- Müşahidə məntəqəsi
- 11 İyun 21:31
- 2 119
“Zəngəzur Dəhlizi regionun geoiqtisadi gələcəyidir ” — Ekspert Rəyi

“Hesab etmirəm ki, İran rəsmisinin Zəngəzur dəhlizi ilə bağlı son açıqlaması ciddi qəbul olunmalıdır. Çünki bu fikirlər keçmişdə yüksək vəzifə tutmuş, lakin hazırda heç bir rəsmi statusu olmayan bir şəxsin şəxsi mövqeyidir. Belə bəyanatları rəsmi İran siyasətinin təzahürü kimi qiymətləndirmək düzgün olmazdı. Zəngəzur dəhlizi artıq beynəlxalq səviyyədə tanınan və siyasi gündəmə daxil olmuş bir reallıqdır. Azərbaycan bu termini təkcə irəli sürməklə kifayətlənməyib, həm də onu konkret siyasi və logistik layihəyə çevirməyi bacarıb”.
Bu fikirləri AzNews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
Xatırladaq ki, İranın ali rəhbərinin müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti bildirib ki, guya İran Zəngəzur dəhlizi layihəsinin qarşısını alıb. Onun sözlərinə görə, bu layihə İran dəhlizinin parçalanması və Avropaya çıxış yolunun bağlanması demək idi. Vilayəti əlavə edib ki, İran Rusiyanın dəstəyi olmadan da Cənubi Qafqazda təhlükəsizliyi təmin etməyə və NATO-nun qarşısını almağa nail olub.
Siyasi şərhçinin sözlərinə görə, dəhlizin açılması ideyası hazırda regionda konkret proseslərə təkan verir və bu məsələ regional dövlətlər səviyyəsində ciddi şəkildə müzakirə olunur.
“İran və ya başqa bir dövlət bu prosesə əngəl törətmək istəsə belə, uğur qazanmaq ehtimalları olduqca zəifdir. Bu mənada düşünürəm ki, əgər İran doğrudan da bölgədə güclü oyunçu kimi qalmaq istəyirsə, bu layihəyə qarşı çıxmaq yox, əksinə, onun bir hissəsinə çevrilmək üçün yollar axtarmalıdır. Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycan və Türkiyə üçün, eyni zamanda İran üçün də iqtisadi baxımdan faydalı ola bilər. Əgər Tehran bu reallığı düzgün dəyərləndirərsə, buradan geoiqtisadi dividendlər qazana bilər. Əks halda, regionda gedən proseslərdən kənarda qalmaq riski ilə üzləşəcək. Buna görə də hesab edirəm ki, səsləndirilən həmin açıqlama daha çox daxili ictimai rəyi formalaşdırmağa xidmət edir və beynəlxalq arenada təsir gücünə malik deyil. Belə bəyanatlarla Zəngəzur dəhlizi reallığının qarşısını almaq mümkün deyil və bu istiqamətdə proseslər dayandırıla bilməz”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az