“Müasir kataklizmlər üçün yeni yanaşmalar vacibdir” - Hüseyn İbrahimov

"Dünya hazırda yalnız müharibələrlə deyil, eyni zamanda bir çox siyasətçi və ekspertlərin də vurğuladığı kimi, ciddi iqtisadi böhran təhlükəsi ilə üz-üzədir. Qlobal miqyasda baş verən proseslərə nəzər saldıqda görürük ki, bir çox hallarda bu münaqişələrin məqsədi, məramı və hətta hansı vasitələrlə aradan qaldırılacağı belə aydın deyil. Daha da diqqətçəkən məqam odur ki, bu müharibələri başladan tərəflər, böyük güclər belə, bəzi hallarda bu problemləri ya həll edə bilmir, ya da etmək istəmir. Müasir dövrdə həm klassik hərbi toqquşmalar, həm də informasiya müharibəsi paralel şəkildə davam edir. Döyüş meydanlarında baş verən qarşıdurmalarla yanaşı, virtual mühitdə idarə olunan dron hücumları və rəqəmsal təsir vasitələri də geniş yayılıb. Bütün bunlar insanların gündəlik həyatına, sosial davranışlarına və gələcəyə baxışlarına ciddi təsir göstərir. Sosial mediada davamlı olaraq yayılan müharibə görüntüləri, bitməyən diplomatik proseslər və qeyri-müəyyənlik hissi cəmiyyət üzərində psixoloji təzyiq yaradır".

Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.

Qeyd edək ki, dünya hazırda həm müharibələr, həm iqtisadi böhranlar, həm də sürətli texnoloji dəyişikliklərlə qarşı-qarşıyadır. Bu proseslər insanların gündəlik həyatına, sosial davranışlarına və gələcəyə baxışına ciddi təsir göstərir. Sosial media və informasiya yayımı cəmiyyətin davranışını dəyişdirir, iqtisadi böhranlar və gender məsələləri isə fərqli sosial təbəqələrə müxtəlif təsirlər göstərir.

Sosioloq qeyd edib ki, informasiya mənbələrinin çoxluğu və asan əlçatanlığı bu təsiri daha da gücləndirir.

"Sürətli və fasiləsiz informasiya axını insanların psixologiyasına, davranış modellərinə, həyat məqsədlərinə və ümumilikdə formalaşmasına mənfi təsir göstərir. Məlumdur ki, cəmiyyətlərdə “sosiallaşma” prosesi həm elmi, həm də sosial-siyasi baxımdan mühüm əhəmiyyət daşıyır və dövlətlər bu prosesin sağlam şəkildə getməsi üçün müəyyən siyasətlər həyata keçirirlər. Lakin uzunmüddətli münaqişələr və gərginliklər bu sosiallaşma prosesinin mahiyyətini dəyişir, onun gələcək perspektivlərinə təsir edir. Artıq insanların sosial statuslarında və rollarında dəyişikliklər müşahidə olunur. Vaxtilə sosial rol nəzəriyyələrini formalaşdıran klassik yanaşmalar müəyyən mənada yenidən aktuallaşır. Eyni zamanda, yeni reallıqlar fonunda insan davranışını izah edə biləcək daha müasir nəzəriyyələrə ehtiyac yaranır. Bu gün əsas sual ondan ibarətdir ki, hansı yeni davranış nəzəriyyələri formalaşmalıdır ki, insanları daha aydın və proqnozlaşdırıla bilən gələcəyə yönəldə bilsin. Aydındır ki, dünya cəmiyyətlərinin bu cür nəzəri yanaşmalara ciddi ehtiyacı var. Lakin təəssüf ki, sosial və humanitar elmlər bu sürətli dəyişikliklərlə ayaqlaşmaqda çətinlik çəkir. Əvvəllər sosial və davranış nəzəriyyələri cəmiyyətin inkişafını qabaqlayır, baş verən dəyişiklikləri izah edir və müəyyən mənada istiqamətləndirirdi. Bu nəzəriyyələr münaqişələrin tənzimlənməsində və sosial sabitliyin qorunmasında konseptual çərçivə rolunu oynayırdı. Bu gün isə vəziyyət fərqlidir: sosial və münaqişə nəzəriyyələri, eləcə də sülh konsepsiyaları sürətlə dəyişən dünya fonunda kölgədə qalır. Hazırda dəqiq elmlər və texnoloji inkişaf dövlət siyasətinə daha çox təsir göstərir və qərarvermə prosesində aparıcı rol oynayır. Sosial və humanitar elmlər isə bu proseslərdən geri qalır. Nəticədə, müharibələr, sosial davranışlar, fərdin cəmiyyətdəki rolu və gələcək sosiallaşma perspektivləri ilə bağlı fundamental suallar açıq qalır. Bu baxımdan, ictimai elmlərin qarşısında ciddi vəzifələr dayanır. Onlar sürətlə dəyişən dünya nizamının konseptual əsaslarını müəyyənləşdirməli, qlobal proseslərin cəmiyyətlər üçün yarada biləcəyi riskləri aydın şəkildə ortaya qoymalıdır. Eyni zamanda, beynəlxalq platformalarda alimlər bu məsələləri daha sistemli və əsaslandırılmış şəkildə təqdim etməli, dünya liderlərini mümkün mənfi tendensiyalar barədə məlumatlandırmalıdırlar. Bu istiqamətdə ardıcıl və keyfiyyətli elmi fəaliyyətin aparılması artıq zərurətə çevrilib".

Rəfiqə Namazəliyeva,

AzNews.az