“Neftdən gələn pulun yarısı ölkədən çıxarılıb” - VİDEO

“150 milyon qazanıb, bir qəpik də vergi ödəməyib...”

“Bu yaxınlarda ölkə başçısı tərəfindən xaricə sərmayə qoyan iş adamlarına böyük təpki göstərildi. 10-15 ildir ki, ölkədən valyuta axını baş verir. Neftdən gələn pulun bəlkə də yarısı yenidən ölkədən çıxarılıb. Tanıdığım bir iş adamı var, ölkəni talayıb. Yığışıblar üç nəfər, mütəşəkkil dəstədir, ölkəni talayıblar”.

AzNews.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, bunu iş adamı Mürvət Həsənli “musavat.com”-un "Canlı debat"ında müzakirə zamanı deyib. Mürvət Həsənli bu fikirləri səsləndirərkən xaricə investisiya qoyan sahibkarlardan birini – Sərraf Məmmədzadəni nəzərdə tutub.

İş adamı bildirib ki, S.Məmmədzadənin başçılıq etdiyi həmin dəstə ölkədən yüz milyonlarla dollar vəsait çıxarıb: “Sərraf Məmmədzadə və şərikləri ölkəni talayır. Yığışıb “AzoillKopmlekt” adlı bir müəssisə yaradıblar, ancaq heç bir iş görməyiblər. İki iş görüblər, bir inkubator avadanlıqları, bir də iki yüz ton boru alıblar. Ancaq başqa gördükləri işlər 300 milyonun üzərindədir. Dövlətdən 300 milyon tender udublar, qazandıqları da 150 milyonun üzərindədir. Bu 150 milyonun müqabilində, bu pulu qazanan Sərraf Məmmədzadə Azərbaycan dövlətinə bir qəpik də vergi ödəməyib. Bütün bu pullar buradan ofşor şirkətlərə köçürülür. Ofşorlardan Türkiyəyə, Sloveniyaya və başqa ölkələrə köçürüb, orada əmlaklar alıb. Axı bu pullar Azərbaycan xalqının puludur. Buradan oğurlayıb, aparıb qoyublar ora. Bir ildir yazırıq, nə nəticə oldu? Bir o nəticə oldu ki, “Pandora” bankında bunun hesabı vardı, bu yazışmalardan sonra bank bunun hesabını bağladı ki, sənin qara işlərin var, mənimlə işləyə bilməzsən.”

İş adamı bu cür talançılıqla məşğul olanların ifşa edilməli və onlara qarşı tədbir görülməli olduğunu vurğulayıb: “Düşünürəm ki, Azərbaycanda, xarici ölkələrdə mətbuat və sosial şəbəkələrdə Sərraf kimi adamlara qarşı elə kampaniya aparılmalıdılar ki, ona o ölkələr viza verməsin”.