Əbülfəs Qarayev Üzeyir Hacıbəylinin məzarını ziyarət etdi

Nazir mərasim iştirakçılarını Milli Musiqi Günü münasibətilə təbrik edib

Milli Musiqi Günü ilə əlaqədar Mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər Fəxri xiyabanda dahi bəstəkar Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

Ə.Qarayev mərasim iştirakçılarını salamlayıb və onları Milli Musiqi Günü münasibətilə təbrik edib.

Nazirin sözlərinə görə, Milli Musiqi Günü təkcə paytaxtda deyil, bölgələrdə də qeyd ediləcək və ir sıra tədbirlər keçiriləcək: "Artıq 11 ildir ölkəmizdə musiqi festivalı keçirilir. Bu festival çərçivəsində Soltan Hacıbəyovun yaradıcılığına həsr olunmuş gecə də təşkil olunacaq. Bu əziz məkanda duraraq prezidentimizə mədəniyyətə göstərdiyi qayğıya görə təşəkkür edirəm. Allahdan dahi bəstəkarımıza rəhmət diləyirəm''.

Daha sonra Azərbaycan Respublikası Dövlət xor kapellası ''Leyli və Məcnun'' operasını səsləndirib.

Mərasim iştirakçıları mədəniyyətimizin böyük himayədarı, ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq, məzarları üzərinə tər çiçək dəstələri düzüblər.

Milli musiqi günündə həmçinin Müslüm Maqomayev, Rəşid Behbudov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tofiq Quliyev və Bülbül kimi görkəmli sənətkarların məzarları ziyarət olunub.

image description image description