- Müşahidə məntəqəsi
- 13 İyun 20:51
- 1 984
Planlı hücum, geniş təsir: Yaxın Şərqdə artan gərginlik

“İsrailin İrana qarşı son hava hücumu həm planlı, həm də strateji xarakter daşıyır. Uzun müddətdir ki, İsrail bu istiqamətdə hazırlıqlar aparırdı. Mossad-ın İran daxilində müxtəlif əməliyyatlar keçirməsi, dron və raketlərin yerləşdirilməsi planının həyata keçirilməsi bunu təsdiqləyir. Son hücum zamanı həmin hazırlıqların nəticəsi olaraq dronlardan istifadə edilməsi də bunu açıq şəkildə göstərdi. Bu hücum yalnız taktiki deyil, həm də strateji məqsəd güdür. İsrail üçün İran uzun illərdir ki, təhlükə mənbəyi sayılır. İranın açıq şəkildə İsraili düşmən kimi görməsi və nüvə silahına sahib olmaq ehtimalı İsrailin milli təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhdid hesab olunur. Bu səbəbdən İsrail belə bir hücumu uzun müddət ərzində həm planlaşdırır, həm də strateji məqsəd kimi gündəmdə saxlayırdı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.
Qeyd edək ki, İsrailin İrana hücumu dünya ictimaiyyətinin diqqətini tamamilə özünə çəkib. Ekspertlər hərbi əməliyyatların geniş miqyaslı münaqişəyə çevrilə biləcəyi barədə müxtəlif ehtimallar irəli sürürlər. Bu hadisə regiondakı sabitliyi sarsıda və beynəlxalq aləmdə narahatlıq yaradıb.
Siyasi şərhçi bildirib ki, ABŞ-ın bu prosesə münasibəti də xüsusi diqqət çəkir.
“Vaşinqton əvvəlcə bu hücumların qarşısını almağa çalışsa da, müəyyən mərhələdə İsrailə yaşıl işıq yandırdı. Məlumata görə, Donald Tramp administrasiyası dövründə 60 günlük möhlət verilmişdi və bu müddətin sonunda İsrailin hücumu reallaşdırmasına şərait yaradıldı. Hadisənin nəticələri isə daha geniş eskalasiyaya səbəb ola bilər. İranın cavab zərbələri və qarşılıqlı təzyiqlər bölgədə sabitliyi poza və gərginliyi dərinləşdirə bilər. Belə bir qarşıdurma yalnız İran və İsraili deyil, bütövlükdə Yaxın Şərq regionunu əhatə edən təhlükələr yarada bilər. Buraya iqtisadi proseslərin pozulması, enerji nəqli yollarının təhlükə altına düşməsi, miqrasiya dalğaları və humanitar böhranlar daxildir. Ən ciddi təhlükə isə İranın nüvə obyektlərinin hədəfə alınması halında baş verə biləcək ekoloji fəlakətlərdir. Bu səbəbdən regional ölkələr – Azərbaycan, Türkiyə və Səudiyyə Ərəbistanı – gərginliyin artmasının əleyhinə çıxış edirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama verərək eskalasiyanın qarşısının alınmasını və diplomatik həll yollarının dəstəklənməsini vurğulayıb. Oxşar mövqe Türkiyə və Səudiyyə Ərəbistanı tərəfindən də ifadə olunub”.
Siyasi şərhçi əlavə edib ki, müharibə genişlənəcəyi təqdirdə region ölkələri birbaşa təsir altına düşə bilər:
“Bu səbəbdən həm regional, həm də beynəlxalq güclərin qarşıdurmanın qarşısını almaq üçün birgə səylər göstərməsi vacibdir. Lakin bu səylərin nə qədər effektiv olacağını zaman göstərəcək. Hazırkı mərhələdə isə həm İsrail, həm də İran qarşılıqlı zərbələrdən geri çəkilmək niyyətində deyillər”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az