Deputatlığa namizədin bu MESAJını dönə-dönə oxuyacaqsınız

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən MM üzvlüyünə namizəd Taleh Şahsuvarov: "Bu hədəfə nə 80 yaşlı sovetdənqalma akademiklərlə qovuşmaq mümkündür, nə də ali təhsili belə olmayan süni ictimai fuqurlarla"

23 SAYLI NƏSİMİ-SƏBAİL SEÇKİ DAİRƏSİNİN SEÇİCİLƏRİNƏ SƏSLƏNİŞİMDİR

Aydınlıq - işıqdır, enerjidir. Aydınlıq bir fəlsəfədir. Aydınlıq bir çağdır.

XXI yüzilin ikinci onilliyini xırdalayırıq. Öz keçmişimizi, bu günümüzü, gələcəyimizi daha bir dəfə düşünəndə nə qədər AYDINLIQ İÇİNDƏ oluruq?!

Azərbaycan tarixən renessans dövrünü yaşamayıb, elmi ədəbiyyatda modernləşmə adlandırılan sənaye sıçrayışını etməyib, informasiya çağına adaptasiya olunmayıb. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi dünyagörüşünə, ləyaqətinə, siyasi liderlik keyfiyyətlərinə bağlı olaraq sabitlik dövründə bu üç nəhəng tarixi prosesi birlikdə və qısa müddət ərzində keçmək fürsəti əldə etmişik. Dövlət başçımızın əsas konsepsiyası Azərbaycanda İNSAN KAPİTALInı inkişaf etdirməkdir. Bu, son dərəcə möhtəşəm tarixi hədəfdir.
Zira, bu hədəfə nə 80 yaşlı sovetdənqalma akademiklərlə qovuşmaq mümkündür, nə də ali təhsili belə olmayan süni ictimai fuqurlarla. Bütün ümidləri dövlət siyasətinə bağlamaq da yanlışdır. Cəmiyyət özü də aydınlanmağa, istehsal etməyə, yeni keyfiyyət qazanmağa meyilli olmalıdır.

Özü-özünə aydın olmayan insan cəmiyyətə də işıq saça bilməz. Əgər cəmiyyətdə qaranlıq bir tərəf varsa, onu, sadəcə, tənqid etməklə iş aşmır, hər kəs bir çıraq yandırsa, yetər.

Azadlıq, əslində, məqsəd deyil, vasitədir. Azadlıq- nə dövlət, nə də başqaları tərəfindən genişləndirilən sahədir. Bu sahəni hər kəs özü genişləndirməlidir. Azadlıq sahəsini və şəraitini ancaq planları olan insanlar genişləndirə bilər. İnqilablar fərdi planlara qarşıdır, ona görə də heç vaxt tarixi nailiyyətə çevirilmir.
İslahatlar plan qurmağı bacaran, gələcəyə inamla addımlamaq istəyən insanlar, cəmiyyətlər üçün gerçəkdən böyük şansdır. Xalqlar və cəmiyyətlər nəyə qadir olduqlarını sosial təkamül prosesində ortaya qoyurlar.

9 fevralda səsverməyə gedin, amma içi mən qarışıq, sadəcə, hər hansı namizədə səs vermək üçün deyil, öz vəziyyətinizi yaxşılaşdıracaq, ailənizin sevincini artıracaq, prestijinizi yüksəldəcək, dövlətimizə faydası toxunacaq bir planla gedin.

Mən Sizin bütün bu cür planlarınıza dəstək olacam, öz namizədliyimi elə bu səbəbdən irəli sürmüşəm, bunun üçün sizlərdən səs, dəstək istəyirəm.

Əngəlləri birlikdə aşacağıq, əl-ələ, çiyin-çiyinə verərək. Bir millət olaraq planlarımızın gerçəkləşməsinə əngəl olan faktorları zərərsizləşdirən islahatlara - İLHAM ƏLİYEVİN MİLLİ PROJESİNƏ töhfə verərək, kimsədən yardım istəməyərək adlayacağıq tariximizin yeni mərhələsinə.

Bəli, bahalı neft erası bitir, ancaq sosial təkamül prosesimiz davam edir. Siyasi sabitlik qorunmalı, iqtisadi tərəqqimizdə fasilə yaranmamalıdır. Bunun üçün hər birimizin üzərinə böyük məsuliyyət düşür.
Məsuliyyətimin fərqindəyəm!

Xalqa yanmaq, vətəndaşa can yandırmaq üçün insan enerjini özündən almalıdır- genetikasından, fəlsəfəsindən, mənəviyyatından.

Mənəvi dünyamızın şeyxlərindən olan Seyid İmadəddin necə deyirdi?

Ərkansız adamlarla rəfiq olma, Nəsimi,
Yol əhli gözət, sən ədəb-ərkan tələb eylə!

Mən, əziz seçicim, bir yol əhliyəm və bu yolun bizim hamımızı apardığı məbədin adı BÖYÜK AZƏRBAYCANDIR!

Taleh ŞAHSUVAROV,

23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən MM üzvlüyünə namizəd