Deputat 190 manatla bağlı danışdı: "Vətəndaş nə ilə yaşasın?"

"Onsuz da bu pul ancaq çörəyə, maskaya, spirtə çatır"

"Bu gün Milli Məclisdə çıxışımda dürüstləşdirilmiş büdcə layihəsinin pandemiyanın yaratdığı problemlərdən irəli gəldiyini vurğulayaraq, bunun zərurət olduğunu, büdcədə neftin qiymətinin 55 ABŞ dollarından 35 ABŞ dollarına qədər endirilməsinin də optimal bir qərar olduğununu bildirdim".

AzNews.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa Milli Məclisin bugünkü iclasında çıxış edərkən deyib.

O, çıxışı zamanı bütün bunların işsiz, imkansız, azgəlirli vətəndaşlarımız üçün təyin olunmuş 190 manatlıq müavinətin verilməsinin dayandırılmasına əsas vermədiyini vurğulayıb:

"Biz 3 istiqamətdə xərcləri mütləq artırmalıyıq. Birinci, müdafiə xərclərini artırmaq vacibdir, çünki ölkənin müdafiəsi ən aktual sahədir. İkincisi, sahibkarlara dəstək verilməlidir. Artıq gəlirlərin azalması, istehsal prosesinin dayanması, işçilərin əmək haqqı ala bilməməsi sahibkarları ağır duruma salıb. Onlara verilən dəstəyi də yalnız əməkhaqqına yönəldə bilirlər. Sabah bu infrastrukturu dirçəltmək mümkün olmayacaq. Üçüncüsü isə evdə qalan hər bir vətəndaş istisnasız olaraq dövlət dəstəyi ilə təmin olunmalıdır. Vaxtında müavinəti almayan vətəndaşların bank kartlarının bloklanması absurd bir addımdır. Bu bloklama qaldırılmalı, insanlar bu vəsaiti almalıdır. Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur. Heç biri üçün də iyul-avqust ayında həmin vəsaitin verilməsi nəzərdə tutulmayıb. Bu halda vətəndaş nə ilə yaşasın? Onsuz da bu pul ancaq çörəyə, maskaya, spirtə çatır, ancaq insan bilməlidir ki, dövlət minimum imkanlarla da olsa, ona diqqət göstərir".

Səidə Vahid

AzNews.az