Qərbi Azərbaycanda demoqrafik təzyiq: İranın yeni strategiyası nədir?

“Son 20 ildə İranın bəzi bölgələrində, xüsusilə də azərbaycanlıların sıx yaşadığı ərazilərdə etnik tərkibin dəyişdirilməsi istiqamətində addımlar müşahidə olunur. Bu prosesin bir hissəsi kimi, peşəkar iranlı nümayəndələrin həmin ərazilərə yerləşdirilməsi və eyni zamanda, kürd əhalisinin köçürülməsi kimi tədbirlər həyata keçirilir. Məqsəd isə həmin bölgələrin demoqrafik quruluşunu dəyişdirmək, yerli türk əhalisini tədricən digər ərazilərə köçürərək bölgədəki mövcud balansı pozmaqdır. İran hökumətinin bu siyasəti həm daxili təhlükəsizlik strategiyası, həm də regiondakı geosiyasi dinamika ilə əlaqələndirilə bilər”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Samir Hümbətov deyib.

Xatırladaq ki, Türkiyə mənbələrinin yaydığı məlumata görə, İranın Qərbi Azərbaycan əyalətində azərbaycanlıların silahlandırıldığı iddia olunur. Bu addımın, sərhəd bölgəsində kürd silahlı qruplarının – xüsusilə də PJAK-ın – toplaşması ilə əlaqəli olduğu bildirilir. Eyni zamanda, həmin qrupların İsraillə əlaqə qurmaq və dəstək almaq cəhdlərinin nəticəsiz qaldığı qeyd olunur.

Siyasi şərhçi qeyd edib ki, son dövrlərdə İran və İsrail arasında artan gərginlik fonunda bu bölgələrin İran üçün strateji əhəmiyyəti daha da artıb.

“Bəzi iddialara görə, rəsmi Tehran azərbaycanlıları potensial olaraq İsrailin bölgədəki təsirinə qarşı ön xəttə yerləşdirməyə çalışır. Paralel olaraq, PKK-nın İran qolu sayılan PJAK kimi silahlı qruplaşmaların da hökumətin nəzarətində olduğu və ehtiyac yarandıqda bu qruplardan istifadə edilə biləcəyi ehtimalları irəli sürülür. Bu mənzərə, İranın həmin bölgələrdə nəzarəti itirdiyi təqdirdə, yeni qarşıdurmaların, hətta vətəndaş müharibəsinin başlaya biləcəyi ehtimalını gündəmə gətirir. Güneydəki azərbaycanlıların hərəkətlənməsi və ya bu bölgədə etnik gərginliyin artması artıq potensial təhlükə mənbəyi kimi qiymətləndirilə bilər. Xüsusilə də İran-İraq sərhədində yerləşən bu bölgə strateji baxımdan mühüm ərazi hesab olunur. Bununla belə, bu kimi iddiaların çoxu hələlik yalnız qeyri-rəsmi mənbələrə əsaslanır və rəsmi sübutlarla təsdiqlənməyib. Bu səbəbdən, proseslərin analizi zamanı ehtiyatlı yanaşma vacibdir. Mövcud məlumatlar daha çox media sızıntıları və qeyri-rəsmi mənbələrin açıqlamaları üzərində qurulub. Reallıq isə yalnız bölgədə baş verən hadisələrin inkişafına uyğun şəkildə tam aydınlaşa bilər”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az