- Müşahidə məntəqəsi
- 18:58
- 1 210
“Məntiq fənni üzrə sistemli tədris yoxdur” – Məzahir Məmmədli
"Birincisi, ondan başlayaq ki, bu gün həm ali təhsil müəssisələrində, həm də ümumtəhsil məktəblərində məntiqlə bağlı sistemli bir tədris proqramı və tədris prosesi mövcud deyil. Bu səbəbdən Dövlət İmtahan Mərkəzi bu məsələ ilə bağlı kifayət qədər diqqətli olmalı və mövcud reallıqları nəzərə almalıdır. Digər tərəfdən, bu il xüsusilə III ixtisas qrupu üzrə bakalavrlar, yəni magistraturaya sənəd verən humanitar yönümlü məzunlar ciddi çətinliklərlə üzləşiblər. Onlar imtahanda riyazi və formullu məntiq suallarının üstünlük təşkil etməsindən şikayət edirlər".
Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.
Qeyd edək ki, 15 fevralda keçirilmiş son magistratura qəbul imtahanının nəticələri göstərir ki, III ixtisas qrupu üzrə bakalavrlar digər ixtisas qrupları ilə müqayisədə daha aşağı nəticə nümayiş etdiriblər. Mütəxəssislər bu fərqi imtahanda riyazi məntiq xarakterli sualların üstünlük təşkil etməsi ilə izah edir və bu tip tapşırıqların humanitar yönümlü məzunlar üçün əlavə çətinlik yaratdığını bildirirlər. Bununla yanaşı, xarici dil və informatika fənləri məktəb proqramında tədris olunduğu halda, məntiq fənninin nə dərsliklərdə, nə də ümumi təhsil sistemində yer almaması da diqqət çəkən məqamlardandır.
Ekspert qeyd edib ki, digər mühüm məqam ondan ibarətdir ki, bu gün Azərbaycanda ümumilikdə magistratura pilləsinə kifayət qədər diqqət yetirilmir.
"Bunun əsas səbəblərindən biri magistratura səviyyəsinin əmək bazarında demək olar ki, tələb kimi irəli sürülməməsidir. Çox nadir hallarda işə qəbul zamanı magistr dərəcəsi üstünlük kimi qiymətləndirilir. Əgər nəzərə alsaq ki, magistratura əsasən elmi fəaliyyətə yönəlmək, gələcəkdə doktorantura təhsili almaq və ya ali təhsildə elmi-pedaqoji fəaliyyət göstərmək üçün seçilməlidir, bu istiqamətdə də real motivasiyanın olmadığını görərik. Məhz bu səbəbdəndir ki, son illərin statistikasına baxdıqda, hətta dövlət sifarişli magistratura yerlərinin belə boş qaldığının şahidi oluruq. Bu il də əvvəlki illərdən ciddi şəkildə fərqlənmir. 23000‑ə yaxın bakalavr qeydiyyatdan keçib, yəni imtahan vermək üçün ərizə təsdiqlənib. Bunlardan 519 nəfər imtahanda iştirak etməyib. Bu fakt artıq birinci mərhələdən etibarən prosesə marağın və diqqətin zəiflədiyini göstərir. Növbəti mərhələdə isə ötən il 1000-dən artıq dövlət sifarişli yerin boş qalması müşahidə olunmuşdu. Bu olduqca düşündürücü məqamdır. Magistraturaya maraq və həvəs ildən-ilə sürətlə azalır. Bu prosesi dayandırmaq üçün mütləq şəkildə stimullaşdırıcı və motivasiyaedici mexanizmlər formalaşdırılmalıdır. Digər tərəfdən, maddi-texniki bazası və akademik imkanları magistratura səviyyəsində tədris aparmağa kifayət etməyən bəzi özəl universitetlərin çoxsaylı magistr yerləri elan etməsi də bu sahədə keyfiyyətə mənfi təsir göstərir. Bütün bu amillər ümumilikdə magistratura təhsilinə marağın azalmasına və onun nüfuzunun zəifləməsinə gətirib çıxarır”.
Rəfiqə Namazəliyeva,
AzNews.az