- Göz önü
- 18 İyul 2023 20:28
- 15 908
Daşlı cığırlardan keçən adam - Arif Əliyevin əziz xatirəsinə
Qarabağın Qaragav kəndində anadan olmuşdu.
Ağcakənddə vəfat etdi, Oğuzda dəfn olundu.
Hər bir insanın ölümü həyatda bir boşluq yaradır.
Arif Əliyevin dünyasını dəyişməsi ilə həyatda, həm Qarabağ camaatının, həm ailə üzvlərinin, o cümlədən mənim həyatımda yaratdığı boşluq təsvirə sığası deyil.
Mənə elə gəlir ki, Arif Əliyevi tanıyan hər kəs, uşaqdan böyüyə onu "gözəl insan" kimi xarakterizə edər və edir.
Doğrudan da Arif müəllim ədəb-ərkanlı adam idi.
Doğrudan da Arif müəllim vicdanlı adam idi.
Doğrudan da xeyirxah və səxavətli adam idi.
O, gerçəkdən də bilgə, dünyagörmüş və müdrik şəxsiyyət idi.
Bu cür adamları zaman az yetişdirir, dövr nadirən yetişdirir və bu cür insanlar dünyasını dəyişincə tanıyan hər kəs öz mənəvi dünyasının bir qismini, böyük bir qismini boş görür.
Düzü, Qaragavı görməmişəm, Arif müəllimin söhbətlərindən anladğım qədər Qarabağın dağlıq hissəsində, Şuşa ətrafında keçilməz dağlar qoynunda bir kənd imiş.
İndi dünyaya o cür kənddə göz açan adamları düşünün, təhsil almaq üçün qarda-qiyamətdə kilometrlərcə yol qət edən cocuqları, o cocuqları Bakıda universitetlərə gətirib çıxaran arzularını və xarekterini təsəvvürünüzdə canlandırın.
O insanların həyat əzmi təhsillə, təhsil milli ideyalarla, milli ideyalar xalqa xidmətlə çuğlaşanca, keçilən ömür yoluna "örnək" deməmək mümkünsüzdür.
Arif Əliyev örnək adamdı!
Onunla söhbətlərdən doymaq olmazdı.
İstənilən bir məsələyə münasibəti dərin olardı, heç zaman səthi, cari, dar düşünməzdi.
Bəs, bu dərin adamın həyat amalı nə idi, görəsən?
Bu sualı ona heç zaman vermədim.
Hər dəfə düşündüm ki, növbəti söhbətlərimizdə cavab taparam sualıma, özü aydınlıq gətirər.
Fəqət bu suala ölümündən bir müddət öncə saytımızda və "525-ci qəzet"də dərc olunmaq üçün göndərdiyi memuar- məqaləsində tapdım:
https://www.aznews.az/news/editorsdesk/316174.html
Arif Əliyev dünyaya ermənilərin əhatəsində - 12 mart 1942-ci ildə göz açmışdı, orta təhsilini Kosalar kəndində, Şuşa şəhərində almışdı. 1961-ci ildə Şuşa şəhərindəki Pedaqoji Texnikumu bitirəndən sonra bir neçə il Qarabağın Aşan, Daşbulaq, Kosalar kəndlərində müəllim işləmişdi. 1963-1969-cu illərdə Bakı Dövlət Universitetində Bəxtiyar Vahabzadədən, Mir-Cəlal Paşayevdən, Ağamusa Axundovdan dərs almışdı. Daha sonra keçmiş DQMV-nin idarəçiliyində mühüm vəzifələr tutmuş, keçmiş Mardakert rayonunun ikinci katibi olmuşdu.
Onun haqqında yazırlar:
"Erməni millətçilərinin əhatəsində işləyən Arif müəllim Xankəndi şəhərində “Qönçələr” adlı ədəbi dərnək yaratmış, poeziyaya, yaradıcılığa meyli olan xeyli istedadlı azərbaycanlı gənci bu dərnəkdə toplamış, onların üzə çıxarılmasında, istedadlarının inkişaf etdirilməsində və tanınmasında böyük rol oynamışdır. Arif müəllimin öz şeirləri müntəzəm olaraq “Azərbaycan”, “Ulduz”, “Ədəbi Azərbaycan” jurnallarında, almanaxlarda, respublika qəzetlərində və “Dünyamız, ağ göyərçin” kitabında nəşr olunub".
Bioqrafiyasında daha sonra qeyd olunur:
"Arif müəllim 1972-1974-cü illərdə doğma Kosalar kəndində Ü.Hacıbəyov adına kolxozun idarə heyətinin sədri seçilmişdir. O, 1974-cü ildən yenidən Xankəndi şəhərinə qayıdaraq 1974-1977-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatlar Soveti İcraiyyə Komitəsinin təşkilat şöbəsinin təlimatçısı, 1977-1980-ci illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir".
Bəli, Arif müəllim bir ideoloq idi.
Onun ən böyük arzusu Qarabağı azad və ermənisiz görmək idi.
Cənubi Qafqazı Ermənistansız təsəvvür edirdi.
O, ermənilərin xislətini o qədər dərindən bilirdi ki, gələcək nəsillərin bu həyasız kilsə icması ilə üzləşməsini istəmirdi.
Arif Əliyev vəfat etdi, müdriklik isə yaşayacaq.
Allah Arif müəllimin ruhu qarşısında bizi utandırmasın!
Taleh Şahsuvarlı