Silahlı Qüvvələrdə törədilən cinayətlərin sayı açıqlanıb

Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə hərbi prokurorluq əməkdaşları vətəndaşlara yüksək nəzakətlə yanaşıblar

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış cinayətlər ümumilikdə 36,1%, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb.

AzNews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Hərbi prokurorluqlarda hər bir cinayət işi üzrə ibtidai araşdırmanın aparılması zamanı, cinayətin törədilməsinə imkan yaradan səbəb və şərait müəyyən edilməklə, müvafiq təşkilatın və ya vəzifəli şəxsin ünvanına belə halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərilərək həmin halların qarşısının alınması, eləcə də iş üzrə əməlində cinayət tərkibi olmayan, lakin başqa hüquq pozuntusuna yol vermiş bütün şəxslərin digər müvafiq hüquqi məsuliyyətə cəlb edilməsi təmin edilib.

"Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub", - ədliyyə müşaviri qeyd edib.

F. Əliyev vurğulayıb ki, Cənab Prezidentin örnək davranışlarından daim ibrət götürməklə, dövlət başçısının məmurla vətəndaş arasındakı münasibətlərlə bağlı dəyərli tövsiyələrini fəaliyyətlərində hər zaman rəhbər tutan bütün prokurorluq əməkdaşları kimi hərbi prokurorluq əməkdaşları da qeyd olunan dövrdə vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla, özlərinə isə yüksək nəzakətlə yanaşıblar.