“Qlobal qiymət artımı tariflərə yenidən baxılmasını gündəmə gətirə bilər” – Akif Nəsirli

"Dünya bazarında neftin qiymətində baş verən dəyişikliklər bir çox ölkələrdə yanacaq qiymətlərinə birbaşa təsir göstərsə də, Azərbaycanda bu proses tamamilə bazar mexanizmi ilə formalaşmır. Ölkədə əsas yanacaq növlərinin pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir və tariflər müvafiq qurumun qərarı ilə müəyyən edilir. Bu səbəbdən dünya bazarında neftin bahalaşması və ya ucuzlaşması daxili yanacaq qiymətlərində dərhal və avtomatik şəkildə əks olunmur. Azərbaycan həm neft hasil edən, həm də neft məhsulları istehsal edən ölkə olduğu üçün daxili bazar əsasən yerli istehsal hesabına təmin edilir".

Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Xatırladaq ki, dünya bazarında neft qiymətlərində baş verən dalğalanmalar qlobal iqtisadiyyatın əsas müzakirə mövzularından biri olaraq qalmaqdadır. Enerji resurslarının dəyərindəki hər bir dəyişiklik təkcə neft ixrac edən ölkələrin gəlirlərinə deyil, eyni zamanda yanacaq bazarına, nəqliyyat xərclərinə və istehlak məhsullarının qiymətlərinə də ciddi təsir göstərir. Bir çox ölkələrdə neftin bahalaşması və ya ucuzlaşması daxili yanacaq qiymətlərində dərhal öz əksini tapsa da, Azərbaycanda mövcud olan dövlət tərəfindən tənzimlənən qiymət mexanizmi bu təsirin necə və hansı səviyyədə hiss olunması məsələsini gündəmə gətirir.

O qeyd edib ki, bu da qlobal qiymət dalğalanmalarının təsirini nisbətən yumşaldır.

"Əgər dünya bazarında qiymətlər uzun müddət yüksək səviyyədə qalarsa, bu zaman istehsal və idxal xərcləri arta bilər və nəticədə tariflərə yenidən baxılması gündəmə gələ bilər. Eyni zamanda, qiymətlərin kəskin ucuzlaşması da avtomatik olaraq daxili tariflərin aşağı salınması demək deyil, çünki dövlət büdcə gəlirləri, subsidiya siyasəti və sosial amillər nəzərə alınır. Beləliklə, dünya bazarındakı dəyişikliklər Azərbaycanda yanacaq qiymətlərinə dolayı təsir göstərir və qərarlar əsasən iqtisadi sabitlik, sosial balans və büdcə maraqları çərçivəsində qəbul olunur".

Rəfiqə Namazəliyeva,

AzNews.az