“İtalyan, Türk və Rus qızılı əyar və istehsal tərzinə görə fərqlənir” – Akif Nəsirli

"Bazarda “İtalyan”, “Türk” və “Rus” qızılı anlayışları daha çox istehsal ənənəsini və istifadə olunan əyarı ifadə edir. Bunlar ayrıca kimyəvi növ deyil, qızıl–ərinti standartlarıdır. Əsas fərq qızılın tərkibindəki xalis qızılın faizi və ona qatılan digər metalların nisbətindədir. İtalyan qızılı adətən 750 əyarlı olur. Bu, tərkibinin təxminən 75 faizinin xalis qızıl, qalan 25 faizinin isə gümüş, mis və bəzən digər metallardan ibarət olması deməkdir. Bu qarışıq qızıla daha parlaq rəng, zərif görünüş və möhkəmlik qazandırır. İtalyan qızılı əsasən dizayn və zərgərlik dəyərinə görə qiymətləndirilir, investisiya baxımından isə əyarının nisbətən aşağı olması səbəbindən xalis qızıl qədər sərfəli sayılmır. Türk qızılı anlayışı daha çox 916 əyarlı, yəni 22 karat qızılı ifadə edir. Tərkibində təxminən 91,6 faiz xalis qızıl, qalan hissədə isə əsasən mis və az miqdarda gümüş olur. Türkiyədə geniş yayılmış sikkə və zinət qızılları məhz bu standartdadır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Qeyd edək ki, bazarda tez-tez işlədilən İtalyan, Türk və Rus qızılı anlayışları əslində qızılın mənşəyini deyil, onun əyarını və istehsal ənənəsini ifadə edir. Bu növlər arasında əsas fərq qızılın tərkibindəki xalis qızılın payı ilə bağlıdır ki, bu da xüsusilə yatırım məqsədi baxımından onların dəyərini və bazardakı cəlbediciliyini müəyyənləşdirir.

Ekspert qeyd edib ki, əyarın yüksək olması qızılı xalis qızıl dəyərinə daha da yaxınlaşdırır və bazarda alqı-satqısını asanlaşdırır.

"Bu səbəbdən həmin qızıl növünə həm saxlanma, həm də yatırım məqsədi ilə daha çox üstünlük verilir. Rus qızılı isə əksər hallarda 585 əyarlı olur. Bu halda xalis qızılın payı təxminən 58,5 faiz təşkil edir, qalan hissə isə mis, gümüş və bəzən nikel kimi metallardan ibarət olur. Bu ərinti qızılı daha sərt və davamlı etsə də, xalis qızılın payı az olduğuna görə investisiya dəyəri zəifdir. Daha çox gündəlik istifadə üçün nəzərdə tutulan zinət əşyalarında rast gəlinir. Yatırım baxımından əsas meyar xalis qızılın payıdır. Əyar nə qədər yüksəkdirsə, qızılın bazar qiymətinə yaxınlığı bir o qədər çox olur və satarkən itki riski azalır. Bu baxımdan Türk qızılı (916 əyar) İtalyan və Rus qızılı ilə müqayisədə daha məqsədəuyğun hesab edilir. Zinət üçün alınan qızıllarda dizayn və marka ön planda olsa da, sırf yatırım üçün yüksək əyarlı, mümkün qədər xalis qızıla yaxın məhsullar daha sərfəli sayılır".

Rəfiqə Namazəliyeva,

AzNews.az