- Müşahidə məntəqəsi
- 11 İyun 21:39
- 2 545
“Kreml Ermənistanda yeni siyasi ssenariyə start verib” - AÇIQLAMA

“Nikol Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra Ermənistan-Rusiya münasibətlərində gərginlik müşahidə olunmağa başladı. Bu gərginlik fonunda Moskva, Ermənistanda özünə yaxın qüvvələri hakimiyyətə gətirmək üçün münasib şəraitin yetişməsini gözləyirdi. Hazırda isə Kreml bu prosesi fəallaşdırmaq qərarına gəlib. Rusiyanın bəzi siyasi dairələri düşünür ki, əgər indi Ermənistanın daxili siyasi proseslərinə müdaxilə edilməzsə, sonradan bu imkan əldən çıxa bilər. Bu səbəbdən Rusiya rəhbərliyi Ermənistanın siyasi idarəçiliyinə nəzarəti Dmitri Qazardan alaraq, keçmiş baş nazir və “inqilabların atası” kimi tanınan Səyyid Kiliyankaya həvalə edib. Kiliyanka, Rusiyanın xarici siyasətində çevrilişlərə nəzarət edən və siyasi dəyişikliklərə birbaşa kuratorluq edən fiqur kimi tanınır”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
Xatırladaq ki, son zamanlar Ermənistanda siyasi hakimiyyətin dəyişdirilməsi məsələsi yenidən aktual müzakirə mövzusuna çevrilib. Ölkə daxilində revanşist qüvvələrin fəallaşması, onların yenidən hakimiyyətə gətirilməsi istiqamətində planlı və məqsədyönlü fəaliyyətlərin aparıldığı iddia olunur. Bu cür cəhdlərin arxasında müəyyən xarici qüvvələrin, xüsusilə də Rusiyanın dayandığına dair fikirlər getdikcə daha çox gündəmə gəlir. Ekspertlərə görə, Ermənistanın hazırkı rəhbərliyinin Qərblə yaxın münasibətlər qurması və Moskvanın təsirindən çıxmağa çalışması Kremlin narazılığına səbəb olub.
Siyasi şərhçi bildirib ki, onun Ermənistan üzrə kurator təyin edilməsi rəsmi şəkildə elan olunmasa da, bu addım ciddi geosiyasi mesaj verir.
“Bu təyinatdan sonra Kiliyankanın Ermənistanın sabiq prezidenti və Paşinyanın əsas siyasi rəqibi sayılan Robert Köçəryanı Moskvaya dəvət edərək görüş keçirməsi, proseslərin hakimiyyət dəyişikliyinə yönəldiyini göstərir. Bu görüşlər şübhə doğurmur ki, Ermənistanda siyasi dəyişikliklər üçün planlamalar aparılır. Paralel olaraq, Ermənistanda daxili müxalif qüvvələr də fəallaşıb. Sabiq prezident Serj Sarqsyanın rəhbərlik etdiyi Respublika Partiyası Paşinyanın vəzifədən uzaqlaşdırılması istiqamətində real addımlar atmağa başlayıb. Partiya artıq baş nazir postuna öz namizədini irəli sürüb. Digər tərəfdən, Qərb dairələrinin də Ermənistandakı siyasi dəyişikliklərə maraq göstərdiyi açıq şəkildə hiss olunur. Belə ki, Paşinyanın yerinə potensial namizədlər kimi Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və parlament sədri Alen Simonyanın adları hallanır. Bütün bu proseslərə baxmayaraq, Paşinyanın ölkə daxilindəki reytinqi hələlik yüksək olaraq qalır. Bu isə onu göstərir ki, yaxın gələcəkdə nə müxalifət, nə də hakimiyyətdaxili qüvvələr onun devrilməsinə nail ola bilər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az