“ABŞ İran üzərindən Çin və Rusiyaya qarşı strateji plan qurur” – Azad Məsiyev

"Amerika Birləşmiş Ştatlarının strateji məqsədi İranda hakimiyyəti dəyişib, özlərinə münasib bir hakimiyyət qurmaqdır və İranda hakimiyyəti dəyişmək üçün, İranı işğal etmək üçün zaman-zaman müxtəlif bəhanələr gətirilir. Bəzi hallarda İran terrora dəstək verir ideyasını gündəmə gətirdi, bəzi hallarda İran üçüncü tərəfi proksi qüvvələri dəstəkləyir kimi bəhanələr gətirdi. İndi də uranın zənginləşdirilməsini bəhanə gətirərək İrana təzyiqlər edir və hərbi əməliyyatların başlanması məhz bu baxımdan ki, İran uranın zənginləşdirilməsini həyata keçirməsin. İran tərəfi, o cümlədən ölkənin hazırkı prezidenti də dəfələrlə bəyan edib ki, uranın zənginləşdirilməsi dini məqsədlər üçün həyata keçiriləcək. Hətta dini liderin fətvası da var ki, İran kütləvi qırğın silahları yox, uranı zənginləşdirmək üçün zənginləşdirərək, dinc məqsəd üçün elektrik enerjisi almaq üçün bundan istifadə etmək niyyətindədir. Sual meydana gəlir. Uranın zənginləşdirilməsi pis şeydirsə, niyə Amerikada, İsraildə var? Uranın zənginləşdirilməsi yaxşı şeydirsə, niyə də İranda olmasın məntiqi var? Yəni, dediyim budur ki, ABŞ uranın zənginləşdirilməsini bəhanə edərək İrana təzyiqlər edir və hərbi əməliyyatlar başladır. ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişib və İran dövlətində öz strateji maraqlarını həyata keçirmək üçün istifadə etməkdir. Amerikan imperiyası üçün üç təhlükə mənbəyi var. Biri iqtisadi gücünə görə Çindir, digəri hərbi gücünə görə Rusiyadır, üçüncüsü isə maliyyə gücünə görə Avropanın pul vahidi olan avrodur".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.

Qeyd edək ki, son dövrlərdə İranın nüvə proqramı ətrafında formalaşan siyasi xəttdə nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Tehran əvvəlki mərhələlərdə müəyyən kompromis imkanlarını gündəmdə saxlayırdısa, hazırda daha sərt və prinsipial mövqe ortaya qoyur. Paralel olaraq, İranın Çinlə siyasi və iqtisadi əlaqələrinin genişlənməsi də diqqət çəkir və bir sıra analitiklər bu amilin Tehranın danışıqlardakı mövqeyinin daha da sərtləşməsinə təsir göstərdiyini bildirirlər.

Siyasi şərhçi qeyd edib ki, ABŞ açıq şəkildə bu imperiyaya təhlükə yaradan amilləri aradan qaldırmaq üçün mübarizə aparır.

"ABŞ-da kimin hakimiyyətində olmasından asılı olmayaraq, istəyirsə respublikaçılar hakimiyyətdə olsun, istəyirsə demokratlar hakimiyyətdə olsun. İmperiyaya təhlükə yaradan amilləri aradan qaldırmaq üçün fəaliyyət göstərir və taktiki gedişlərdə fərqli addımlar atıla bilər. İran niyə görə ABŞ-nin işğal olunmasını istəyir? İkinci, İranın 70-80% nefti, hamı nefti Çinə satılır. Çini iqtisadi cəhətdən zəiflətmək üçün enerji qaynaqlarını kəsmək lazımdır. Bu baxımdan İranı işğal etdikdən sonra Çinə neftin satılmasına məhdudiyyət qoyulacaq. İran Çinlə əməkdaşlıq edir, strateji tərəfdaşlığa malikdir və Çinin texnologiyalarından faydalanır. Çinlə müəyyən iqtisadi addımlar atmaqla digər iqtisadi münasibətlərini inkişaf etdirmək üçün Çinin gücündən istifadə edir. Eyni zamanda ABŞ İranı işğal etdikdən sonra Rusiyanın dünya siyasi xəritəsindən çıxarılması üçün bundan istifadə etmək niyyətindədir. Yəni Rusiyanın cənub cinahını bağlamaq, Şimal-Cənub dəhlizini işlək vəziyyətə gətirməmək üçün bundan istifadə edir. Çünki Rusiya İran körfəzindən oradan Hind okeanına çıxış əldə edir. Üçüncüsü isə ən başlıcası Türkiyədir. Türkiyə regional gücdən qlobal gücə çevrilir. Türk dövlətləri fonunda Turan İttifaqının yaranması ehtimalı da gündəmdədir və prosesin bu istiqamətdə inkişaf etdiyi qeyd olunur. Türkiyə yaxın 10 illikdə regional gücdən qlobal gücə çevrilərək böyük bir güc mərkəzinə çevriləcək. Bu da Amerikan imperiyası üçün gələcəkdə bir təhlükə mənbəyi ola bilər. Bunu Amerikanın ekspertləri də bu cür təhlil edir. İsrailin yaradılması və Yaxın Şərqdə formalaşan yeni geosiyasi düzən bir sıra tarixi, siyasi və beynəlxalq amillərin nəticəsi olub və sonrakı dövrdə ABŞ ilə strateji əməkdaşlıq inkişaf edib. Elə də İran işğal edildikdən sonra, ölkə türk dövlətlərinin coğrafi baxımdan mərkəzində yerləşir. Bir tərəfdən Türkiyə, bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Türkmənistanla sərhəddir. Yəni, türk dünyasının birliyinin qarşısını almaq üçün İran faktorundan istifadə etmək niyyətindədir. Bu baxımdan Amerika bu hərbi əməliyyatı başlatdı ki, İranda dövlət dəyişəcək. Amma Trampın bu proyekti fiaskoya uğradı. Çünki İranda aparılan hərbi əməliyyatlarda ABŞ hərbi üstünlük əldə etsə və İranın strateji hədəflərinə zərbə vursa da, dövlət və ictimai xadimlərin həlak olmasına baxmayaraq, siyasi baxımdan istənilən nəticəni əldə edə bilmədi. Ona görə ki, həm Amerika daxilində, həm də beynəlxalq ictimaiyyətdə Amerika təzyiq obyektinə çevrildi. Amerika rəhbəri Trampın sürətlə reytinqinin enməsi bunu sübut etdi ki, Amerika bu proseslərdə siyasi baxımdan məğlubiyyətə düçar oldu. Hətta NATO-nun parçalanması ehtimalı da gündəmə gəlir, Tramp bunu açıq şəkildə bəyan etməkdədir. Məsələ ondadır ki, Birləşmiş Ştatlar və İsrail hərbi güc baxımından İrandan üstündür və İranın hərbi imkanlarını zəiflətməyə çalışır. Bu baxımdan reallığı nəzərə alaraq dialoqu gündəmə gətirir və Amerikada öz şərtlərini elə bir formada irəli sürür ki, Tramp öz daxili auditoriyasında, Amerika ictimaiyyətində özünü qalib tərəf kimi göstərsin. İran isə siyasi üstünlük əldə etdiyinə görə, beynəlxalq hüquq müstəvisində dialoqu və danışıqları aparmaqda maraqlıdır. Bu da ondan irəli gəlir ki, beynəlxalq hüquq müstəvisində danışıqlar aparılırsa, İran bir mənalı şəkildə bu məsələdə hərtərəfli haqlı olduğunu gündəmə gətirir. Hazırda İran–Amerika qarşıdurmasında nə qalib tərəf var, nə də məğlub tərəf var. Sadəcə problem dalana dirənmiş, necə deyərlər, çıxılmaz vəziyyətə düşmüşdür. Amerika uzunmüddətli hərbi əməliyyat apara bilməz, çünki bunun üçün Konqresdən icazə alınmalı və qərar orada təsdiqlənməlidir. Bu kontekstdə aparılan əməliyyatın dəyərləndirilməsi Tramp üçün vacib məsələdir ki, həm daxili auditoriyanı, həm də beynəlxalq ictimaiyyəti öz xeyrinə istifadə etsin. İran da artıq prosesləri dərk edərək öz müttəfiqlərindən Çin və Rusiyadan həm hərbi, həm siyasi, həm də iqtisadi dəstək almaqdadır. Çünki Çin də yaxşı bilir ki, İran işğal olunarsa, Amerika tərəfindən nəzarətə götürülərsə, onda İranın xam neftinin Çinə satılmasına məhdudiyyət qoyulacaq. Bu isə Çinin iqtisadi gücünü zəiflətmək üçün enerji resurslarının kəsilməsi deməkdir. Bu baxımdan maraqlar üst-üstə düşür və Çinin, Rusiyanın regionda həm geosiyasi, həm də regional maraqları uyğun gəldiyinə görə İrana müxtəlif formalarda dəstək verilir. Çünki Birləşmiş Ştatların əsas rəqiblərindən biri Rusiyadır, digəri isə Çindir və Çin iqtisadi gücə görə Amerikan imperiyası üçün ciddi təhlükə yaradır. Çin də dünya iqtisadi sistemində balansı dəyişə biləcək gücdür. Tramp hakimiyyətə gəldikdən sonra Çin məhsullarına qarşı tarif siyasətini mərhələli şəkildə gündəmə gətirdi və 2018-ci ildən etibarən bunu genişləndirdi. Üstəlik, Avropa dövlətlərinə də bunu tətbiq etmək çağırışları etmişdi. Yəni Amerikanın hədəfində əsas istiqamətlərdən biri də Çindir. Buna görə Çinlə İranın əməkdaşlığı hər iki dövlətin milli və dövlət maraqlarına uyğun şəkildə inkişaf edir. Əslində Amerikanın İran üzərində apardığı əməliyyatların fiaskoya uğraması onun qlobal güc kimi təsir imkanlarının zəifləməsi kimi də qiymətləndirilir. Artıq ABŞ əvvəlki kimi dünyaya diktə edən təkqütblü güc mərkəzi mövqeyini qorumaqda çətinlik çəkir. Tramp bu mexanizmdən istifadə edərək ayrı-ayrı dövlətlərə təzyiq göstərməyə çalışırdı. Hətta Kanada ilə bağlı bəyanatlar, Qrenlandiya və Kuba ilə bağlı açıqlamalar da bu siyasətin tərkib hissəsi kimi qiymətləndirilir. Yəni İran əməliyyatının fiaskoya uğraması ABŞ-nin strateji məqsədlərinə tam nail ola bilmədiyini göstərir və bu da qlobal miqyasda yeni qütbləşmənin formalaşmasına gətirib çıxarır. Çin, Rusiya və İran müttəfiqliyinin getdikcə daha aktiv fazaya keçəcəyi və bu əməkdaşlığın inkişaf edəcəyi ehtimal olunur. Bu baxımdan İranla Çinin əməkdaşlığı təbii hesab edilməli və hər iki dövlətin milli maraqları çərçivəsində qiymətləndirilməlidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az