“Elektron dərsliklər üçün texniki baza hazırdır” – Məzahir Məmmədli

"Azərbaycanda tədris olunan bütün dərsliklərin elektron versiyaları artıq mövcuddur. Bu sahədə məsələni qanunla xüsusi şəkildə rəsmiləşdirmək təşəbbüsü də mövcuddur və bu, təhsil sistemində rəqəmsallaşmanın daha da sürətləndirilməsi üçün vacib bir addımdır. Lakin belə görünür ki, əgər şagirdlər planşetlərlə təmin olunarsa və xüsusilə ucqar rayonlarda yerləşən məktəblərdə sürətli və stabil internet bağlantısı yaradılarsa, tədrisdə çox vacib elementlərdən biri olan dərsliklərin rəqəmsallaşdırılması artıq ciddi problem olmayacaq".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, Azərbaycanda orta məktəb dərsliklərinin rəqəmsallaşdırılması təşəbbüsü irəli sürülüb. Bu məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin Elm və Təhsil komitəsinin iclasında çıxış edib. O bildirib ki, Elm və Təhsil Nazirliyi artıq bu layihə üzərində işləyir və rəqəmsallaşdırmanın həyata keçirilməsi istiqamətində zəruri hazırlıqlar görülür.

Ekspert qeyd edib ki, bunun üçün kifayət qədər texniki baza, məlumat resursları və hazırlıq mövcuddur.

"Yetər ki, maddi və texniki imkanlar diqqətlə araşdırılsın, planlaşdırılsın və lazımi tədbirlər görülərək hər bir məktəbin bu sistemə uyğunlaşması təmin edilsin. Əgər məsələ qanuniləşsə və Milli Məclis tərəfindən uyğun qərar qəbul edilərək rəsmi şəkildə tənzimlənsə, artıq dərsliklərin elektronlaşdırılması və tədris prosesinə inteqrasiyası heç bir ciddi çətinlik yaratmayacaq. Beləliklə, təhsil sistemində rəqəmsallaşmanın geniş tətbiqi üçün əsas şərtlər mövcuddur və sadəcə onların düzgün koordinasiyası və davamlı izlənməsi kifayətdir. Bu addımların atılması ilə həm şagirdlərin, həm müəllimlərin, həm də valideynlərin təhsil prosesinə çıxışı daha rahat və əlçatan olacaq".

Rəfiqə Namazəliyeva,

AzNews.az