Yarım əsrlik adamın 50 yaşına söz ardı Yarım əsrlik adamın 50 yaşına söz ardı

ƏVƏZSİZ ƏVƏZ!!!

Yarım əsrlik adamın 50 yaşına söz ardı

Bu bir balaca dünyada, bir balaca dünyanı kiçiltsək, Azərbaycanda çox az adam var ki, əvəzsiz olsun!

Bu bir balaca dünyada, bir balaca dünyanı kiçiltsək, çox az adam var ki, ƏVƏZsiz olsun

Əvəzin ƏVƏZliyi də, elə ƏVƏZSİZliyi də bundadır.

Əvəzin ƏVƏZliyi də, elə ƏVƏZSİZliyi də bundadır ki, özü, sözü bir adamdır!

Onu tələbə yataqxanasında qaldığım günlərdən tanıyıram.

Aramızda bir az yaş fərqi, bir xeyli dünyagörüş fərqi vardı, amma bizim üçün çox dəyərli, maraqlı, öyrəniləsi adamdı.

Təvazökarlıqdan uzaq çıxmasın, mən öz üzərimdə işləyən, oxuyan, araşdıran, nəsilləri geridə qoymağa çalışan adamam, amma günü bu gün də eynilə o tələbə yataqxanasının inadkar cocuğu kimi Əvəz Həsənovdan öyrənən, öyrənməyə çalışan adamam.

Mənim bu dünyada öyrəndiyim, öyrənməyə çalışdığım nə qədər adam var?

Bəli var, sayları az deyil, amma o adamların içində Əvəz mənim üçün ƏVƏZsiz adamlardan biridir!

Niyə əvəzsizdir?- deyim Sizə!

Azərbaycanda Ermənistanı, Ermənistandakı və Ermənistandan kənardakı erməni toplumunu tanıyan, o toplumun dib axınlarından sosial şəbəkə trendlərinə qədər cikini-bikini bilən nadir insanlardan biridir.

Gerçəkdən siyasətçidir, gerçəkdən diplomatdır, gerçəkdən vətəndaş cəmiyyəti lideridir, amma gerçəkdən İNSANdır!

Çox etibarlı dostdur, çox gözəl yol yoldaşıdır, o qədər gözəl yol yoldaşıdır ki, onunla hara desən, çay içməyə getmək olar!

Bir də çox məsuliyyətlidir!

Bir gün Belarusda, Belarusun paytaxtı Minskdəyik, araya salıb bir-iki qəlyanaltı, təbii ki, o qəlyanaltıları soyuq havada, şaxtada, sazaqda nuş eləmək üçün Belarusun gözəl nemətlərindən də bir şüşə almışam.

Tam qonşu otaqda Əvəz qalır.

Zəng edirəm, götürür:

- Bəy, bir biz tərəfə təşrif buyursana!

- Hesabat yazıram!

Üzərindən on dəqiqə, on beş dəqiqə, bir saat keçir, bir də zəng edirəm, yenə qonşu otağa qonaq dəvət edirəm, əlüstü hazırlanmış süfrəyə işarə ilə, day keçib, deyəcəm, mızıldana-mızıldana gəlir və:

- Baho, bayaqdan bunu mənə demirsən?

Əslində, Əvəz o adamlardandır ki, ona söz deməyə, hətta çox söz deməyə ehtiyac yoxdur. Deyirlər ha, arifə bir işarə də bəsdir, o ariflər cərgəsindədir mənim kəlbəcərli qardaşım.

Mənim rus danışıq dilim zəifdir, zəif demək bir az abırlıdır, bərbaddır, rusca ancaq oxuduğumu və dinlədiyimi anlayıram, o üzdən bu dildə danışmağa cəhd eləmirəm, çünki bütün cinsləri bir-birinə qarışdırıram.

Yenə haradasa beynəlxalq tədbirdəyik, Azərbaycan adına danışacaq heyət rəhbəri Əvəz limitini keçib, ermənilər kirimir. Rus dilini tum kimi çırtlayan uşaqlar qalıb qıraqda, Əvəz mənə him edir ki, ver bunların payını, bu işi sən yaxşı bacararsan, söz mənə veriləndə tərcüməçiliyi öz boynuna götürür.

Nəticə?

Bütün zal ayağa qalxır, ermənilər də məcburən onlara qoşulub bizi ayaqda alqışlayır.

Bunu ona görə yada salıram ki, Əvəz “paslaşmağı” o qədər gözəl bacarır ki, qolun vurulması artıq əhəmiyyət kəsb eləmir.

Əminəm ki, Əvəzin ötürmələri ilə bu dünyada çox adam qol, hətta qaz vurub, qazan da doldurub, amma o, öz missiyasının təvazökarlığından bir addım da olsun geri çəkilməyib.

Çünki Əvəz sözün bütün mənalarında dərin adamdır, təvazökar adamdır, sol demokratik, hətta mənə qalarsa, sol mərkəzçi dəyərlərin əsl daşıyıcısıdır.

Paula Koelin məşhur bölgüsü var, o bölgüyə görə Əvəz Həsənov dağ adamıdır, dağ adamlarının bütün müsbət keyfiyyətlərini özündə əks etdirən, intellektlə, inteqrasiya ilə çağdaş dünya bilincini mənimsəmiş bir sol mərkəziyyətçidir.

Bu adamın indi yarım əsrin adamıdır, amma 50 illik ömründə mənə elə gəlir ki, əsl yerini tapmamış, daha doğrusu, haqq etdiyi mənsəbdə olmayan adamdır.

Amma öz yerində olmaması nə özünün, nə cəmiyyətin, nə də dövlətin problemi deyil, çünki bizim 70-cilər elə bir dövrə düşdü ki, hər kəs axtarışda oldu, hər kəs bir-birini axtara-axtara bir-birini görmədi.

Amma artıq axtarış bitməli, soraqlaşma bitməli, QHT və media sektorunda, lap elə bu müxalifət partiyalarında yetişən isimlərə meydan verilməlidir.

Əvəz Həsənov bu baxımdan bir yaş nəslinin ən savadlı, ən təcrübəli, ən haqqaniyyətli nümayəndəsidir.

Hətta bu şans ona verilməsə də, fərq etməz, ƏVƏZ ƏVƏZSİZ ADAMDIR!

Taleh ŞAHSUVARLI