"Mənə təzyiq yoxdur" - Osman Kazımov beynəlxalq təşkilatların yalanını çıxardı

"Mən dövlətimin yanındayam"

"Son günlər Azərbaycanda vəkillərin təzyiqlərə məruz qalmasına dair hesabat yayılmış, şəkilləri dərc edilmişdir. Yayılmış fotoşəkillərin içərisində mənim də foto şəkilim vardır. Bu məlumat qohumlarım, dostlarım, hüquqi yardım göstərdiyim şəxslər arasında narahatlıq yaratmışdır. Bununla əlaqədar aşagıdakıları bildirməyi zəruri hesab edirəm".

AzNews.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü Osman Kazımov deyib.

O bildirib ki, həmişə cəmiyyətə açıq olub, nöqsanları tənqid edib, təqdirəlayiq işləri alqışlayıb: "Bu gün də həmin mövqeyimi saxlayıram. Heç vaxt fikirlərimdə qərəzə yol verməmişəm. Dövlətimizin, xalqımızın mənafeyi üçün məqbul hesab etdiyim hər bir fəaliyyəti dəstəkləmişəm. Hakimiyyəti çox sərt tənqid etmişəm və edirəm. Qarabağ döyüşləri başlayan kimi hakimiyyəti dəstəkləmiş, könüllü olaraq döyüşlərə qatılmaq üçün rəsmi müraciət etmişəm".

Həyatı boyu tutduğu mövqeyinin dəyişməz olduğundan danışan O. Kazımov rastlaşdığı haqsızlıqdan da danışıb. Bildirib ki, vəkillik fəaliyyəti ilə bağlı 2011-ci ildə qanunsuzluqlarla üzləşib, ailənin yeganə qazanc gətirəni, himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan övladının olmasına və məcburi köçkün olmasına baxmayaraq, Vəkillər Kollegiyasından xaric olunmağım üçün məhkəməyə müraciət olunub: "Altı ay müddətinə işdən kənarlaşdırılmışam. Ailəm taleyin ümidinə buraxılmışdır. Lakin bütün bu qanunsuzluqlara rəğmən heç bir xarici təşkilata müraciət etməmişəm. Yalnız ABŞ səfirliyinin dəvəti ilə görüşlərdə olmuşam. İşim məhkəmə baxışında olarkən Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edərək məhkəmə prossesini nəzarətə götürməsini və obyektiv məhkəmə baxışının təmin edilməsini xahiş etmişəm".

Vəkil vurğulayıb ki, sonradan mənə məlum olub ki, işə baxan hakim Ədliyyə Nazirliyinə dəvət olunub, işlə bağlı məlumatı dinlənilib. İşin yekununda fəaliyyəti bərpa olunub. Bütün bunlar keçmiş rəhbərliyin dövründə olub, keçmişin acı xatirəsinə dönüb: "Hazırki rəhbərlik dövründə mənə heç bir təzyiq, təsir yoxdur. Qanunsuzluqla üzləşməmişəm. Hətta hakimiyyəti sərt formada tənqid etməyimlə bağlı mənə irad belə bildirilməmişdir. Məlumatın və foto şəklimin məndən xəbərsiz, rəyim soruşulmadan paylaşılmasını normal hal hesab etmirəm. Hazırki həssas durumda belə məlumatları dövlətimizin nüfuzuna kölgə salmaq cəhdi kimi dəyərləndirirəm. Çox təəssüf ki, bəzən cüzi nöqsanlar şişirdilərək qərəzli məqsədlərlə istifadə edilir. 9 il bundan öncə mənə qarşı olan ədalətsizliyi bu gün paylaşmağı qərəzli və məqsədli hesab edirəm. Müharibədən sonrakı həssas dövr üçün dövlətimə təzyiq kimi dəyərləndirirəm. Son dövrlərdə Vəkillər Kollegiyasında çoxsaylı vətəndaşlarımızın, xüsusilə də gənclərimizin təmannasız işlə təmin olunması nədənsə pərdə arxasında qalır.

Bu gün Azərbaycan vəkilliyinin qanunsuzluqla mübarizə apardığını heç kim unutmamalıdır. 27 ildir ki, köçkün vəkil həyatı yaşayıram. Ata yurdum - xatirələrim erməni faşizmi tərəfindən məhv edilib. Çox təəssüf ki, özünü demokratik adlandıran bəzi dövlətlər və beynəlxalq təşkilatlar nəinki mənim və mənim kimi onlarla köçkün vəkilin həyati faciəsinə laqeyd qalmış, əksinə təcavüzkar və müharibə cinayəti törədən təcavüzkar dövləti müdafiə etmişlər. Mən dövlətimin yanındayam".