Qlobal qütbləşmə yeni mərhələyə keçir: Üçüncü dünya müharibəsi təhlükəsi artır"

“Dünyada qütbləşmə prosesi artıq açıq-aşkar gedir və Rusiya-Ukrayna müharibəsinin aktiv fazaya keçməsi bu prosesi sürətləndirib. İranla İsrail arasında baş verən gərginliklər isə bu qütbləşməni daha da dərinləşdirən və tətikləyən amil kimi çıxış edir. Hazırda əsas sual bundan ibarətdir: qərb və şərq blokları bu qarşıdurmada necə davranacaqlar? Əgər ABŞ İsraili açıq dəstəkləyərsə, Çin və Rusiyanın İrana dəstək verməsi ehtimalı artır. Əksinə, Çin İrana dəstək verərsə, ABŞ İsraili dəstəkləyəcək və hər iki tərəf bir-birinin addımlarını gözləyəcək. Bu vəziyyətdə qarşı tərəfin hansı addımı atacağı, özünü haqlı və ya haqsız göstərmək baxımından böyük rol oynayacaq. Bu isə qlobal güclər arasında bir növ gərgin siyasi-mənəvi mübarizə şəklində davam edəcək”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Üçüncü dünya müharibəsi təhlükəsindən narahat olduğunu bildirib. O, Ukrayna və Yaxın Şərqdəki gərginliyin ciddi münaqişə potensialı yaratdığını qeyd edib. Putin əlavə edib ki, İrandakı nüvə obyektləri ilə bağlı təhdidlər Rusiyanı sülh yolu ilə həll axtarışında fəal iştiraka vadar edir.

Siyasi şərhçi bildirib ki, Ukrayna müharibəsi ilə başlayan qütbləşmə prosesi hazırda yeni mərhələyə qədəm qoyub və ABŞ, Çin və Rusiya kimi əsas güc mərkəzləri arasında qarşıdurma daha da dərinləşməkdədir.

“Bu qütbləşmə təkcə regionlarda, məsələn, İran və İsrail arasındakı qarşıdurmada deyil, həm də Avropa və digər regionlarda özünü göstərir. Nəticədə, fərqli regionlarda yerli və regional münaqişələrin beynəlxalq miqyasda daha böyük, qlobal müharibəyə çevrilmə ehtimalı artır. Beləliklə, üçüncü dünya müharibəsinin, yəni qlobal miqyasda bir kataklizmin yaranması artıq reallığa yaxınlaşır və biz hər an belə bir müharibənin başlanmasına şahid ola bilərik. Bu vəziyyət beynəlxalq ictimaiyyət üçün ciddi təhlükə və çağırışdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az