Tel-Əvivin iki məqsədi var- Elxan Şahinoğlunun şərhi

"İran uzun onilliklər ərzində bölgədəki silahlı qrupları, o cümlədən “Hizbullah”, “Həmas” və digərlərini ona görə silahlandırdı və maliyyələşdirdi ki, təhlükə İranın sərhədlərinə yaxınlaşmasın. Yəni Tehranın məntiqinə görə, bu qruplar İran rejiminin əsas düşmənləri olan İsrailə və ABŞ-ın bölgədəki ərəb müttəfiqlərinə problemlər yaratmalıydılar ki, Vaşinqtonun və Tel-Əvivin başı bu qruplarla mübarizəyə qarışsın".

Bu şərhin müəllifi politoloq Elxan Şahinoğludur. Elxan Şahinoğlu yazır:

"Bu siyasət bir müddət İrandakı rejimi təhlükələrdən qorudu. Ancaq İsrail Həmas və Hizbullahı zəiflətdikdən və bu iki qruplaşmanı başsız qolduqdan sonra təhlükə İrana yaxınlaşdı. Bu sıraya Suriyada Bəşər Əsəd rejiminin devrilməsini və İran əleydarı olan güclərin Dəməşqdə hakimiyyəti gəlməsini əlavə etmək lazımdır.
Beləliklə, təhlükə İranın sərhədinə çatdı və İsrail bu ölkəyə qarşı müharibəyə başladı. Tel-Əvivin iki məqsədi var. Birinci məqsəd İranın nüvə potensialını ortadan qaldırmaq və bu ölkəni uranı zəninləşdirmək potensialından birdəfəlik məhrum etməkdir, ikinci məqsəd İranı daxildən parçalamaqdır. İran rejimi böyük itkilərə rəğmən, müqavimət gücünü artırmağa çalışacaq. Ona görə də İsrailin hər iki hədəfinə çatıb-çatmayacağı hadisələrin sonrakı gedişatı göstərəcək. İranın durumunu ağırlaşdıran məqam ətrafında dost və tərəfdaş dövlətlərin sayını artırmaması, bununla yanlış strategiyaya üstünlük verməsidir. Rejim bölgədə tərəfdaşlarının sayını artırmaq əvəzinə müxtəlif silahlı qruplara hər il on milyardlarla dollar xərcləməyə, qonşu dövlətlərin daxili işlərinə qarışmağa, “Zəngəzur dəhlizinə imkan verməyəcəyik” kimi yersiz açıqlamalara üstünlük verdi".

AzNews.az