- Müşahidə məntəqəsi
- 15:10
- 1 024
“‘20 günə yüksək bal’ vədləri reallıqdan çox psixoloji təsirdir” – Ramin Nurəliyev
"Bildiyiniz kimi, ali təhsil müəssisələrinə qəbul imtahanlarının ilkin mərhələsi hesab olunan buraxılış imtahanları artıq yaxınlaşır. Dövlət İmtihan Mərkəzi tərəfindən mart ayının 9-u və 15-də keçiriləcək bu imtahanlara sayılı günlərin qalması abituriyentlərdə təbii olaraq müəyyən narahatlıq və təşviş yaradır. Xüsusilə bu vaxta qədər sistemli hazırlaşa bilməyən, mövzu boşluqları olan abituriyentlərdə həyəcan daha da artır. Məhz bu psixoloji vəziyyətdən istifadə edən bəzi işbazlar “sürət qrupları”, “20 günə yüksək bal”, “qısa müddətdə nəticə artımı”, “zəmanətli bal yüksəlişi” kimi cəlbedici adlar altında abituriyentlərin və valideynlərin etibarından sui-istifadə edirlər. Açıq şəkildə demək lazımdır ki, bu cür sürət qruplarında abituriyentlərə yeni və möcüzəvi heç nə təqdim olunmur".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Xatırladaq ki, buraxılış imtahanlarına az vaxt qalması abituriyentlər arasında həm gərginliyi, həm də hazırlıq tempini xeyli artırıb. Bu dövrdə xüsusilə nəticəsindən narazı olan şagirdlər sürətli və asan çıxış yolu axtarışına başlayırlar. Məhz bu məqamda “qısa müddətdə yüksək bal”, “sürətli hazırlıq proqramı” kimi cəlbedici vədlərlə ortaya çıxan müxtəlif kurs və qruplar diqqət çəkir. Təhsil mütəxəssisləri isə xəbərdarlıq edir ki, bu cür təkliflər əksər hallarda real nəticədən daha çox psixoloji təsir üzərində qurulub və abituriyentlərin əsas diqqəti düzgün planlama və fərdi çalışma strategiyasına yönəlməlidir.
Ekspert qeyd edib ki, bu qruplarda istifadə olunan testlərin böyük əksəriyyəti Dövlət İmtihan Mərkəzinin rəsmi test banklarında mövcuddur.
"Yəni əlavə xüsusi suallar, fərqli metodika və ya imtahana düşəcək “gizli materiallar” deyilən anlayış mövcud deyil. Əsl nəticə yenə də abituriyentin şəxsi səyi hesabına əldə olunur. Abituriyent DİM-in test banklarını qarşısına qoyaraq sistemli şəkildə çalışsa, mövzu üzrə boşluqlarını müəyyən edib onları ardıcıl şəkildə tamamlayarsa, hər hansı sürət qrupuna ehtiyac qalmır. Bu halda valideynlərin əlavə vəsait xərcləməsinə də zərurət yaranmır. Bəzi kurslar iddia edir ki, guya 20 gün ərzində şagirdin balını 100–150, hətta 200 bal artırmaq mümkündür. Reallıq isə tamamilə fərqlidir. Qısa müddətdə belə ciddi nəticə vəd edən açıqlamalar sadəcə kommersiya məqsədi daşıyan reklam xarakterlidir və əksər hallarda “pul tələsi”ndən başqa bir şey deyil. Nəzərə almaq lazımdır ki, qəbul imtahanına təxminən bir ay qalmış bütün abituriyentlər istər-istəməz daha intensiv hazırlıq mərhələsinə keçirlər. Bu, təbii psixoloji prosesdir. Necə ki, marafon qaçan idmançı yolun əvvəlində sürət yığır, ortada tempi azalır, finişə yaxın isə yenidən sürətlənir, abituriyentlərin də imtahana yaxın dövrdə daha fəal çalışması məhz bu mərhələyə təsadüf edir. Bu baxımdan, bəzi şagirdlərin son mərhələdə bal artımı müşahidə etməsi onların sürət qruplarına getməsi ilə deyil, şəxsi səylərinin artması ilə bağlıdır. Elə abituriyentlər var ki, bu qruplara qatıldığı halda heç bir nəticə əldə etmir. Elələri də var ki, 40–50 bal irəliləyiş göstərir. Lakin həmin artım məhz abituriyentin öz zəhmətinin nəticəsidir. Çünki həmin şagird sürət qrupuna qatılmasaydı belə, evdə planlı şəkildə test bankları üzərində çalışaraq eyni nəticəni əldə edə bilərdi. Başqa sözlə, bu qruplar nəticə yaratmır — nəticəni yaradan abituriyentin öz iradəsi, əzmi və davamlı çalışmasıdır. Bu səbəbdən valideynlərə və abituriyentlərə tövsiyə olunur ki, xüsusilə imtahan ərəfəsində real olmayan vədlərə aldanmasınlar. Dövlət İmtihan Mərkəzinin rəsmi test bankları və sınaq materialları qəbul imtahanına hazırlaşmaq üçün tamamilə kifayətdir. Unutmaq olmaz ki, uğurun açarı qısa yol axtarışında deyil, doğru planlama və davamlı zəhmətdədir".
Rəfiqə Namazəliyeva,
AzNews.az