İlham Əliyev: "Türkiyənin gücü bizim gücümüzü artırır"

Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur

"Mən hər zaman əziz Qardaşımı qarşılayarkən, yaxud da ki, qardaş Türkiyədə olarkən deyirdim ki, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr tapılmaz. Bu, həqiqətdir".

AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla dekabrın 10-da sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.

Azərbaycan Prezidenti deyib:

"Bu gün dünya xəritəsinə baxsaq görərik ki, bizim qədər bir-birinə bağlı olan, bir-birinin hər zaman yanında olan ikinci ölkələr yoxdur. Bizi birləşdirən həm ortaq tarix, din, mədəniyyət, dil, ədəbiyyat, eyni zamanda, bizim siyasətimizdir. Türkiyə və Azərbaycan dünya miqyasında müstəqil siyasət yürüdən ölkələrdir. Türkiyənin gücü bizim gücümüzü artırır. Bu gün əziz Qardaşımın liderliyi sayəsində Türkiyə dünya miqyasında güc mərkəzinə çevrilib. Dünyanın bir çox ölkələrində Türkiyə haqqı, ədaləti qoruyur, müdafiə edir. Əzilmiş xalqların maraqlarını müdafiə edir və ədaləti, beynəlxalq hüququ bərpa edir.

Bu gün Ərdoğan Türkiyəsi dünya üçün bir örnəkdir, müstəqillik, mərdlik, cəsarət örnəyidir və inkişaf örnəyidir. Bu gün imzalanmış bir neçə sənəd Türkiyənin inkişaf etmiş sənayesinin məhsullarını Azərbaycana təqdim edəcək. Bu gün imzalanmış sənədlər son illər imzalanmış sənədlər arasında çox kiçik bir yer tutur.

Vətən müharibəsində Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” böyük dəyişikliyə səbəb oldu və bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü, türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü.

Bu gün tarixi gündür. Ona görə ki, bu Zəfər paradında türk və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanından keçdilər. Bizim təkcə Bakı şəhəri yox, bütün şəhərlərimiz indi Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilib. Əvvəllər də belə olub. Təbii ki, müharibə dövründə bu, daha da geniş vüsət almışdır. Bu, insanların ürəyindən gələn duyğulardır. Bu, əsrlərboyu qoruduğumuz sərvətdir. Bizim üstünlüyümüz ondadır ki, həm xalqlar, həm liderlər bir yerdədir, bir-birinə qardaş deyir. Eyni zamanda, biz bütün məsələlərdə bir yerdəyik. Ağır günlərdə də bir yerdə olmuşuq, gözəl günlərdə, sevincli günlərdə, bugünkü kimi gündə də biz birlikdəyik və bu, təbiidir.

Bu gün Türkiyə ilə Azərbaycan birliyi təkcə xalqlarımız üçün deyil, bölgə üçün, dünya üçün çox böyük önəm daşıyır. Çünki bizim siyasətimiz əməkdaşlığa, ölkələr arasındakı işbirliyinə hesablanıb. Bu tarixi Zəfərdən sonra başlanan yeni dövr üçün də biz tam hazırlıqlıyıq. Bu gün əziz Qardaşımla söhbət əsnasında, eyni zamanda, bundan sonrakı dövr haqqında da fikir mübadiləsi apardıq. Bizim fikirlərimiz üst-üstə düşür. Biz bölgədə yeni bir işbirliyi platformasını yaratmalıyıq. Artıq ilkin bəyanatlar verildi. Bu, çoxtərəfli platforma ola bilər. Bu işbirliyi platformasında iştirak edən bütün bölgə ölkələri bundan ancaq faydalana bilər".