"Çox yaxşı nəticələr verə bilər" - Hacı Şahin Ayətullah Sistani ilə Papanın görüşündən danışdı

"Bəzi maraqlı qüvvələr var ki, dinlərarası, məzhəblərarası toqquşma yaradırlar"

İslam Dünyasının nüfuzlu din alimi, böyük mərcə təqlid müctehidi Ayətullah Seyid Sistani dünya katoliklərinin rəhbəri Papa Fransislə görüşüb.

Az.shafaqna.com bununla bağlı Azərbaycanın tanınmış din xadimi, QMİ-nin səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənlidən münasibət alıb.

O bu görüşün əhəmiyyətinə toxunaraq deyib: “Roma Papası Fransislə Ayətullah Sistaninin görüşü tarixi hadisədir. Ümumiyyətlə din liderləri arasında mütəmadi olaraq belə görüşlərin keçirilməsi çox yaxşı nəticələr verə bilər. Dünyanın hər yerində bu gün din və məzhəb zəmnində münaqişələr olur, bəzi maraqlı qüvvələr var ki, dinlərarası, məzhəblərarası toqquşma yaradırlar, bundan siyasi məqsədlər üçün yararlanırlar. Belə bir şəraitdə dini liderlərin görüşü dinlərarası barış mühitinin formalaşmasına mühüm töhvələr verə bilər. İraqın özünün də yaxın tarixində radikal cərəyanlar dinlər və məzhəblərarası münaqişə yaradıblar. Bu münaqişədə minlərlə insan öz həyatını itirib. İraqlılar üçün radikallığın nə olduğu aydındır. Belə bir şəraitdə Ayətullah Sistani kimi nüfuzlu bir müctehidin Roma Papası ilə görüşməsi dünyaya bir sülh mesajı ötürür. Dinimizin məzhəbimizin, məktəbimizin ümumiyyətlə barış tərəfdarı olduğunu ifadə edir. Ona görə də bu baxımdan olduqca önəmlidir, çox mühümdür.“

Azərbaycanda da dinlərarası, məzhəblərarası tolerantlıq mühitinin olduğunu deyən Hacı Şahin Həsənli “Azərbaycan da bu baxımdan dünya ölkələrinə nümunə ola bilər. Azərbaycan həmişə diaoloqun, qarşılıqlı münasibətlərin tərəfdarı kimi çıxış edib. Ona görə də təbii ki, bu kimi addımları təqdirəlayiq addım hesab edirik. Ayətullah Sistani kimi nüfuzlu bir alimin belə bir addım atması bütün müsəlman dünyası üçün, ümumiyyətlə bütün dünya üçün önəmli bir addımdır. Hesab edirəm ki, bu kimi görüşlər bundan sonra da davam edəcək, çünki hal hazırda dinlər mövzusu dünyada aktualdır. Dinlərarası müzakirə mövzusu aktualdır. Bəşəriyyətin gələcəyi ancaq fərqli mədəniyyətlərin anlaşma mühitində yaşamasından asılıdır. Bəşəriyyətin xoşbəxt gələcəyinin təminatçısı yalnız bu ola bilər. Ona görə də bu kimi təşəbbüslər dünyanın hər bir yerində dəstəklənməlidir. Azərbaycan müsəlmanları da təbii ki, bu addımları dəstəkləyir.”, -deyə bildirib.