Qənirə Paşayeva tailandlı rəsmilərlə görüşdü - FOTO

Millət vəkili Tailandın hökumət və parlament üzvlərinə Azərbaycanla bağlı geniş məlumat verib

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Tailandın hökumət üzvləri - Tailandın Sosial inkişaf və insan təhlükəsizliyi üzrə naziri Anantaporn Kanjanarat, Tailandın Sosial inkişaf və insan təhlükəsizliyi üzrə daimi katibi Dr. Porametee Vimolsiri, Tailandın sabiq Turizm və idman naziri xanım Kobkarn Vattanavrangkul, Tailandın Kiçik və orta sahibkarlığın inkişaf bankının prezidenti Mongkon Leelatham və parlament üzvləri ilə görüşüb.

AzNews.az xəbər verir ki, Tailandın hökumət və parlament üzvləri ilə görüş zaman Azərbaycanın tarixi, mədəniyyəti, dövlət başçımız İ.Əliyevin rəhbərliyi altında bütün istiqamətlərdə görülən işlər, əldə edilən uğurlar, ölkəmizin iqtisadi və turizm potensialı ilə bağlı geniş məlumatlar verən Qənirə Paşayeva Azərbaycanla Tailand arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial olduğunu və Azərbaycanın ölkələrimiz arasında münasibətlərin inkişafında maraqlı olduğunu deyib.

Görüş zamanı Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət, təhsil, sosial və qadınların cəmiyyətdə rolunun artırılması sahəsində həyata keçirdiyi böyük və önəmli layihərlər barədə geniş məlumat verən millət vəkili Q. Paşayeva YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri kimi onun beynəlxalq aləmdə mədəniyyətlər arası dialoqla bağlı gördüyü önəmli işləri də xüsusi vurğulayıb və Tailandın hökumət və parlament üzvlərini Azərbaycana dəvət edib.

Tailandın hökumət üzvləri - Tailandın Sosial inkişaf və insan təhlükəsizliyi üzrə naziri Anantaporn Kanjanarat, Tailandın Sosial inkişaf və insan təhlükəsizliyi üzrə daimi katibi Dr. Porametee Vimolsiri, Tailandın sabiq Turizm və idman naziri xanım Kobkarn Vattanavrangkul, Tailandın Kiçik və orta sahibkarlığın inkişaf bankının prezidenti Mongkon Leelatham və parlament üzvləri Azərbaycana dəvəti məmnuniyyətlə qəbul ediblər.

Millət vəkili bildirib ki, ortaq layihələrlə yanaşı Azərbaycanı Tailandda, Tailandı isə Azərbaycanda daha geniş tanıdan layihələrə böyük ehtiyac var və görüş zamanı bu istiqamətlərdə konkret müzakirələr aparılıb.

Q. Paşayeva görüşlər zamanı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün, Xocalı Soyqırımı ilə bağlı da geniş məlumatlar verib.

O bildirib ki, Azərbaycan xalqı Tailandın bu məsələlərdə Azərbaycana daha çox dəstək verəcəyini gözləyir. Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığın daha da genişlənməsində maraqlı olduqlarını deyən Tailandın hökumət və parlament üzvləri Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafı üçün səyləri artıracaqlarını deyiblər.

Millət vəkili Tailandın hökumət və parlament üzvlərinə Azərbaycan Milli Məclisində fəaliyyət göstərən Azərbaycan-Tailand Parlamentlərarası Dostluq Qrupu barədə də məlumatlar verib. Q.Paşayeva Tailandın ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri və Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının sabiq prezidenti Dr. Chonchanok Viravan ilə də görüşüb və onlara Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, Azərbaycan-Tailand münasibətləri ilə yanaşı Ermənistanın işğalçılıq siyasəti və Xocalı Soyqırımı ilə də bağlı geniş məlumatlar verib və onları ölkəmizə dəvət edib.

Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiklərini, Azərbaycanı böyük məmnuniyyətlə yaxından tanımaq və əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını deyən Tailand ictimai xadim qadınları, tanınmış təşkilat və QHT rəhbərləri və Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının sabiq prezidenti Dr. Chonchanok Viravan Azərbaycana gəlməkdən böyük məmnuniyyət duyacaqlarını deyiblər və Azərbaycanla əməkdaşlığın inkişafı üçün səylərin artıracaqlarını deyiblər.

Görüşün sonunda Qənirə Paşayeva onlara Azərbaycan mədəniyyəti, tarixi ilə bağlı hədiyyələr təqdim edib. Tailandda beynəlxalq qadın tədbiri çərçivəsində keçirilən görüşlərin bəzilərində Azərbaycandan bir qrup fəal qadınlar - Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri üzrə fəlsəfə doktoru Məlahət Qəhrəmanova, iş qadınları Pərvanə Mustafayeva, Aynur Ağasiyeva, Ramilə Şirinova fikir mübadilələrində fəal iştirak ediblər.

AzNews.az

image description image description image description image description image description