- Müşahidə məntəqəsi
- 11 İyun 21:05
- 2 585
Azər Həsrət: "Revanşistlər Ermənistanda artıq şanslarını itiriblər"
.jpg)
“Ermənistanda revanşist qüvvələrin fəallığına baxmayaraq, onların siyasi arenada irəliləmək imkanları demək olar ki, tükənib. Bu qüvvələrin hakimiyyətdə olduğu dövrlərdə ölkə ciddi siyasi və iqtisadi təcrid şəraitində yaşayıb. Əhalinin sosial rifahı aşağı səviyyədə olub, aclıq və səfalət geniş yayılıb, insan haqlarının kobud şəkildə pozulması adi hala çevrilib. Üstəlik, cəmiyyət uzun müddət Qarabağ problemi səbəbindən davamlı müharibə təhlükəsi ilə üz-üzə qalıb ki, bu da erməni xalqının psixoloji və sosial rifahına ciddi zərbə vurub”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Qeyd edək ki, son günlər Ermənistanda hakimiyyət dəyişikliyi mövzusu yenidən siyasi diskussiyaların mərkəzinə çevrilib. Revanşist qüvvələrin hakimiyyətə gətirilməsi istiqamətində planlı addımların atıldığı, bu prosesin arxasında isə Rusiyanın dayandığına dair iddialar səsləndirilir.
Siyasi şərhçinin fikrincə, 2018-ci ildə Nikol Paşinyanın hakimiyyətə gəlməsi və 2020-ci il İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi Ermənistanda revanşist qüvvələrə münasibətdə ictimai rəyi köklü şəkildə dəyişib.
“Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi bu hadisələri obyektiv reallıq kimi qəbul edir və keçmişdəki hakimiyyətlərin ölkəni hansı duruma gətirdiyinin fərqindədir. Serj Sarqsyan və Robert Köçəryan kimi revanşist liderlərə qarşı narazılıq əsasən onların təmsil etdikləri siyasi elita ilə bağlıdır. Bu şəxslər Qarabağ mənşəli ermənilər olaraq Ermənistanda klan idarəçiliyinə əsaslanan avtoritar rejim qurmuş, ölkəni şəxsi maraqlarına uyğun şəkildə idarə etmişdilər. Onların fəaliyyətləri nəticəsində xalqın geniş təbəqələri zülm və sosial ədalətsizliklə üzləşmişdi. Hətta bəzi ermənilər açıq şəkildə bildirirdilər ki, Ermənistanın problemlərinin başlıca səbəbi məhz Qarabağ klanının siyasi hakimiyyətidir. Paşinyan isə Ermənistan doğumludur və erməni cəmiyyətinə daha yaxın fiqur kimi qəbul edilir. O, həmçinin Rusiyadan uzaqlaşaraq qərbyönlü siyasət yürütməyə çalışır və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına açıq dəstək verir. Bu yanaşma Ermənistanda sabitlik və inkişaf üçün yeni imkanlar yarada bilər. Məhz bu səbəbdən revanşistlərin, hətta Rusiyanın müəyyən dəstəyi ilə belə, yaxın perspektivdə siyasi uğur əldə etməsi real görünmür”.
Siyasi şərhçi əlavə edib ki, mövcud siyasi şərait Paşinyanın hakimiyyətini davam etdirməsi ehtimalını gücləndirir:
“Çünki Ermənistanda onun yerinə keçə biləcək real alternativ yoxdur. Yeni lider yetişdirmə cəhdləri də uğursuz görünür, çünki seçicilər revanşist qüvvələrin qayıdışının müharibə riskini artıracağını yaxşı anlayırlar. Ermənistan cəmiyyəti isə növbəti bir silahlı qarşıdurmaya nə hazırdır, nə də bunu istəyir. 44 günlük İkinci Qarabağ müharibəsində də erməni xalqının əksəriyyəti müharibə tərəfdarı deyildi və sadəcə məcburiyyət qarşısında bu prosesə cəlb olunmuşdular. Birinci Qarabağ müharibəsində də oxşar vəziyyət müşahidə olunmuşdu — əhali daha çox manipulyasiya edilərək savaşa sürüklənmişdi. Bütün bunları nəzərə alaraq demək olar ki, Ermənistanın revanşist qüvvələrə yenidən üz tutması ehtimalı zəifdir və Paşinyanın mövqeləri, ən azı indiki mərhələdə, kifayət qədər möhkəmdir. Bu, eyni zamanda Azərbaycanın da regiondakı sabitliyə dair narahatlığını azaldan mühüm amildir. Digər tərəfdən, Rusiya da artıq Ermənistanda əvvəlki kimi tam sərbəst şəkildə istədiyini edə biləcək mövqedə deyil”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az