı birləşmələrinin gələcək taleyinə, İran və Rusiya kimi regional oyunçuların təsir gücünün artmasına, eləcə də İŞİD-in yenidən fəallaşması ehtimalına dair ciddi narahatlıqlar yaradıb.

Siyasi şərhçi qeyd edib ki, bu, Kürd qruplaşmaları üçün təhlükəli bir dövrdür.

“ABŞ-nin “qoruyucu çətiri”nin aradan qalxması ilə onların əvvəlki nisbətən təhlükəsiz mövqeyi artıq risk altındadır. YPG-nin ciddi şəkildə zəifləməsi və ya Türkiyə tərəfindən sıxışdırılması ehtimalı artır. Unutmamaq lazımdır ki, Türkiyə bu fürsəti “terrorla mübarizə” adı altında sərhəd təhlükəsizliyini təmin etmək üçün reallaşdıra bilər. Türkiyə isə vəziyyətdən maksimal siyasi divident çıxarmağa çalışacaq. Ankaranın məqsədi sadəcə sərhəd təhlükəsizliyi deyil, həm də regionda "güc mərkəzi" kimi dominant mövqeyini möhkəmləndirməkdir. Əgər diplomatik dəstəklə paralel hərbi hərəkətlilik artırsa, bu, həm də ABŞ-a dolayı mesaj olacaq: "Sən çəkildinsə, mən varam”. Nəticə etibarilə, ABŞ-nin çəkilməsi sadəcə coğrafi yox, geosiyasi boşluq yaradır. Bu boşluq isə uzunmüddətli sabitlik yox, qısa və orta müddətli güc savaşı ilə doldurulacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az