Türkmənistanla yeni mərhələ: Bakı Orta Asiyanın diplomatik pəncərəsidir

“Azərbaycan son illərdə həyata keçirdiyi çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu nəticəsində həm regional, həm də qlobal miqyasda nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Bu siyasət Azərbaycanın Avropa, Asiya və digər beynəlxalq güc mərkəzləri ilə paralel əməkdaşlıq qurmasına, qarşılıqlı maraqlar çərçivəsində diplomatik və iqtisadi əlaqələrini genişləndirməsinə imkan yaradıb. Məhz bu yanaşma nəticəsində Azərbaycan bu gün həm MDB məkanında, həm Cənubi Qafqazda, həm də qlobal platformalarda yüksələn mövqe nümayiş etdirir. Hazırda Bakı Avropa Birliyi, Çin, Şanxay Əməkdaşlıq Təşkilatı, BRİCS və Qoşulmama Hərəkatı kimi siyasi və iqtisadi güc mərkəzləri ilə genişmiqyaslı əməkdaşlıq münasibətləri qurub”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Qeyd edək ki, Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri gözlənilir. Məlumata görə, səfər iyunun 16-da baş tutacaq. Səfər çərçivəsində Bakıda bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə müzakirə olunacağı bildirilir.

Siyasi şərhçi bildirib ki, bu beynəlxalq əlaqələr Azərbaycanın xarici siyasətinə çeviklik və manevr qabiliyyəti qazandırır, onun regionlararası körpü rolunu daha da gücləndirir.

“Eyni zamanda Azərbaycan NATO-nun əsas tərəfdaşlarından biri olan Türkiyə ilə strateji müttəfiqlik münasibətləri quraraq həm regional, həm də transregional təhlükəsizlik sistemlərində mühüm rol oynayır. NATO ilə də pozitiv və gələcəyə yönəlik münasibətlər quran Azərbaycan, bu xətti davam etdirərək təhlükəsizlik, enerji və logistik sahələrdə öz rolunu daha da möhkəmləndirir. Bütün bu proseslər fonunda Azərbaycanın Orta Asiya dövlətləri üçün də cazibə mərkəzinə çevrilməsi tamamilə təbiidir. Xüsusilə enerji resursları ilə zəngin olan və bu resursları dünya bazarlarına çıxarmağa ehtiyac duyan Türkmənistan üçün Azərbaycan strateji əhəmiyyətə malik dövlətdir. Türkmənistan üçün Azərbaycan sadəcə tranzit ölkə deyil, həm də beynəlxalq iqtisadi sistemə inteqrasiya üçün real bir pəncərədir. Türkmənistanın Azərbaycanla əməkdaşlığı, xüsusilə enerji təhlükəsizliyi sahəsində, onun dünya bazarlarına birbaşa çıxış imkanlarını artırmaq potensialına malikdir. Bu səbəbdən Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri və bu səfərin mürəkkəb beynəlxalq proseslərin fonunda baş verməsi təsadüfi deyil. Bu səfər Aşqabadın Bakı ilə yeni inkişaf mərhələsinə keçid etmək niyyətini və bu istiqamətdə konkret siyasi iradə nümayiş etdirdiyini göstərir”.

Siyasi şərhçi əlavə edib ki, əgər Türkmənistan bu əməkdaşlığı dərinləşdirə bilməsə, onun da digər Orta Asiya ölkələri kimi Rusiyanın təsir dairəsində qalmaq ehtimalı arta bilər:

“Lakin Azərbaycanla sıx inteqrasiya Türkmənistan üçün yalnız iqtisadi deyil, həm də siyasi alternativ rolunu oynaya bilər. Bu kontekstdə Azərbaycan həm dəstəkçi, həm dayaq, həm də strateji müttəfiq kimi çıxış edərək Türkmənistanın dünya iqtisadi sisteminə daha fəal şəkildə qoşulmasına yardım edə bilər. Beləliklə, Azərbaycanın çoxşaxəli xarici siyasəti, strateji tərəfdaşlıqları və enerji-logistika imkanları onun Orta Asiya və türk dövlətləri üçün mühüm cazibə mərkəzinə çevrilməsini təmin edir. Bakı bu gün regionun əsas inteqrasiya platforması, diplomatik körpüsü və sabitlik mənbəyi kimi çıxış edir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az