O, məndən nə az, nə çox düz on yaş böyükdür. O, məndən nə az, nə çox düz on yaş böyükdür.

Ən çox sevdiyim müəllim

O, məndən nə az, nə çox düz on yaş böyükdür.

İkinci kursda “Orta əsrlər tarixi”, üçüncü kursda isə “Toponimika” fənlərindən bizə dərs deyib. Gözəl savad, natiqlik məharəti, tələbəyə olan insani münasibət ilk günlərdən diqqətimi cəlb etmişdi. İkinci kursa qədər və ondan sonrakı dövrlərdə çox gözəl, savadı və insani keyfiyyətləri ilə hər zaman qəlbimdə yaşayacaq müəllimlərim çox olub. Onların mənə verdiyi bilik və ağıllı məsləhətlər heç vaxt yaddaşımdan silinməyəcək. Amma elələri də olub ki, illər öncə yazılmış köhnə, saralmış vərəqlərdən bizə mühazirə oxuyurdular. Ona görə də həmin mühazirələrdən götürdüyüm qeydləri kənara qoyub, kitabxanalarda olan əlavə ədəbiyyatları oxuyurdum. Yaxşı ki, rus dilini bilirdim. Rusca oxuduqlarımı Azərbaycan dilinə tərcümə edirdim. Yadımdadır, bir müəllimimiz vardı. Mühazirələri çox aşağı səviyyədə olurdu və orta məktəb dərsliklərindən kənara çıxmırdı. O, bizə oxumaq üçün çoxlu ədəbiyyat siyahısı yazdırırdı. Mən həmişə auditoriyada birinci sırada, tribunanın qarşısında otururdum. Ona görə də o görürdü ki, tapşırdığı bütün ədəbiyyatlar məndə var. Bir dəfə o, məndən sakit səslə soruşdu ki, mən danışanlar orada var? Qeyri-ixtiyari dedim ki, “var”. Həmin fəndən imtahan verməli idik. İmtahan zamanı o, assistentinə dedi ki, mən bu tələbədən imtahan götürməyəcəyəm. Yeganə tələbədir ki, bu gün ədəbiyyatı tapşırırdım, sabah görürdüm portfelindədir. Ona görə də ona birbaşa “əla” yaz. Elə də oldu. Ancaq açığını deyim ki, bu “əla”nı cavab vermədən aldığım üçün heç sevinmədim də.

İkinci kursda oxuyan vaxt sentyabrın əvvəllərində dərs cədvəlində ikinci qoşa saat “Orta əsrlər tarixi” idi. Düzü bilmirdik ki, həmin fənni kim tədris edəcək. Bütün tələbələr auditoriyaya daxil olacaq yeni müəllimi səbirsizliklə gözləyirdilər. Birdən auditoriyanın qapısı açıldı və bizə başqa fənlərdən dərs deyən müəllimlərlə müqayisədə gənc, həm də çox səliqəli geyinmiş bir müəllim içəri daxil oldu. İlk dəfə gördüm ki, müəllim tribunadan və saralmış vərəqlərdən istifadə etmir. Bu “mənim həmişə savadına, biliyinə, nitqinə, insanpərvərliyinə, humanist keyfiyyətlərinə qibtə etdiyim Yaqub Mahmudov idi. Onun mühazirələri o qədər maraqlı, axıcı olurdu ki, sanki iki 45 dəqiqəlik dərs bizə 15-20 dəqiqə kimi gəlirdi. Bir sözlə, o, bizim hamımızın sevimlisinə çevrilmişdi. Onun mühazirələrindən yazdığım qeydləri hələ də saxlayıram. Biz ikinci kursda oxuyan zaman Yaqub müəllimin Ağqoyunlu Venesiya münasibətlərindən bəhs edən “Öyrənilməmiş səhifələr”(Bakı-1972) adlı kitabı çapdan çıxmışdı. Tələbələrimizin əksəriyyəti həmin kitabı aldı və özünün stolüstü kitabına çevirdi.

Beləcə, illər keçdi. Mən ali məktəbi qurtardım. Təyinatla Şəki şəhərinə müəllim göndərildim və bununla da sevimli müəllimimlə əlaqələrim kəsildi. Amma sonralar Bakı şəhərinə olimpiadalara şagird aparanda görüşə bildim və onu görməyimə çox sevindim.

Açığını deyim ki, mən Yaqub müəllimin Şəkinin Baş Göynük kəndində dünyaya göz açdığını, atası Mikayıl kişinin 1918, 1930-cu illərdə xalqımızın düşmənlərinə qarşı beşaçılanla mübarizə apardığını və buna görə də təqib olunduğundan tez-tez yaşayış yerini dəyişdiyini çox sonralar öyrəndim. Onun özünün danışdıqlarından, yazdığı yazılardan bu böyük alimin hələ körpə yaşlarından nə qədər çətin, məşəqqətli bir həyat sürdüyünü bildim. Onu da öyrəndim ki, bu çətinliklər onda daha mübariz keyfiyyətlər formalaşdırmışdır.

Hələ ali məktəbdə oxuyarkən eşitmişdim ki, Yaqub müəllim aspirantura dövründə “XV əsrin II yarısında Ağqoyunlu dövlətinin Venesiya Respublikası ilə diplomatik əlaqələri” mövzusunda dissertasiya yazmışdı. Gərgin axtarışlar hesabına başa gələn bu elmi əsər Tarix fakültəsinin Müdafiə Şurasında (Kiçik Şurada) bəyənilir və bu əsərə görə gənc alimə birbaşa tarix elmləri doktoru elmi dərəcəsi vermək qərara alınır. Lakin bu qərar bəzi paxıl, qara, yeniliyi sevməyən qüvvələrin səyi ilə Universitetin Böyük Elmi Şurasından keçmədi. Hətta ona qarşı təqiblər dövrü başlandı. Bu təqiblər onu sarsıtmadı, əksinə, gənc alimi daha da mətinləşdirdi. Onun hələ 1966-cı ildə söylədiklərini Moskva alimləri 1989-cu ildə həqiqət olduğunu təsdiq etdilər və beləliklə, Yaqub müəllimə tarix elmləri doktoru adı verildi. Mən bu xəbəri eşidəndə onun keçmiş tələbəsi kimi çox sevindim.

Yaqub Mahmudov bir neçə dəfə bizim Şəki şəhərindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilib. O, tez-tez Şəkiyə gəlir, seçicilərlə görüşlər keçirir, onların problemlərini həll etməyə çalışır. Məhz onun təşəbbüsü ilə Şəkini Qax rayonu ilə birləşdirən ən uzun körpü salınıb ki, bu da iki rayon ərazisindəki məsafəni dəfələrlə qısaldıb. Yenə də onun təşəbbüsü ilə Şəkidə Yay teatrı tikilib. Geniş, hərtərəfli fəaliyyətinə görə şəkililər onu çox sevir. Şəxsən mən onu gümrah görəndə sevincim yerə-göyə sığmır. Axı o, bizim Azərbaycan tarix elminin başında durur. Saysız-hesabsız araşdırmaları ilə düşmənlərimizə qarşı mübarizə aparır. Bir də ona görə sevinirəm ki, o, nə qədər böyük tarixçi ordusu yetişdirib. Onların hər biri ilə fəxr etməyə dəyər. Çünki Yaqub müəllimin rəhbərliyi ilə onlar Azərbaycanın həqiqi tarixini yaradıblar. Yaqub müəllim bu gün də Azərbaycanın düşmənlərinə qarşı mübarizədə yenilməzdir. Əgər atası Mikayıl kişi düşmən qüvvələrə qarşı öz beşaçılan ilə mübarizə aparıbsa, Yaqub müəllim ondan da kəsərli silahı olan qələmi ilə mübarizə aparır. Bu mübarizədə Sizə uğurlar arzulayıram, Yaqub müəllim! Allah Sizi bizim tarix elmimizə çox görməsin. Həmişə tarix elmimizin başında durasınız. Sizə çətin, lakin şərəfli işinizdə yeni-yeni qələbələr diləməklə bərabər, ən başlıcası cansağlığı, uzun və xoşbəxt ömür arzulayıram. 80 yaşınız mübarək, əziz müəllimim.

Əməkdar müəllim Bəşarət Yusifov

Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin tarix müəllimi

AzNews.az