- Göz önü
- 10 May 2022 18:32
- 5 725
"Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbir keçirilib - FOTO
Medianın İnkişafı Agentliyi və AZƏRTAC-ın təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib
Medianın İnkişafı Agentliyi və AZƏRTAC-ın təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı" adlı tədbir keçirilib.
Aznews.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə mətbuata xüsusi diqqət yetirib.
“30 ildən artıq bir dövrdə siyasi zirvədə oldu. Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər təyin edilməsi ölkə tarixində dönüş oldu. Heydər Əliyev senzuranın mövcud olduğu dövrlərdə belə mətbuatın inkişafı üçün böyük işlər görüb. Mətbuatı senzuradan da məhz o xilas edib. Heydər Əliyev mətbuat üçün 3 mühüm prinsip müəyyənləşdirmişdi. Bunlardan birincisi azərbaycançılıq məfkurəsinə sadiqlik, ikincisi dövlətçiliyə xidmət, üçüncüsü də ümumbəşəri dəyərlərə hörmətlə yanaşmaq idi”, - Aslan Aslanov vurğulayıb.
Aslan Aslanov onu da qeyd edib ki, Heydər Əliyev çıxışları barədə yazılara hər zaman xüsusi həssaslıqla yanaşıb: “Bəzən elə olurdu ki, gecə vaxtı zəng edib, çıxışları barədə yazılarla maraqlanırdı. Onun çıxışları əslində bir jurnalistika dərsliyidir. Hesab edirəm ki, hər kəs bu dərslikdən faydalanmalıdır. Eyni zamanda, o dünya üçün nümunə olan bir lider idi. Bütün liderlər ona hörmətlə yanaşırdılar. Heydər Əliyev həmçinin türk dünyasında da böyük nüfuza malik idi. Bu gün biz Azərbaycan-Türkiyə dostluğundan danışanda, unutmamalıyıq ki, bu siyasətin kökləri məhz onun dövründə qoyulmuşdu”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov da Heydər Əliyevin mətbuatın inkişafı üçün xidmətlərindən danışıb. O bildirib ki, məhz onun hakimiyyəti dövründə qəbul olunan konstitusiyamızda söz, ifadə və mətbuat azadlığı ilə bağlı maddə yer alıb.
“Onun dövründə söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb. Bu gün də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər məhz Heydər Əliyev siyasətinin davamıdır”, - o qeyd edib.
Daha sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və digər çıxışçılar Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.