“Dolu yağması yaz mövsümü üçün normal atmosfer hadisəsidir” – Sadiq Həsənov

"Ümumilikdə, bu aylarda dolu yağması normal bir prosesdir. Yazqabağı dövr, havaların qismən istiləşməsi və tam sabitləşməməsi keçid mərhələsi olduğu üçün atmosferin yuxarı qatlarında həm soyuq, həm də nisbətən isti hava kütlələrinin qarşılaşması nəticəsində dolu hadisələri baş verir. Bu hal son günlər, xüsusilə dünən və srağagün həm Bakı şəhərində, həm də ölkənin müxtəlif regionlarında daha geniş şəkildə müşahidə olunub. Hesab edirəm ki, burada iqlimdə baş verən dəyişikliklərin də müəyyən təsiri var".

Bu fikirləri Aznews.az-a açıqlamasında ekoloq Sadiq Həsənov deyib.

Xatırladaq ki, dünən ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra bölgələrdə kəskin təbiət hadisələri ilə müşayiət olunub. Günün ikinci yarısından etibarən atmosferdə baş verən ani dəyişikliklər nəticəsində paytaxt və ətraf ərazilərdə güclü dolu yağıb. Qısa müddətdə intensiv xarakter alan bu yağıntı şəhər sakinləri üçün gözlənilməz olub, bəzi yerlərdə gündəlik hərəkətə də təsir göstərib. Sinoptiklər belə halların yaz mövsümü üçün xarakterik olduğunu bildirsələr də, müşahidə olunan dolunun intensivliyi diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.

Ekoloq qeyd edib ki, qlobal istiləşmə fonunda orta temperaturun artması buzlaqların əriməsi prosesini sürətləndirir və bu da atmosfer sirkulyasiyasına təsir göstərir.

"Nəticədə qışdan yaza, eləcə də yazdan yaya keçid dövrlərində hava şəraiti daha qeyri-sabit olur və bu cür hadisələr daha intensiv xarakter alır. Temperaturun kəskin dəyişməsi, yəni bir gün soyuq, növbəti gün isə isti havanın müşahidə olunması dolu, güclü yağış və digər ekstremal hava hadisələrinin başvermə ehtimalını artırır. Yəni burada həm təbii iqlim xüsusiyyətləri, həm də iqlim dəyişikliklərinin təsiri özünü göstərir. Ümumiyyətlə, aprel ayı üçün xarakterik hava şəraiti Arktika və Qrenlandiya bölgələrindən gələn soyuq hava kütlələri ilə daha isti hava axınlarının toqquşması nəticəsində formalaşır. Bu proses xüsusilə müxtəlif mənşəli soyuq və isti hava kütlələrinin o cümlədən Qara dəniz Aralıq dənizi regionundan gələn siklonların və şimal şərq istiqamətindən daxil olan soyuq kontinental hava axınlarının təsiri altında ölkə ərazisində qeyri sabit hava şəraitinə səbəb olur".

Rəfiqə Namazəliyeva,

AzNews.az