Laçın rayonundakı çayların ekosistemdə rolu - EKSPERT RƏYİ

Laçın rayonu öz təbii şərtlərinə görə Azərbaycanın ekoloji cəhətdən ən təmiz iqlimə malik rayonlarından biridir. Burada su resursları, xüsusilə dağ çayları həm təbiətin bioloji tarazlığını qoruyur, həm də insanların həyat fəaliyyəti, kənd təsərrüfatı, enerji və içməli su təminatı üçün əsas rol oynayır. Laçının ekosisteminin “mərkəzi damarları” hesab edilən bu çaylar- Həkəri, Ağoğlan, Şəlvə, Mişni və onların bəsləyən axarlar şirin su ehtiyaclarının getdikcə artdığı dünyada ölkəmiz üçün əsl sərvətdir.

Laçın dağlıq relyefə malik olduğuna görə, burada formalaşan çaylar əsasən qar və yağış sularından qidalanır. Bu çaylar su dövriyyəsinin dağlıq sistemlərdə bərabər paylanmasına kömək edir, eyni zamanda torpaq-eroziya proseslərinin qarşısını alır. Hər bir çay vadisi təbii hidroloji tənzimləyici rolunu oynayır, daşqınların təsirini azaldır, dağ yamaclarında suyun toplanmasını və yeraltı axınların yaranmasını təmin edir. Yerli sakinlər fəxrlə deyirlər ki, Laçın çayları həm torpağın üstündən, həm də altından axır.

Həkəri çayı Laçın ekosistemində əsas “hidroloji magistral” rolunu oynayır. O, həm də qonşu rayonların su balansına birbaşa təsir göstərir. Bu baxımdan Həkəri regional su dövriyyəsinin mühüm komponentidir.

Laçın çayları təkcə su mənbəyi deyil, həm də canlı aləmin həyat zəncirində həlledici halqadır. Çay vadiləri və sahilboyu yaşıl zolaqlar quşların, amfibiyaların və kiçik məməlilərin təbii yaşayış məkanlarıdır. Bu ərazilərdə nadir və endemik növlər müşahidə olunur.

Sahil bitkiləri ekosistemin özünü bərpa mexanizmini təmin edir: köklər torpağı möhkəmləndirir, suyu təmizləyir və mikroiqlim yaradır. Bu sistemin işğal dövründə qəsdən və baxımsızlıqdan pozulması zəncirvari ekoloji fəsadlar yaradıb.

Laçın çayları həm də sosial-iqtisadi sabitlik üçün həyati əhəmiyyət daşıyır. Rayonda bərpa olunan kənd təsərrüfatı fəaliyyətləri- xüsusilə balıqçılıq, bağçılıq və heyvandarlıq- məhz su resurslarının mövcudluğundan asılıdır. Çaylar həm içməli su ehtiyatlarının təminatına, həm də su elektrik potensialının gələcəkdə istifadəsinə imkan yaradır.

Bu çay sistemlərinin bərpası həmçinin köç prosesinin davamlılığı üçün zəruridir. İnsanların doğma torpaqlara qayıdışı yalnız sosial layihələrlə deyil, ekoloji mühitin sağlamlığı ilə də bağlıdır. Əgər çay ekosistemləri zədələnmiş və su keyfiyyəti zəifdirsə, bu, məskunlaşmanın dayanıqlığını risk altına alır.

İşğal dövründə Laçın ərazisindəki təbii resurslardan qeyri-qanuni istifadə nəticəsində çayların ekosistemi ciddi zərər görmüşdür. Bəzi hallarda çayların yataqları dəyişdirilmiş, meşə zolaqları məhv edilmiş, tullantı axınları nəzarətsiz buraxılmışdır. Bu proseslər suyun təmizlənmə qabiliyyətini azaldıb, biomüxtəlifliyin zəifləməsinə gətirib çıxarıb. Hazırda iqlim dəyişikliyinin təsiri də əlavə risklər yaradır. Qar örtüyünün azalması, yağıntı rejiminin dəyişməsi və yayda artan buxarlanma su axınlarının qeyri-sabitliyinə səbəb olur.

Odur ki, çay ekosistemlərinin bərpası, təmiz suyun qorunması və biomüxtəlifliyin yenidən dirçəldilməsi Laçının gələcək ekoloji təhlükəsizliyinin əsas təminatıdır.

Xosrov Musayev,
“Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin eksperti

Məqalə “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi” adlı sosial-ekoloji layihə çərivəsində hazırlanıb.