- Göz önü
- 26 İyun 2023 15:26
- 24 069
Tarixçi Vasif Qafarov Elmlər Doktoru adına layiq görülüb

Tanınmış tarixçi Vasif Qafarov Tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2009-cu ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan Vasif Qafarov 2017-ci ildə dosent elmi adına layiq görülüb. Mötəbər beynəlxalq elmi konfranslarda ölkəmizi layiqincə təmsil edən, nəinki ölkəmizdə həmçinin ölkə hüdudlarından kənarda da kifayət qədər tanınan və əsərlərinə çoxsaylı istinadlar edilən Vasif Qafarov həmçinin 2014-2019-cu illərdə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün doktorantı olmuş, “Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” mövzusunda doktorluq dissertasiyasını vaxtından əvvəl yazıb bitirmiş və 2018-ci ildə elmi müzakirəyə təqdim etmişdir. 2022-ci il sentyabrın 30-da doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və attestasiya üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir. Ali Attestasiya Komissiyasının 23 iyun 2023-cü il tarixli qərarı ilə Vasif Qafarov tarix elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Tarixçi AzNews.az-a öz təəssüratlarını bölüşüb.
“Birinci dünya müharibəsi illərində Osmanlı imperiyasının Azərbaycan siyasəti” adlı dissertasiya işimi 2022-ci il sentyabrın 30-da AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda fəaliyyət göstərən Dissertasiya şurasında uğurla müdafiə etmişəm. Ali Attestasiya Komissiyası işimi obyektiv şəkildə attestasiyadan keçirib və məni elmlər doktoru elmi dərəcəsinə layiq görüb.
Elmlər doktoru dissertasiyasının müdafiəsi böyük zəhmət tələb edən amma şərəfli bir işdir. 2014-cü ildən bu mövzuda tədqiqatlar aparıram. İllərlə apardığın tədqiqatın nəticələrini uğurla müdafiə etmək və yüksək qiymətə layiq görülmək qürurvericidir. Elmi tədqiqat aparan və bu missiyanı uğurla başa vuran hər bir alim, o cümlədən də mən böyük fərəh hissi keçiririk. Elmlər doktoru elmi dərəcəsi həm də bizim üzərimizə böyük məsuliyyət qoyur. Elm yolunda addımlayan bütün həmkarlarıma uğurlar arzu edirəm”.
Ayan Rzayeva

