"Bayramdan qayıdan işçiləri çox yükləmək olmaz"- Psixoloq

Novruz bayramı ilə bağlı 9 günlük tətil bu gün bitdi. İnsanlar işlərinin başına qayıtdı. Bəs işin ilk günü adaptasiyada çətinlik çəkməmək üçün nə etməliyik?

Mövzu ilə bağlı suallarımızı cavablamaq üçün Peşəkar Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Nuriyyə Quliyeva ilə həmsöhbət olduq:

- Xanım Quliyeva, bu cür uzun fasilədən sonra işə qayıdan insanlar hans psixoloji baryerlərlə üzləşir?

- Günümüzdə ən çox rast gəldiyimiz problemlərdən biri də elə adaptasiya məsələsidir. Bu da ən çox onunla bağlıdır ki, insanların tətil zamanı bütün rutinləri dəyişir. Beləliklə də xüsusi rejimə əməl edilməməsi halları ortaya çıxır. Yuxu, oyanma, yatma, qaidalanmalarına xüsusi saatla yanaşmadıqları üçün işə qayıtdıqdan sonra bu rutinlərin yenidən öz qaydasına düşməsi adaptasiya problemlərini yaradır. Bu problemin də əsasında yuxu, qidalanma kimi amillərə diqqət edilməməsinin göstəricisidir.

- Bayramlar insanların işgüzar əhval-ruhiyyəsinə necə təsir göstərir?

- Təbii ki, bayramlar insanların əhvali-ruhiyyəsinə müsbət təsir göstərir. Çünki, bu bir ehtiyacdır. Hətta elə insanlar var ki, peşələrini həddən artıq çox sevirlər. Şübhəsiz ki, bu qəbildən olan insanların da dincəlməyə ehtiyacları var. Əlbəttə ki, beynimizin, ruhumuzun yenilənməsi üçün xüsusi yüksək əhvali-ruhiyyənin yaranmasına ehtiyac zəruridir.

- İşə yenidən adaptasiya prosesi necə həyata keçir? Hansı məsləhətlər verə bilərsiniz.

- İlk sualda vurğuladığım kimi, adaptasiyanı çətinləşdirən məqam gündəlik rejimin dəyişməsidir. İnsanlar tətil zamanı yuxu rejiminə fikir vermirlər. Ona görə də tətilin bitməsinə bir neçə gün qalmış yuxu rejimimizi düzəltməliyik. Ən azından hər gün saatı 15 dəqiqə geri çəkərək, işə getdiyimiz vaxta yaxınlaşdırmalıyıq ki, yeni iş gününə başladığımız zaman problemlər yaranmasın.

- İşçilərin daha tez adaptasiya olması üçün rəhbərliyin üzərinə hansı məsuliyyətlər düşür?

- Adaptasiyada ilk olaraq gündəlik rejimə qayıtmaq vacibdir. Yüksək əhvali-ruhiyyənin kollektiv arasında davam etməsi mühümdür. İşə qayıdandan sonra ilk günlər xüsusi şəkildə beynimiz də yenilənmiş olur, eyni zamanda iş görməyə həvəsli oluruq. Amma birdən-birə işçinin üzərinə ağır yük qoyduqda yenidən çöküş yaranır. Ona görə də əgər mümkündürsə, ilk günlər az, ancaq vacib işləri yerinə yetirməkdə fayda var. Yox, əgər yüklənmiş işlər varsa və gün ərzində bu işləri çatdırmalıdırsa, eyni işi görə bilən digər əməkdaşlarla da işin bölüşdürülməsi rəhbərlik tərəfindən həyata keçirilə bilər. Bundan əlavə rəhbərlik və işçi heyəti yüksək ab-havanı qorumaq üçün kollektiv şəkildə müxtəlif fəaliyyətlərə yönələ bilərlər. Son günlər də havanın çox gözəl keçdiyinin şahidiyik. Bununla bağlı həftə sonları bir gəzinti, istirahət təşkil oluna bilər. Həmçinin orucluq ayında iftar süfrələrinə bir araya gələ bilərlər. Yəni işdən kənar da bu cür münasibətlərin təşkil olunması, qurulması kollektiv arasında daha isti münasibətin yaranmasına gətirib çıxaracaq. Təbii ki, insan peşəsini nə qədər çox sevərsə, çətinliyin nə dərəcədə olmasından asılı olmayaraq işini daha asan, daha profesional şəkildə yerinə yetirə biləcək.

- İşə qayıdışdan sonra əmək məhsuldarlığı hansı səviyyədə olur?

- Bayram ab-havasından sonra işə qayıdış zamanı əmək məhsuldarlığı yüksək səviyyədə olur. Çünki insanlar arasıda belə bir sorğu keçirsəniz "Son günlər yorulmuşdum","Buna ehtiyacım var idi", "Sanki dincəldim", "Tam diqqətimi toplayıb bütün diqqətimi işimə verə bilərəm" dediklərinin şahidi olarıq.

- Azərbaycanda şirkətlər əməkdaşlarına tövsiyələrin verilməsi üçün psixoloq xidmətlərindən istifadə edirlərmi?

- Mən deyərdim ki, Azərbaycanda çox az şirkət psixoloji xidmətdən istifadə edir. Xarici ölkələrdə psixolji xidmətdən daha çox istifadə edilir, nəinki Azərbaycanda. Əslində psixoloji xidmətlərdən istifadə olunması çox yaxşı haldır. Çünki,işçinin potensialının, diqqətinin, işə yararlılığının qiymətləndirilməsi psixoloji testlər vasitəsilə aşkarlanır. Bəlkə də həmin işçi heç öz yerində deyil, öz vəzifəsindən digər bir işə keçirdikdə daha məhsuldar iş görəcəkdir. Həmçinin qrup şəklində onlarla treninqlərin keçirilməsi, yüksək abu-havanın qorunması, stressə davamlılıq, çətin işin öhdəsindən gəlmək, komanda ruhunun nə olduğu, kollektivin birgəliyi ilə çox gözəl işlər aparmaq olar. Bəzi şirkətlər bu amilləri önəmsəyir, bəziləri isə bu xidmətdən istifadə etmir.

- Komandanın formalaşmasında psixoloji məqamlar nəzərə alınırmı?

- Əlbəttə ki, bir şirkətin idarə olunması təkcə psixolji məqamları bilmək, hər hansı strukturu, hər hansı iş bölgüsünə sahib olmaqla kifayətlənmir. Psixoloji məqamlaı bilməklə yanaşı, önəmsəmək də vacibdir. Düşünək ki, bir işçi işinin öhtəsindən gələ bilir, amma bunun öhdəsindən gəlməkdə müəyyən zamanlarda çətinliklər yaranır. Müəyyən zamanlarda ailədaxili problemlər və ya bu insanda stressə davamlılığın az olması kimi amillər işlədiyi zaman onun məhsuldar, işinin öhtəsindən hər zaman daha yaxşı gəlməsi ilə nəticələnəcək.

Aynur HÖKMÜRƏVAN