- Müşahidə məntəqəsi
- 20:37
- 1 501
“Texnoloji nəzarət üsulları genişləndirilməlidir” – Hüseyn İbrahimov
"Sosial mediadan istifadənin qadağan olunması, təbii ki, uşaqlar və yeniyetmələr arasında sosial mediaya asılılığın artması nəticəsində yaranan depressiya hallarının və xüsusən suizid hadisələrinin dünyada, eləcə də ölkəmizdə artması ilə əlaqədardır. Bu barədə aparılan araşdırmalar, dünya alimlərinin təhlilləri və tədqiqatları göstərir ki, depressiya hallarının əsas səbəbi rəqəmsal asılılıqdır. Uşaqların sosial mediada yaşlarına uyğun olmayan oyunlar, müxtəlif üsullar və informasiyalar alması, bunları spontan şəkildə qavrayaraq öz təfəkkürlərində mənfi xüsusiyyətlərə çevirməsi onların psixologiyasına ciddi təsir göstərir. Bu proses nəticəsində uşaqlar həm ailə institutu ilə, həm də sonradan cəmiyyətlə münasibətlərində çətinliklər yaşayırlar. Belə halların qarşısını almaq üçün bir çox ölkələrdə rəqəmsal asılılığı azaltmaq məqsədilə müxtəlif platformalar yaradılıb. Məsələn, uşaqların sosial mediada və oyun platformalarında vaxt sərf etmələrini azaldacaq tədbirlər görülüb. Lakin bu tədbirlər tam səmərəli olmadığından bəzi hallarda qanuni qadağalar tətbiq edilməyə başlanıb".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Xatırladaq ki, bu gün bir çox ölkələrdə uşaqların sosial mediadan istifadəsi qadağan olunub. Əvvəllər yaş hədləri yalnız “tövsiyə” xarakteri daşıyırdı, lakin indi bir çox ölkədə bu, dövlət səviyyəsində ciddi qanuni məhdudiyyətlərə çevrilib. Məsələn, Avstraliya, Danimarka, Norveç, Türkiyə və Fransa kimi ölkələrdə 15-16 yaşdan kiçik uşaqların sosial şəbəkələrə və oyun platformalarına girişinə ciddi məhdudiyyətlər tətbiq olunur. Qadağaların effektivliyini təmin etmək üçün platformalarda artıq şəxsiyyət vəsiqəsi təqdim etmək və ya biometrik təsdiqləmə kimi sərt nəzarət üsulları tətbiq edilir.
Sosioloq bildirib ki, bu qadağaların əsas məqsədi cəmiyyətin sağlam təfəkkürlə inkişafını təmin etmək və qlobal mənfi stereotiplərin uşaqların psixologiyasına nüfuz etməsinin qarşısını almaqdır.
"Nəticədə bir çox ölkələrdə artıq 15-16 yaş, hətta daha kiçik yaşlı uşaqların sosial şəbəkələrə və oyun platformalarına girişinə məhdudiyyətlər tətbiq olunub. Lakin ölkəmizdə uşaqların bu platformalara giriş və istifadəsi halları getdikcə artır. Bəzi oyun zallarında yaş həddindən kiçik uşaqlar belə bu oyunlarla məşğul olur. İndi isə smartfonlar, mobil şəbəkə kanalları və digər texnoloji vasitələr uşaqların oyun zallarına getmədən, evdən belə oyunlara qoşulmasına imkan verir. Bu, spontan kvazi qrupların yaranmasına səbəb olur və uşaqların yaradıcı potensialının azalmasına, depressiya hallarının isə artmasına gətirib çıxarır. Hesab edirəm ki, bu qadağaların tətbiqini təmin etmək üçün ilk növbədə texnoloji üsulların tətbiqi genişləndirilməlidir. Dövlətimizin apardığı əsas məsələlərdən biri də süni intellekt və onun ətrafında inkişaf edən texnoloji yeniliklərin tətbiqini genişləndirməkdir. Bu, ölkəmizdə uşaqların təhlükəli platformalara girişinin qarşısını almaq üçün aydın üsullar və yeniliklər ortaya qoymağa imkan verəcək. Məsələn, telefon daşıyıcısı olan şəxsin yaşının müəyyən edilməsi üçün üz cizgilərinə və şəxsiyyət göstəricilərinə əsaslanan texnologiyalar tətbiq oluna bilər. Bu yolla uşaqların sosial mediaya və oyun platformalarına yaşlarına uyğun olmayan girişləri məhdudlaşdırıla bilər. Eyni zamanda, müxtəlif sənədlərin və şəxsiyyət təsdiqləyici sistemlərin istifadəsi ilə uşaqların yaş məlumatı təsdiqlənə bilər və bu, onların platformalara girişinə tam qadağa tətbiq etməyə imkan verəcək. Ölkəmizdə belə məhdudiyyətlərin tətbiqinə ehtiyac var, çünki son illərdə uşaqlar və yeniyetmələr arasında depressiya və suizid hallarının sayı artıb. Bu hallar, uşaqlarda stres və psixoloji gərginliyin formalaşmasına səbəb olur və onların məktəb həyatında da müşahidə edilir. Ona görə də yaxın gələcəkdə uşaqların rəqəmsal asılılığını azaltmaq, onların təhlükəli platformalara girişini məhdudlaşdırmaq və qanunverici səviyyədə yeni metodlarla bu məsələyə həll tapmaq vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az