- Siyasi müzakirə
- 18:34
- 970
"Ermənistanın Azərbaycana təsir imkanları yoxdur" – Aydın Hüseynov
"Məlumdur ki, uzun illər ərzində Ermənistan müxtəlif siyasi vasitələrlə Azərbaycana qarşı yönləndirilib və bir sıra dövlətlərin dəstəyi ilə Azərbaycanın torpaqlarını təxminən 30 il işğal altında saxlayıb. Nəhayət, Azərbaycan öz suveren ərazilərini erməni işğalından azad etdi və bununla da regionda yeni bir mərhələnin əsasını qoydu. Bu gün Azərbaycan Cənubi Qafqazda, eləcə də daha geniş regionda həm siyasi, həm də iqtisadi baxımdan əsas güc mərkəzlərindən biri kimi çıxış edir. Ölkə bütün proseslərdə müstəqil siyasətinə və iqtisadi potensialına əsaslanır, eyni zamanda beynəlxalq hüquqa söykənərək fəaliyyət göstərir. Ermənistanda isə seçkilər uzun müddət xarici təsirlər altında keçirilib. Hakimiyyətə gələn prezidentlər və siyasi liderlər heç vaxt cəmiyyətin birmənalı dəstəyini qazana bilməyib və ölkəni tam şəkildə təmsil etmək iqtidarında olmayıblar. Müqayisə üçün qeyd edək ki, 2018-ci ildə Nikol Paşinyanın Serj Sarkisyan üzərində qələbəsi Ermənistan cəmiyyətinin illərlə ölkəni ağır sosial-iqtisadi vəziyyətə sürükləyən köhnə hakimiyyətə qarşı narazılığının açıq ifadəsi idi. Məhz bu səbəbdən Paşinyan geniş ictimai dəstək qazana bildi. Hazırda isə növbəti seçkilər kontekstində Robert Koçaryan əsas müxalif fiqur kimi çıxış edir. Lakin Ermənistan cəmiyyəti onun hakimiyyəti dövrünü yaxşı xatırlayır və həmin dövr ölkəni dərin böhran vəziyyətinə sürükləyən mərhələlərdən biri kimi qiymətləndirilir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri ərəfəsində siyasi mühit getdikcə daha gərgin və qütbləşmiş xarakter alır. Baş nazir Nikol Paşinyanın müxalif qüvvələrin hakimiyyətə gələcəyi təqdirdə regionda sabitliyin pozula biləcəyi ilə bağlı xəbərdarlıqları, bu prosesin yalnız daxili siyasi mübarizə ilə məhdudlaşmadığını göstərir. Xüsusilə, onun əsas rəqiblərindən Robert Koçaryan və digər müxalif qüvvələrin fərqli geosiyasi yanaşmaları fonunda seçkiöncəsi ritorika regional təhlükəsizlik kontekstində də diqqətlə izlənilir.
Deputat bildirib ki, bu baxımdan Koçaryanın seçkilərdə qalib gəlməsi real görünmür.
"Baxmayaraq ki, onu dəstəkləyən müəyyən xarici qüvvələrin mövcudluğu istisna deyil və o, əvvəlki dövrlərdə olduğu kimi, indi də müəyyən kənar təsirlərlə hərəkət edir. Digər tərəfdən, Ermənistan cəmiyyətində artıq daha ayıq düşünən və ölkənin gələcəyini müharibədə deyil, sülhdə görən qruplar formalaşıb. Bu gün reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycanla iqtisadi və ticarət əlaqələrində maraqlıdır və yaxın gələcəkdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional layihələrdə iştirak imkanları da mövcuddur. Koçaryanın siyasi ritorikasında yenidən “Qarabağ kartı”ndan istifadə etməsi isə onun köhnə yanaşmalardan əl çəkmədiyini göstərir. O, vaxtilə məhz bu mövzu üzərindən hakimiyyətə gəlib və indi də eyni üsulla siyasi dividendlər qazanmağa çalışır. Lakin artıq dövr dəyişib və bu ritorikanın əvvəlki təsiri yoxdur. Ümumilikdə, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycanın mövqeyinə ciddi təsir imkanları mövcud deyil. Ermənistanın Azərbaycanla hərbi qarşıdurmaya getmək üçün nə kifayət qədər resursu, nə də siyasi iradəsi var. Azərbaycan Ordusunun gücü və ölkənin həyata keçirdiyi siyasət bunu açıq şəkildə nümayiş etdirib. Azərbaycan bundan sonra da öz suverenliyini qorumağa və istənilən təhdidə adekvat cavab verməyə qadirdir. Bunu ölkənin güclənən iqtisadiyyatı, müstəqil siyasəti və beynəlxalq nüfuzunun artması təsdiqləyir. Eyni zamanda, dövlət başçısının praqmatik və qlobal liderlərin diqqətini cəlb edən siyasəti də bu reallığı daha da möhkəmləndirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az