- Müşahidə məntəqəsi
- 16:56
- 2 340
“Süni intellekt müəllimin rolunu zəiflətmir, əksinə gücləndirir” – Günay Əkbərova
"Süni intellekt və rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası müəllimin rolunu zəiflətmək yox, əksinə daha da gücləndirmək istiqamətində inkişaf edir. Öz təcrübəmdə də görürəm ki, bu alətlər müəllimə həm vaxt qazandırır, həm də tədrisi daha məqsədyönlü qurmağa imkan verir. Məsələn, dərs planlarının hazırlanması, fərdi yanaşmaya uyğun materialların seçilməsi, şagird nailiyyətlərinin analiz edilməsi kimi proseslər daha sistemli və çevik şəkildə həyata keçirilir. Bu isə müəllimə daha çox diqqəti birbaşa şagirdlə ünsiyyətə, motivasiyaya və öyrənmə mühitinin keyfiyyətinə yönəltməyə şərait yaradır.
Dünya təcrübəsinə baxdıqda da aydın görünür ki, inkişaf etmiş təhsil sistemlərində müəllim artıq sadəcə məlumat ötürən deyil, öyrənmə prosesini idarə edən, istiqamətləndirən və fərdiləşdirən bir mütəxəssis kimi çıxış edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
Xatırladaq ki, süni intellekt (AI) və rəqəmsal texnologiyalar dünya təhsil sistemində əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycanda da məktəb və ali təhsil müəssisələrində AI alətlərinin tətbiqi, distant öyrənmə platformaları və interaktiv texnologiyalar getdikcə genişlənir. Bu, həm tədris prosesini daha səmərəli edir, həm də şagird və tələbələrin öyrənmə bacarıqlarını inkişaf etdirmək üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu yeniliklər bir sıra çağırışları – etik, pedaqoji və kibertəhlükəsizlik məsələlərini də gündəmə gətirir.
G. Əkbərova qeyd edib ki, süni intellekt burada müəllimi əvəz etmir, əksinə, onun imkanlarını genişləndirir.
"Xüsusilə inklüziv təhsil mühitində, fərqli səviyyəli və ehtiyaclı şagirdlərlə işləyərkən bu texnologiyalar çox ciddi dəstək rolunu oynayır. Eyni zamanda, bu proses müəyyən çağırışları da özü ilə gətirir. Şagirdlərin hazır cavablara meyillənməsi, akademik dürüstlük məsələləri və informasiya təhlükəsizliyi kimi mövzular müəllimin nəzarət və yönləndirmə rolunu daha da vacib edir. Bu baxımdan əsas məsələ texnologiyanı məhdudlaşdırmaq deyil, ondan düzgün və məqsədyönlü istifadə mədəniyyətini formalaşdırmaqdır.
Gələcək perspektivdə süni intellektin təhsildə daha çox fərdiləşdirilmiş öyrənmə modellərinin qurulmasında, davamlı və proses əsaslı qiymətləndirmə sistemlərinin inkişafında, eləcə də dil və kommunikasiya bacarıqlarının formalaşdırılmasında geniş tətbiq olunacağını düşünürəm. Bu dəyişikliklər fonunda müəllimin rolu yenə də mərkəzdə qalacaq, lakin daha çox bələdçi, mentor və öyrənmə dizayneri kimi formalaşacaq. Ümumilikdə, süni intellekt təhsildə yeni imkanlar açır, amma bu imkanların effektiv nəticə verməsi yenə də müəllimin peşəkarlığından və düzgün yönləndirməsindən asılıdır".
Rəfiqə Namazəliyeva,
AzNews.az