- Müşahidə məntəqəsi
- 20:03
- 2 564
“Ailə institutunun qorunması gələcəyin əsas dayağıdır” – Naib Niftəliyev
"İlon Mask, təbii ki, təsadüfi fikir səsləndirmir. Qlobal tendensiyalara nəzər saldıqda görürük ki, məşhur milyarderlərin böyük əksəriyyəti ABŞ-də cəmləşib və Amerika bu iqtisadi gücü lazım gəldikdə hərbi gücə, supergüc statusuna çevirməyi bacarır. Müəyyən mənada onlar iqtisadi vəziyyətə, qlobal tarazlığın formalaşmasına və ayrı-ayrı ölkələr və birliklərlə münasibətlərə şərt diktə etmək imkanına malikdirlər. Burada kimin haqlı, kimin haqsız olması isə ayrıca müzakirə mövzusudur. Fakt ondan ibarətdir ki, demoqrafik azalmanın əsas səbəblərindən biri də müəyyən zümrələrin hədsiz dərəcədə varlanmasıdır. Açıq demək lazımdır ki, ailə institutunun zəifləməsi və dağılması, əsasən, biznesmenlərin, varlanmaq istəyən işgüzar dairələrin maraqlarına xidmət edir. Çünki konfliktli, ailədaxili problemlərin artdığı cəmiyyətdə insanları idarə etmək, onlara təsir göstərmək daha asan olur. Bəlli nüfuz dairələri bu prosesdən birbaşa və dolayısı ilə faydalanmağa çalışır və təəssüf ki, media, sosial təsir alətləri, eləcə də müasir sosial elmlər – psixologiya, sosiologiya və müxtəlif tədqiqatlar vasitəsilə buna nail olurlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.
Qeyd edək ki, amerikalı milyarder İlon Mask dünyada doğum səviyyəsinin azalması ilə bağlı açıqlaması ilə diqqət çəkib. Mask bildirib ki, əgər mövcud tendensiya davam edərsə, gələcəkdə bəzi mədəniyyətlər və ölkələr tamamilə yox ola bilər.
Sosioloq bildirib ki, bu səbəbdən də mövcud problemlərin qarşısının alınması üçün görülən tədbirlər daha səssiz, qabaqlayıcı və preventiv xarakter daşımalıdır.
"Məsələnin həssas tərəfi də məhz buradadır. Düşünmürəm ki, hansısa millətin tamamilə yox olması real təhlükədir. Zaman keçdikcə insanlar yenidən sağlam düşüncəyə, balanslı davranışlara qayıdacaqlar. Ailə dəyərlərinin müqəddəsliyi, sabitliyi və vazkeçilməzliyi yenidən ön plana çıxacaq. Hazırda isə bunun əks tendensiyası müşahidə olunur. Azərbaycanda da ziddiyyətli mənzərə var. Bir tərəfdən boşanmaların sayı artır, digər tərəfdən isə mental baxımdan buna ciddi müqavimət mövcuddur. Bu ziddiyyət ailədaxili münaqişələrin kəskinləşməsinə səbəb olur. Qloballaşma mühiti Azərbaycan ailəsinə də təsir edib və gender münasibətlərində gərginlik yaradıb. Əslində kişi–qadın problemi Azərbaycan cəmiyyətində son yüzillikdə o qədər də aktual olmayıb, bu məsələ müəyyən mənada həll edilmiş hesab olunurdu. İnsanlar hüquq bərabərliyi baxımından müsbət nüanslar yaşayırdılar. Lakin son 50–60 ildə vəziyyət dəyişib, qadın hüquqlarının ifrat şəkildə önə çəkilməsi tendensiyası müşahidə olunur. Artıq insan hüquqlarının ifrat feminizm, o cümlədən radikal feminist yanaşmalar kontekstində müzakirəsi mümkündür. Digər tərəfdən isə maskulizmin də ifrat formaları ortaya çıxır. Bu cür ifratçılıqlar qlobal təsir imkanlarına malik varlı zümrənin, transmilli korporasiyaların maraqlarına xidmət edən faktorlardır. Bu baxımdan düşünürəm ki, İlon Mask təsadüfi açıqlama verməyib və onun məqsədi kifayət qədər aydındır. Ölkələrin yox olması ilə bağlı fikirlər isə müəyyən qədər şişirdilmişdir. Məsələn, Rusiyanın Ukraynanı özünə birləşdirmək istəyi konkret geosiyasi məqsəd daşıyır. Amerikanın Qrenlandiya ilə bağlı iddiası da rəsmi dövlət mövqeyi olmasa belə, Trampın timsalında gündəmə gətirilib. Ümumilikdə supergüclərin zəif və asılı ölkələri idarə etmək, öz təsir dairəsinə salmaq və onların hesabına böyümək istəyi imperializm və neokolonializmin təzahürü kimi qiymətləndirilə bilər. Bu prosesdə müəyyən rasional məqamlar axtarılsa da, bunu müsbət tendensiya kimi dəyərləndirmək mümkün deyil. Bu cür yanaşmalar yalnız müəyyən mərhələyədək davam edə bilər. Sayından, ərazisindən və coğrafi mövqeyindən asılı olmayaraq hər bir xalqın mövcudluq, inkişaf və suverenlik hüququ var. Xüsusən müstəqilliyini qazanmış və qoruyub saxlamış dövlətləri illər, onilliklər keçsə belə, sərhədlərini dəyişməyə məcbur etmək mümkün deyil. Bütün bunlar ekspansionizmin yeni forması kimi də dəyərləndirilə bilər. İlon Mask eyni zamanda ABŞ-də müəyyən siyasi təsir imkanlarına malik şəxslərdən biridir və son dövrlərdə siyasi müxalif mövqedən çıxış edərək böyük hədəflərini reallaşdırmağa çalışır. Bu proseslər onu göstərir ki, qlobal tendensiyalarda “neo-amerikanizm” adlandırıla biləcək yeni bir yanaşma formalaşır. Bunun zəif variantı Rusiyada da müşahidə olunur. Maraqlıdır ki, qlobal güclər açıq müstəvidə – silah, söz və nüfuz uğrunda mübarizə aparsalar da, pərdəarxasında qarşılıqlı maraqları qoruyurlar. Biri Şərqdə, biri Qərbdə, biri Avropada, digəri Asiyada nüfuz bölgüləri aparır. Ailə problemlərinin bu kontekstdə gündəmə gətirilməsi isə siyasi-psixoloji təzyiq aləti kimi çıxış edir və cəmiyyətləri müəyyən istiqamətdə formalaşdırmaq məqsədi daşıyır. Buna baxmayaraq, istər Amerikada, istər Rusiyada, istər Avropada, istərsə də Çin, Yaponiya, Türkiyə kimi ölkələrdə sağlam düşüncəli insanların təsiri hələ də güclüdür. Sağlam, rasional yanaşmalar, bəşəri təhlükəsizlik və ailə dəyərlərinin qorunması naminə çalışan qüvvələr sonda qalib gələcək. Bu tendensiyanın irəliyə doğru hərəkəti olduğu kimi, geriyə dönüşü də qaçılmazdır. Gələcəkdə nəsil artımının, övlad tərbiyəsinin və ailənin müqəddəsliyinin dəyəri yenidən dərk olunacaq, klassik, sabit və sağlam ailə modeli cəmiyyətin əsas dayaqlarından biri kimi öz yerini geri alacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az