Kənd yerlərində daha təmtəraqlı keçirilən Novruz və çərşənbələri Kənd yerlərində daha təmtəraqlı keçirilən Novruz və çərşənbələri

Su çərşənbəsində bol ruzinin təməlini qoymaq olar – Necəsini nənəmiz izah edir

Kənd yerlərində daha təmtəraqlı keçirilən Novruz və çərşənbələri

Yazın gəlişindən bizi xəbərdar edən Novruz çərşənbələri öz növbələri ilə sıralanıblar. Lap qədim inanclara söykənən bu çərşənbələr 4 ünsürdən – Su, Od, Yel (Külək) və Torpaqdan ibarətdir.

AzNews.az xəbər verir ki, çərşənbələrin hər birinin özünəməxsus xüsusiyyətləri var. Birinci keçirilən Su çərşənbəsi bahara doğru dağlarda və dərələrdəki, çay kənarlarındakı buzların əriyib çaylara tökülməsini ifadə edir. Torpaq yavaş-yavaş islanmağa başlayır. Çərşənbə günü qızlar bulaqlardan sərin, şirin su gətirərlər, evin ətrafına çiləyər, üzlərini yuyarlar. Su aydınlıq, paklıq rəmzidir deyirlər. Elə bu səbəbdən də yazı pak, təmiz qarşılamaq məqsədilə insanlar bu çərşənbədə bir-birlərinin üstünə su çiləyərlər. Bu da qədimdən qalan öz adət-ənənələrimizə söykənir. Novruzun simvolu sayılan səməni artıq bu gündən cücərdilməyə başlanar ki, bu da təbiətin və bitkilərin oyanmasına işarə edir.

Düzdür, nənələrimiz, babalarımız indi ilə müqayisədə çərşənbələri, bayramı bir başqa abı-havada qeyd edərdilər. Əvvəllər elə uşaqlar da çərşənbələrin qeyd edilməsində daha həvəsli olublar. İndi qapıya atılan papaqların sayı ondan xəbər verir ki, artıq uşaqlar da çərşənbələrə qarşı biganədirlər. Daha qızlar qulaq falına çıxaraq qapı pusub arzularının yerinə yetib-yetməyəcəklərini gözləmirlər. Amma bu bizim əzəli bayramımızdır. Daim yaddaşlarda qalması, öz inancları ilə davam etməsi və adətlərin qorunub saxlanılması arzu ediləndir.

Keçmişdə su çərşənbəsinin necə keçirilməsini, hansı adətləri, özünəməxsus xüsusiyyətlərini bilməkdə Naxçıvanda yaşayan 77 yaşlı Nəcibə nənəmizin danışdıqları bizə kömək oldu. Axı, deyirlər, kənd yerlərində Novruz və çərşənbələri daha təmtəraqlı keçirilir. Nənəmizin dediklərindən də bəlli oldu ki, bu bayram həqiqətən insanlar arasında xüsusi inancları, oyunları özündə cəmləşdirib. Nəcibə nənə dedi ki, ilk çərşənbə plovun dəmə qoyulması ilə başlayır: “Bayramın gəlişinə görə ev hazırlıqları başlayar, çərşənbəni qeyd etmək üçün axşama süfrə qurular, plov hazırlanıb dəmə qoyular. Oğul-uşaq yığışıb çərşənbə tonqalı qurarlar. Biz də çıxıb başına yığışar, tonqaldan tullanıb “Ağırlığım-uğurluğum odda yansın” deyərik. Cavanlar mahnı qoyub tonqal başında oynayarlar. Yemək yeyib qurtarandan sonra qonşu uşaqlar bir-bir qapılara papaq atarlar. Papağı da boş qaytarmaq olmaz. Yumurtadan, şəkərbura, paxlavadan nə varsa evdə ondan qoyub verərik. Adına da “bayram payı” deyərik”.

“Ay nənə, kənd yeri ola, su çərşənbəsi ola özünəməxsus bir adət-ənənəsi olmaya?”, - deyə soruşanda Nəcibə nənə adətlərimizdən danışdı. O bildirdi ki, su çərşənbəsində hamı suyun üstündən hoppanmağa gedər: “Suyun üstündən atlanmaq ona işarədir ki, azarımı, bezarımı suda qoyuram və ilboyu xəstəlikdən uzaq olacam. Bizim kənddə adətdəndir ki, həmin hoppandığımız yerdən 7 ədəd balaca daş götürüb gətirərlər, hər bucağa birin qoyarlar. Məsələn, çörək olan yerə birin qoyarıq ki, ruzimiz bu il bol gəlsin, bol olsun. Beləcə harda ki, bizə ruzi bəxş edəcək bir şey var, gətirib daşları onun yanına qoyarıq. Kənd camaatı bulaq başına gedib bir-birlərinin üstlərinə su çiləyərlər. Biz adına sulaşma deyərik”.

Azərbaycanda təhsil alan türkiyəli tələbə, 22 yaşlı Ceylan mövzu ilə bağlı danışarkən bildirdi ki, bu bayram bizim qədər onlarda da yüksək qeyd edilir: “Novruz bizdə baharın gəlməsi ilə təmizliyin, yaxşılığın ətrafa yayılması kimi başa düşülür. Bu insanların bir-birinə daha çox bağlanmasını, sevməyini təmin edər. Türkiyədə Novruzu qeyd etmək bölgədən-bölgəyə dəyişər. Məsələn, Qərbdə bayram şənlikləri hazırlanar, mahnılar oxunar, ocaq qalanar və üstündən arzu tutub atlanarlar. Sonra insanlar mahnıları birlikdə oxuyar, ocaq ətrafında halay oynarlar. Novruza bizdə yazın gəlişi də deyilir. Gözəlliklər bolluq, bərəkəti işarə edər və o gün əyləncəli keçirilər. İnsanlar bir-birinin bayramını təbrik edərlər. Xalq hər hansı bir sahədə toplanar, məşhurlar gəlib əyləncəli nəğmələr ifa edərlər. Şərqdə isə davamlı olaraq halay oynayar, mahnılar oxuyarlar. Bir sözlə, bu bayramda baharın gəlişini, yeni bir günü qeyd edirik”.

Ləman Hüseynzadə