Taleh Şahsuvarlı: “Əminəm ki, məhkəmə onun açıq siyasi avantürasına dəstək olan bir qərar çıxarmayacaq” Taleh Şahsuvarlı: “Əminəm ki, məhkəmə onun açıq siyasi avantürasına dəstək olan bir qərar çıxarmayacaq”

Nazim Bəydəmirli hakimi aldatmağa cəhd etdi, rüsvay oldu

Taleh Şahsuvarlı: “Əminəm ki, məhkəmə onun açıq siyasi avantürasına dəstək olan bir qərar çıxarmayacaq”

Bu gün Bakı şəhəri, Yasamal rayon məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə hakim Yeni Azərbaycan Partiyasının sıralarından qovulmuş Nazim Bəydəmirlinin AzNews.az analitik-informasiya portalına qarşı təqdim etdiyi iddia ərizəsinə baxılıb. İclasda AzNews.az saytının Baş redaktoru Taleh Şahsuvarlı iştirak edib və bildirib ki, AzNews Media Qrupu növbəti prosesdə tanınmış və savadlı vəkil Zaman Səmədov təmsil edəcək. İclasda Taleh Şahsuvarlı çıxış edib. O, çıxışında deyib ki, “KİV haqqında” Azərbaycan Respublikasının qanununun 62-ci maddəsinə əsasən, AzNews.az saytı Ukraynada rəsmən qeydiyyatdan keçmiş bir ictimai birliyin mətbuat xidmətindən daxil olmuş materiala görə, ümumiyyətlə, məhkəmədə cavabdeh tərəf ola, öz tərəfindən təkzib verə bilməz. Baş redaktorun çıxışını təqdim edirik:

Möhtərəm hakim!

Azərbaycan Respublikasının vətəndaşı, 2016-ci ilədək “Məmmədov” soyadı daşımış Bəydəmirli Nazim Hüseyn oğlu Baş redaktoru olduğum AzNews.az analitik-informasiya portalına qarşı Yasamal rayon məhkəməsinə iddia ərizəsi təqdim edib. Bununla bağlı nəzərinizə çatdırmaq istəyirəm ki, AzNews.az saytı ölkənin mötəbər informasiya resurslarından biri olmaqla Azərbaycan prezidenti İlham Əliyevin siyasi kursunu müdafiə edir və portalımızın ölkəmizə qarşı açılan informasiya savaşında milli maraqlarımızı prinspial şəkildə qoruması ölkə daxilində və xaricində bir çoxlarını- mühacir söyüşçülər dəstəsini, AXCP sədri Əli Kərimlini, Milli Şuranın rəhbərliyində təmsil olunan Cəmil Həsənli və Gültəkin Hacıbəyli kimilərini, o cümlədən satqın diplomat Arif Məmmədovu, keçmiş vəkil Aslan İsmayılovu, “hüquq müdafiəçisi” adı altında ictimai çaşqınlıq yaratmaq üçün dəridən-qabıqdan çıxan Xədicə İsmayılı və digərlərini narahat edir, təşvişə salır. Portalımıza qarşı iddia ərizəsi təqdim etmiş Nazim Bəydəmirli də bu cür “narahat” şəxslərdən biridir və ictimai rəydə “Xədicənin mənəvi qardaşı” kimi tanınır. Onun iddia ərizəsində özünü hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi təqdim etməsi tamamilə yalandır, məhkəməyə bilərəkdən və utanmadan yanlış məlumat vermək səciyyəsi daşıyır. Belə ki, Nazim Bəydəmirli hələ “Məmmədov” soyadı daşıdığı bir zamanda- 2010-cu ildə YAP sıralarından partiyanın nizamnamə tələblərini, etik prinsiplərini kobud şəkildə pozduğuna, siyasi kursuna zidd mövqe tutduğuna görə xaric edilmişdir.

Ən azı təmsil olunduğu hər hansı partiyadan qovulmadığına görə, AzNews.az portalında müsahibəsi yayımlanmış Daşqın Gülməmmədov bizim nəzərimizdə daha hörmətli və mötəbər şəxsdir. O, Azərbaycan diasporasının fəal nümayəndələrindən biridir, Ukraynada rəsmən qeydiyyatdan keçmiş bir ictimai təşkilatın rəhbəridir. Qarapapaq Türklərinin Milli Şurasının sədri olaraq Daşqın Gülməmmədov kifayət qədər məlumatlı şəxsdir və onun açıqlamaları hər zaman ictimai maraq doğurur. Gülməmmədovun AzNews.az xəbər portalında yayımlanmış və hazırda məhkəmə predmeti olan müsahibəsində səsləndirdiyi fakt və rəylər barədə o özü Azərbaycan hüquq-mühafizə orqanlarına rəsmən müraciət etmişdir. Nazim Bəydəmirli, görünür, həm də bundan çəkinərək, həmin müsahibədə haqqında deyilmiş faktları saytımızda təkzib edilməsinə nail olmaqla müraciətin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına mane olmağa çalışır.

Möhtərəm hakim!

AzNews.az analitik-informasiya portalı öz fəaliyyətini Azərbaycan Respublikasının qanunları, beynəlxalq hüquq normaları, jurnalistlərin peşə etikası əsasında qurur. Odur ki, müsahibə janrının tələblərinə uyğun olaraq material yayımlanmamışdan öncə müsahibədə adı çəkilən şəxslərin rəyini öyrənməyə borclu deyil, müsahibədə yer alan rəy, iddia və faktların səhihliyinə görə isə redaksiya deyil, müsahib məsuliyyət daşıyır. Bu, bütün dünyada ümumi qayda olduğundan həmin müsahibənin yayımlanması ilə saytımız hər hansı hüquq və peşə etikası pozuntusuna yol verməmişdir. Ümumi götürəndə, məsələ sadədir: bir müsahibədə səslənən iddialar ya səhihdir, ya səhih deyil. Səhih olduğu halda, problem yoxdur. Olmadığı hallar barədə isə “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikasının qanununun 62-ci maddəsində deyilir:

Maddə 62. Məsuliyyətdən azad edilmə halları

Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat;

1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;

3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;

4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;

5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

Nəzərinizə çatdırmasq istəyirik ki, məhkəmə predmeti olan müsahibə redaksiyamıza Ukraynada rəsmən qeydiyyatdan keçmiş Qarapapaq Türklərinin Milli Şurasının mətbuat xidmətindən daxil olub. Mətbuat xidmətinin əmakdaşlarının öz təşkilatlarının rəhbər şəxsləri ilə müsahibə hazırlayaraq KİV-ə təqdim etməsi geniş yayılmış praktikadır. Odur ki, Qarapapaq Türklərinin Milli Şurasının mətbuat xidmətindən daxil olan bir müsahibədə səslənən rəy, iddia və faktlara görə, AzNews.az portalı, ümumiyyətlə, cavabdeh tərəf ola, öz tərəfindən təkzib yaya, üzr istəyə və “mənəvi zərərə görə” təzminat ödəyə bilməz.

Odur ki, bu iddia ərizəsini siyasi avantüra hesab edirik və əminik ki, öz fəaliyyətində yalnızca qanunları əsas götürən məhkəmə orqanlarımız bu cür açıq siyasi avantüraya dəstək olan qərarlar çıxarmayacaqdır. Əgər Nazim Bəydəmirlinin sözügedən müsahibədə səslənən hər hansı fakt, iddia və rəyə etirazı varsa, onun qeyri-səhih olmasını iddia edirsə, bununla bağlı cavabdeh qismində Daşqın Gülmməmədov haqqında məhkəməyə iddia təqdim etməlidir.

AzNews.az