- Göz önü
- 13 İyul 2023 15:07
- 26 878
PSPO III sertifikatını alan gənc: "Bu, Azərbaycanda ilkdir"
AZINTELECOM-un gənc əməkdaşı Sovet Səfquluzadə rəqəmsal məhsul yaradılması üzrə “Professional Scrum Product Owner III” (PSPO III) sertifikatını əldə edən ilk azərbaycanlı olub. PSPO III sertifikatı "Scrum.org" tərəfindən verilir. Bu sertifikat məhsul sahibləri üçün təklif olunur. Ümumilikdə 3 mərhələdən ibarət olan sertifikatın 3-cü mərhələsi ekspert səviyyə sayılır. Qeyd edək ki, ekspert statusu verən bu sertifikat dünyada cəmi 473 nəfərdə var.
Məsələ ilə bağlı AZINTELECOM-un əməkdaşının təəssüratlarını öyrəndik.
O AzNews.az-a açıqlamasında bildirib ki, sertifikatı əldə etdiyi üçün həm sevincli, həm də qürurludur: "Düşünürəm ki, hər hansı sertifikat bacarıq göstəricisi ola bilməz. Ancaq sertifikata hazırlıq müddətində öyrənə bildiklərim, düşən suallara verdiyim cavablar əslində müəyyən qədər təcrübə və bacarığın göstəricisidir. Bir az təvazökarlıqdan kənar olsa da, bu belədir. Sevincliyəm ona görə ki, çəkdiyim əziyyətin bəhrəsini görə bildim. Qürurluyam ona görə ki, əslində sertifikat almaq normal bir hala çevrilsə də, nəzərə alaq ki, bu sertifikat Azərbaycanda ilkdir".
S. Səfquluzadə əlavə edib ki, PSPO sertifikatının 3-cü mərhələsi ən yüksək səviyyədir: "Sertifikatın ikinci mərhələsini də ölkədə ala bilən ilk insanlardan biriyəm. Hətta mərhələlər üzrə hazırlıqları müxtəlif kurslarda tələbələrə tədris etməklə məşğulam. Bir neçə tələbəm var ki, artıq bu sertifikatı əldə edə bilib".
Müsahibimiz sertifikata hazırlıq zamanı müəyyən qədər çətinliklərinin olduğunu, lakin onlardan dərs çıxardığını deyib: "Nəzərə alsaq ki, bu sertifikata hazırlaşmaq üçün material kifayət qədərdir, onları analiz edib oxumaq və təcrübədən keçirmək vaxt alır. İşlə paralel o hazırlığa vaxt ayırmaq çətinlik yaradırdı. Bu da öz-özlüyündə mənim üçün vaxtın idarə edilməsi ilə bağlı dərs oldu. Ümumiləşdirsək, çətinliklərim oldu ancaq onlardan da nəticə çıxardım".
S. Səfquluzadə sonda bu sertifikatı almaq istəyənlərə müəyyən tövsiyələr verib. Qeyd edib ki, sertifikata hazırlaşmazdan əvvəl əmin olsunlar ki, hazırlaşacaqları sahəyə uyğun bacarıq və təcrübələri var: "Bir adamın Məhsul Sahibi (Product Ownership) sertifikatına hazırlaşmasına baxmayaraq bu barədə təcrübəsi yoxdursa, onu almasını məsləhət görmürəm. Birinci və ən vacib olan sertifikata uyğun təcrübə yığmaqdır. Sonra sertifikatla bağlı nəzəri bilikləri oxuyub, onu almaq daha yaxşı olar. Çünki istənilən iş müsahibəsində birbaşa sertifikatla bağlı sual verilmir. O sertifikatı almaq üçün tələb olunan təcrübədən danışmaq lazım olur. İkinci məsləhətim odur ki, davamlılıqlarını qorusunlar. Çünki hazırlıq prosesi bəzən çox uzun və yorucu ola bilir. Buna görə prosesi yarıda kəsməsinlər və davamlı şəkildə sona qədər çalışsınlar".
Pərvanə