- Müşahidə məntəqəsi
- 22 İyul 17:19
- 1 782
"Azərbaycan vasitəçi istəmir" — Oqtay Qasımov

“Prezidentin III Şuşa Qlobal Media Forumundakı çıxışı bir sıra mühüm məqamlara toxundu. O, Zəngəzur dəhlizi və ABŞ-la münasibətlər məsələsində vacib fikirlər səsləndirdi. Bildirdi ki, Azərbaycan ABŞ-la münasibətlərin inkişafında maraqlıdır və artıq Donald Tramp administrasiyası ilə müəyyən təmaslar mövcuddur. Qeyd olundu ki, Tramp administrasiyasının Qafqaz və Yaxın Şərqlə bağlı planlarında Azərbaycanın əhəmiyyəti daha aydın şəkildə görünməkdədir. Bu, hazırkı Bayden administrasiyasından fərqli olaraq daha konkret yanaşma nümunəsi kimi dəyərləndirilir. ABŞ-ın Azərbaycan-Ermənistan normallaşma prosesindəki rolu ilə bağlı isə Prezident vurğuladı ki, Azərbaycan hər hansı vasitəçinin prosesdə iştirakında maraqlı deyil. Məhz ikitərəfli formatda əldə olunan nəticələr bu yanaşmanın səmərəliliyini sübut edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda ABŞ-ın Cənubi Qafqazdakı roluna toxunaraq, Tramp administrasiyası ilə münasibətlərin daha konstruktiv olduğunu bildirib. O, ABŞ-ın sülh prosesinə töhfə verməyə çalışdığını qeyd edib. Zəngəzur dəhlizi barədə isə bildirib ki, Azərbaycanın ərazisində heç bir xarici operator və ya icarədar ola bilməz.
Politoloq bildirib ki, ABŞ yalnız gələcək sülh prosesi üçün platforma təqdim edə və tərəfləri bu prosesə töhfə verməyə təşviq edə bilər.
“Yəni burada birbaşa Amerikanın prosesdə iştirakı nəzərdə tutulmur. Zəngəzur dəhlizi məsələsinə gəlincə, Prezident bu barədə də qəti mövqe ortaya qoydu. O qeyd etdi ki, Ermənistan tərəfinin məqsədi Zəngəzur dəhlizi üzrə həm Mehri ərazisindən, həm də Naxçıvan ərazisindən keçəcək xəttə beynəlxalq şirkətin nəzarət etməsini təmin etməkdir. Lakin Azərbaycan bu yanaşmanı birmənalı şəkildə qəbul etmir. Azərbaycan öz ərazisindən keçən kommunikasiya dəhlizlərində təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməyə qadirdir və bu, indiyədək də dəfələrlə sübuta yetirilib. Bu çıxış, eyni zamanda, beynəlxalq ictimaiyyətə ünvanlanmış aydın bir mesajdır: Azərbaycanın ərazisində hər hansı beynəlxalq şirkətin və ya digər xarici strukturların nəzarəti qəbulolunmazdır. Azərbaycan bu məsələləri özü idarə etmək gücünə və iradəsinə malikdir”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az