“O, hansı məqsədə xidmət etdiyini anlamır” - Azər Həsrət

"Vicdanlı yanılma ola bilər və bu, qəbul ediləndir — hər kəs yanıla bilər. Amma məqsədyönlü şəkildə yalan məlumat yaymaq və ya qeyri-etik davranış sərgiləmək bağışlanmazdır və mütləq cəzalandırılmalıdır. Təbii ki, bu cəzalar müxtəlif formalarda ola bilər. Hazırda müşahidə edirik ki, bəzən müvafiq qurumların qərarları əsasında televiziyaların yayımı müəyyən müddətə dayandırılır və s. Lakin bütün bunlar yetərli deyil. Ümumiyyətlə düşünürəm ki, Azərbaycan efiri qeyri-etik görsənişlərdən tamamilə təmizlənməlidir. Bunu etmək çətin deyil, sadəcə istək və iradə lazımdır. Əgər bu iradə varsa, proses rahat şəkildə həyata keçirilə bilər. İnformasiya təhlükəsizliyi baxımından bu məsələ son dərəcə ciddi şəkildə diqqətə alınmalıdır. Bəzən xalq arasında “bozbaş verilişlər” adlandırılan proqramlarda elə ciddi ideoloji yanlışlıqlara yol verilir ki, çoxları bunun fərqinə varmadan qəbul edir. Halbuki həmin fikirlər Azərbaycanın ideoloji təməllərini sarsıda biləcək məzmun daşıyır".

Bu fikirləri Aznews.az-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib.

Xatırladaq ki, auditoriyanın diqqətini cəlb etmək məqsədilə bəzi media nümayəndələri peşə etikası çərçivəsindən kənara çıxırlar. Xüsusilə şəxsi sosial şəbəkə hesablarında sərbəstlikdən sui-istifadə edən bəzi jurnalistlərin fəaliyyəti cəmiyyətdə anlaşılmazlıq və çaşqınlıq yaradır. Bu cür yanaşmalar ictimai narazılıq və haqlı etirazlarla qarşılanır. Problemin yalnız yalan və ya təhrif olunmuş informasiyanın yayılması ilə məhdudlaşmadığı da müşahidə olunur. Eyni zamanda mimika, jestlər, davranış forması və danışıq tərzinin uyğun seçilməməsi də ictimai qıcıq doğurur. Ən ciddi məqam isə cəmiyyətdə çaşqınlıq yaradan, faktiki olaraq yalanla eyni təsirə malik olan xəbərlərin yayılmasıdır.

O qeyd edib ki, bu fikirləri səsləndirən şəxs çox zaman nə etdiyinin fərqində olmur.

“O, hansı məqsədə xidmət etdiyini anlamır. Bu, hansısa xarici agenturanın tapşırığı deyil, sadəcə dayaz dünya görüşü, zəif bilik səviyyəsi və məlumatsızlıq nəticəsində bu fikirlər düşünülmədən efirə çıxarılır. Bu baxımdan burada ciddi təhlükəsizlik problemi mövcuddur. Yalan və ya təhrif olunmuş informasiyanın yayılması ilə yarımçıq həqiqət arasında həm hüquqi, həm də etik baxımdan fərq var. Bir tərəfdə vicdanlı yanılma dayanır. Yəni şəxs doğru olduğuna inanaraq, hətta yaxşı niyyətlə informasiyanı yayımlaya bilər. Burada səhlənkarlıq və ya aldadılma faktoru da ola bilər, bir neçə mənbəyə güvənərək yanlış məlumat efirə verilə bilər. Digər tərəfdə isə məqsədli şəkildə yalan və təhrif olunmuş informasiyanın yayılması dayanır ki, bu artıq dezinformasiyadır. İngilis dilində buna misinformation (qeyri-məqsədli yanlış informasiya) və disinformation (məqsədli yalan informasiya) deyilir. Dezinformasiyanın cəzası daha ağır olmalıdır. Vicdanlı yanılma zamanı isə şəxsə səhvini düzəltmək imkanı verilməlidir. Dezinformasiya ilə sistemli şəkildə məşğul olan şəxslər mütləq nəzarət altına alınmalı, onların efirə çıxışı və ümumiyyətlə media ilə əlaqəsi kəsilməlidir. İllər əvvəl bir təklif irəli sürmüşdüm və düşünürəm ki, gələcəkdə bu təklifə diqqət yetiriləcək. Təklifim ondan ibarət idi ki, cəmiyyəti qəsdən qarışıqlığa sürükləmək, əxlaqı pozmaq və insanları bir-birinə qarşı qoymaq məqsədi ilə davamlı şəkildə zərərli informasiya yayan şəxslərin media fəaliyyəti qadağan edilsin. Bunu sürücülük hüququ ilə müqayisə edirəm: ağır qəza törədən sürücünün müəyyən müddətə sürücülük hüququ məhdudlaşdırılır və ya tamamilə əlindən alınır. Bəzən isə ona yenidən imtahan verərək bu hüququ bərpa etmək imkanı yaradılır. Niyə bu yanaşmanı jurnalistikada və mediada tətbiq etməyək? Axı hakimlər, vəkillər, dövlət qulluqçuları da etikaya zidd davranış göstərdikdə öz sahələrindən uzaqlaşdırılırlar. Çünki sübut olunur ki, onlar həmin sahəyə layiq deyillər. Mediada da layiq olmayan kifayət qədər insan var. Ona görə də hesab edirəm ki, bu şəxslərin media fəaliyyəti qadağan edilməlidir”.

Rəfiqə Namazəliyeva,

AzNews.az