Sultan Zahidov: “Azərbaycan Yaxın Şərqə pozitiv dinamika gətirir”

“Cənab səfirin dediklərində həqiqət payı böyükdür. Bu baxımdan ki, bu gün Azərbaycan Yaxın və Orta Şərq regionuna pozitiv dinamika gətirir. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, çəkisi, dövlətlərin ona etimad göstərməsi, sözünün ağası olması, eləcə də regional və qlobal platformalarda sülhü və əməkdaşlığı təşviq etməsi onun müxtəlif regionlarda — Avropada, Yaxın və Orta Şərqdə, Orta Asiyada vacib proseslərin fəal iştirakçısına çevrilməsini şərtləndirir. Bu gün biz Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayırıq”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyaai şərhçi Sultan Zahidov deyib.

Qeyd edək ki, son illərdə Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu və siyasi təsir gücü onun qlobal və regional səviyyədə önəmli aktora çevrilməsinə səbəb olub. Xüsusilə Yaxın Şərqdə baş verən proseslər fonunda Azərbaycanın həm Suriya, həm də İsraillə yaxşı münasibətlərə malik olması bu iki ölkə arasında vasitəçilik təşəbbüslərini irəli sürməsinə şərait yaradıb. İsrailin Azərbaycandakı səfiri Corc Dik də jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın Yaxın Şərq regionunda mühüm rol oynaya biləcəyini və artıq bu rolu oynamağa başladığını bildirib.

Siyasi şərhçi qeyd edib ki, Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın alternativ enerji mənbələrinə olan ehtiyacı kəskin şəkildə artıb.

“Məhz həmin vaxtda Azərbaycan Avropa İttifaqını çətin vəziyyətdə qoymadı. Müharibədən cəmi altı ay keçmişdi ki, Avropa Komissiyasının enerji məsələləri üzrə nümayəndəsi Bakıya gəldi və biz enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzaladıq. Baxmayaraq ki, Rusiya buna qarşı çıxırdı və Avropanın Azərbaycan vasitəsilə Rusiyadan enerji asılılığını azaltmasını istəmirdi, Azərbaycan heç bir təzyiqə boyun əymədi. Nə Rusiya, nə də hər hansı digər dövlətin təsiri ilə hərəkət etmədi. Azərbaycan müstəqil, prinsipial və ardıcıl xarici siyasət yürüdür. Bu siyasət, ilk növbədə, ölkənin milli maraqlarına, eyni zamanda isə regional və qlobal təhlükəsizlik gündəliyinə xidmət edir. Azərbaycan nəyə çalışır? Gəlin baxaq: Suriya və İsrail arasında vasitəçilik məsələsində Azərbaycanın birbaşa iqtisadi marağı yoxdur. Sadəcə, hər iki dövlət — Türkiyə və İsrail — bizim üçün dost ölkələrdir. Türkiyə isə qardaş dövlətdir. Biz dostlarımız arasında gərginlik və ya münaqişə olmasını istəmirik. Məhz bu yanaşmadan irəli gələrək, Azərbaycan bu məsələlərin həllində ev sahibi və vasitəçi kimi çıxış edir. Qeyd etmək yerinə düşər ki, Türkiyə–İsrail arasında ölkəmizdə keçirilən danışıqlar nəticə verdi. Danışıqlardan sonra Türkiyə və İsrail Suriyada hava məkanındakı fəaliyyətlərini birgə koordinasiya etmək qərarına gəldilər və bunun üçün birgə koordinasiya qrupu yaradıldı. Bu baxımdan, səfirin qeyd etdiyi kimi, Azərbaycanın regional proseslərdə fəal və müsbət şəkildə iştirakı, ticari və iqtisadi layihələrin təşəbbüskarı olması, beynəlxalq platformalarda və təşkilatlarda aktiv rol oynaması, eləcə də münaqişəli məsələlərdə gərginliyi azaldacaq təşəbbüslərlə çıxış etməsi ölkəmizin çəkisini və statusunu Qafqazda, Avropada, Orta Asiyada və Yaxın Şərqdə əhəmiyyətli dərəcədə artırıb”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az