"Bu, alqışlanası bir haldır" "Bu, alqışlanası bir haldır"
  • Tribuna
  • 5 Noyabr 2018 12:21
  •  2 624

"Prezidentin fərmanı dilimizin saflığının qorunması üçün mühüm addımdır"

"Bu, alqışlanası bir haldır"

"Prezident İlham Əliyevin noyabrın 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman böyük əhəmiyyət daşıyır".

Bu fikri Milli Məslisin üzvü, filologiya elmlәri doktoru, BDU-nun Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva bildirib.

O qeyd edib ki, Prezidentin imzaladığı bu fərman eyni zamanda, Azərbaycan dilinin saflığının qorunması və gələcək nəsillərə saf bir şəkildə ötürülməsi baxmından mühüm addımdır:

“Bu, əlbəttə ki, cənab Prezidentin bu sahə ilə bağlı imzaladığı ilk sənəd deyil. Davamlı olaraq Azərbaycan dilinin qorunması, yaşadılması üçün dövlət səviyyəsində çox əhəmiyyətli addımlar atılır. Latın qrafikası ilə dünya və Azərbaycan ədəbiyyatının yenidən çap edilərək yetişən nəsillərə tanıdılması baxımından görülən işləri, ədəbiyyatımızın, dilimizin dünyada bərqərar olması və öz yerini tutması istiqamətində həyata keçirilən tədbirləri i vurğulamaq istərdim.

Bir neçə gün əvvəl böyük şairimiz nakam Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması üçün xüsusi bir komissyanın təsisi edilməsi barədə Prezidentin göstəriş verməsi və digər addımlar əlbəttə ki, Azərbaycan mədəniyyətinə, tarxinə göstərilən böyük bir diqqət, qayğı, həssaslıqdır və biz buna görə dövlət başçısına minnətdarıq”.

Millət vəkili yeni fərmanın Azərbaycan dilinin saflığının qorunması və möhkəmləndirilməsindəki rolundan da danışıb:

“Xarici dil bilmək heç vaxt qəbahət sayılmayıb, tam əksinə, çox gözəldir. Böyük şairimiz Seyid Əzim Şirvaninin dediyi kimi, “bilməsək dil, əlacımız yoxdur”. Yəni bütün bunlar çox əhəmiyyətli nüanslardır. Amma əlbəttə ki, xarici dili mənimsəmək, öyrənmək heç də o demək deyil ki, öz dilini ikinci plana salasan və yaxud da heç biməyəsən. Bu, düşünürəm ki, heç bir azərbaycanlıya başucalığı gətirən amil deyil. Bununla bağlı dövlətin xüsusi bir siyasəti var Azərbaycanın dövlət dili Azərbaycan dilidir.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişinin elə ilk illərində bütün dövlət idarə və müəssisələrinin sırf Azərbaycan dilində işləməsi üçün xüsusi bir tarixi sərəncam verdi. Ondan sonra yetişən böyük bir nəsil, böyük bir kadr potensialı var. Bu gün dilimizi dərindən bilən, dilimizə qayğı və hörmətlə yanaşan məmur nəsli yetişir, onların içərisində hətta xaricdə təhsil alan, Avropa dillərini öz dili səviyyəsində bilən insanlar da az deyil. Bu da əlbəttə ki, alqışlanası bir haldır.

Lakin bununla bərabər, əgər dövlət səviyyəsində bu məsələ ilə bağlı bir işıq tutulursa, cənab Prezident dövlət dilinin inkişafı ilə bağlı sərəncam verirsə, bu, o deməkdir ki, artıq hələ də həyacan təbili çalınası məqamlarımız var. Müəyyən boşluqlar var ki, Prezident də sərəncam verərək bu sahəni öz nəzarəti altına götürür. Digər sahələrdə olduğu kimi bu sahənin də ilk növbədə Azərbaycanda qorunması və daha sonra inkişaf etdirilməsi baxımından addımlar atılması üçün cənab Prezident qarşıya tapşırıqlar, vəzifələr qoyub. Düşünürəm ki, bu, da olduqca əhəmiyyətli bir məqamdır”. (1news.az)

© AzNews.az