“Bu qərar Rusiyada sosial gərginlik yaradacaq” -Siyasi şərhçi

“Rusiyada miqrasiyaya dair qaydaların sərtləşdirilməsi təkcə texniki və ya inzibati qərar deyil – bu, siyasi mesaj daşıyan, hədəfli bir yanaşmadır. Xüsusilə sənədlərin surətinin çıxarılmasına belə rüsum tətbiq edilməsi, miqrantlara qarşı düşünülmüş iqtisadi təzyiq vasitəsi kimi dəyərləndirilə bilər. Bu qərarın əsas zərbəsi isə təbii ki, Rusiyada qeyri-rəsmi sektorda çalışan azərbaycanlılara dəyəcək. Hazırda minlərlə azərbaycanlı Rusiya əmək bazarında çalışır”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov deyib.

Qeyd edək ki, Rusiyada miqrasiya ilə bağlı qaydalar sərtləşdirilir. Artıq sənədlərin sadəcə surətinin çıxarılması belə ödənişli olacaq. Halbuki bu xidmət əvvəllər pulsuz göstərilirdi. Daha sərt tədbirlərin isə əmək bazarında çalışan xarici vətəndaşlara, o cümlədən azərbaycanlı miqrantlara təsir göstərəcəyi gözlənilir. Yeni rüsumlar tətbiq olunacağı təqdirdə, Rusiyada qeyri-rəsmi və ağır şəraitdə çalışan minlərlə azərbaycanlının çətin vəziyyətə düşəcəyi ehtimal edilir.

Siyasi şərhçi bildirib ki, yeni rüsumlar onların gündəlik qazancını azaldacaq, həmçinin yaşamaq və işləmək imkanlarını məhdudlaşdıracaq.

“Bu isə sosial gərginlik yaradacaq və Azərbaycan icmasına qarşı münasibətləri daha da kəskinləşdirəcək. Əgər bu layihə qəbul olunarsa, bu, təkcə daxili məsələ kimi yox, həm də Azərbaycanla münasibətlərə təsir edən siyasi jest kimi oxunacaq. Rusiyanın müxtəlif instansiyalarından gələn bu tipli ardıcıl qərarlar, Zatulinin son açıqlamaları fonunda, müəyyən anti-Azərbaycan xəttinin tədricən qurulduğunu göstərir. Moskva bu yolla Azərbaycana bir növ "təzyiq aləti" formalaşdırmağa çalışır – lakin bu, nə ədalətli, nə də rasional yanaşmadır. İki ölkə arasında əməkdaşlıq anlayışı qarşılıqlı hörmət üzərində qurulmalıdır, birtərəfli məhdudiyyətlər və inzibati sıxışdırmalar bu əlaqələrə ciddi ziyan vurur. Belə addımlar Rusiyanın multikultural və dost dövlət imicinə də ağır zərbə vurur. Əgər bu kurs davam edərsə, Azərbaycan da müvafiq diplomatik addımlar atmağa məcbur qalacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az