“Sosial şəbəkələrdə ədəbsizlik ciddi təhlükədir” – Naib Niftəliyev

"İctimai əxlaqın qorunması istiqamətində atılan hüquqi və siyasi addımlar ümumilikdə təqdirəlayiqdir. Şübhəsiz ki, cəmiyyətin əxlaqı, mənəviyyatı və dəyərləri nə qədər güclü olarsa, həmin cəmiyyət bir o qədər elmli, bilikli, sistemli və inkişafa meyilli olar. Bu baxımdan son dövrlərdə ailə institutunda, mənəvi və ictimai həyatda müşahidə olunan geriləmə, deqradasiya və əxlaqi problemlərin artması belə sərt, qətiyyətli və cəsarətli qərarları qaçılmaz edir. Düşünürəm ki, Prezidentin bu istiqamətdə verdiyi tövsiyələr və atdığı addımlar Azərbaycan cəmiyyətinin sosial sifarişinə, yəni ictimaiyyətin maraqlarına birbaşa cavab verir. Bu sahədə qəbul edilən qərarların ardıcıl və məqsədyönlü olması olduqca vacibdir və hazırda bu istiqamətdə konkret addımlar atılmaqdadır. Son illər internet və sosial şəbəkələrdə etikadan kənar, əxlaqsız davranışların bəzi tanınmış şəxslər, sənət adamları və bloggerlər tərəfindən təbliğ edilməsi müşahidə olunurdu".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Naib Niftəliyev deyib.

Qeyd edək ki, son dövrlərdə Azərbaycan Respublikasında ictimai əxlaqın qorunması istiqamətində hüquqi mexanizmlər gücləndirilmişdir. Prezidentin yeni qərarına əsasən, internet və sosial şəbəkələrdə əxlaqsızlıq, xüsusilə fahişəliyə açıq çağırışlar inzibati xəta kimi qiymətləndirilərək 500 manat məbləğində cərimə ilə cəzalandırılır. Bu qərar cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş, onun sosial davranışlara, ifadə azadlığına və rəqəmsal məkanda etik normalara təsiri barədə müxtəlif yanaşmalar formalaşdırmışdır.

Sosioloq bildirib ki, bəzi şəxslər yalnız ədəbsizlik və əxlaqsızlıq yolu ilə gündəmə gəlməyə çalışırdılar.

"Bu baxımdan belə halların inzibati xəta kimi qiymətləndirilməsi tamamilə ciddi və qanunauyğundur. Hətta hesab edirəm ki, bəzi hallarda bu cür davranışlar cinayət tərkibi kimi də dəyərləndirilə bilər, çünki burada kifayət qədər ictimai təhlükəlilik mövcuddur. 500 manatlıq cərimə isə bəzi hallarda yetərli olmaya bilər. Cərimənin mahiyyəti təkcə ödəniş deyil, onun əxlaqi, tərbiyəvi və hüquqi təsir gücündədir. Əgər bir şəxs bu məbləği ödəyə bilmirsə, o zaman normal, qanuni fəaliyyətlə məşğul olmağa məcbur qalmalıdır. Ədəbsizlik və diqqət çəkmək məqsədilə gündəmə gəlmək cəmiyyət üçün son dərəcə mənfi və arzuolunmaz siqnallardır. Sosial şəbəkələrin geniş yayılması bu tip insanların cəmiyyətə təsir imkanlarını artırır. Əxlaqi və mədəni çatışmazlıqları olan bəzi şəxslər cəmiyyətə əxlaq dərsi keçməyə çalışır, yaxşıya pis, pisə isə yaxşı deyirlər. Bu isə sağlam və normal cəmiyyət üçün qəbuledilməzdir. Təcrübə göstərir ki, təkcə çağırış və tövsiyələr deyil, konkret qərarlar və sanksiyalar daha təsirlidir. Qərar və cəza mexanizmi olmadıqda cəmiyyətdə sosial tənzimləmə effektiv işləmir. Buna görə də sanksiyalar olmalı və cərimələr real təsir gücünə malik olmalıdır. Bəzi hallarda bu məbləğlərin artırılması da məqsədəuyğundur. İnternetdə qaydaları və etik normaları pozmaq hesabına diqqət çəkmək təhlükəli tendensiyadır. Bunun qarşısını almaq üçün preventiv tədbirlərin görülməsi vacibdir. Bu cür davranışlar gələcəkdə cəmiyyətin sağlamlığına, ailə dəyərlərinə və nəsil artımına ciddi mənfi təsir göstərə bilər. Bəlkə də bəzi addımlar gec atılıb, lakin “gec olsun, güc olsun” prinsipi burada keçərlidir. Hüquqi və sosial mexanizmlərlə ictimai şüurun dəyişməsinə nail olmaq mümkündür. Reallıq göstərir ki, sanksiya olmadan şüur nadir hallarda dəyişir; insanların böyük əksəriyyəti cəza olmadığı halda davranışını davam etdirir. Demokratiya, fikir müxtəlifliyi və fərqlilik anlayışları özbaşınalıq, təhqir, əxlaqsızlıq və məsuliyyətsiz ifadə azadlığı demək deyil. Etika və mədəniyyət azadlığın ən ali formasıdır. Hər kəsin azadlığı başqasının azadlığı ilə məhdudlaşır. Sağlam düşüncəli insan qanunlara və etik normalara vicdanla yanaşmalıdır. Zəruri hallarda isə dövlətin sosial-hüquqi müdaxiləsi qaçılmazdır və bu müdaxilə zamanında və yerində atılmış addımdır".

Rəfiqə Namazəliyeva,

AzNews.az