"Rusiyanın Ermənistana qırıcı satması münaqişəni daha da qızışdırır" - Deputat

Çingiz Qənizadə: "İstənilən halda, bu məsələ bizi narahat edir"

Milli Məclisin deputatı Çingiz Qənizadə Ermənistanın Rusiyadan SU-30CM tipli qırıcı təyyarələr alacağı barədə yayılan məlumatları şərh edib.

Deputat bildirib ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir:

"Əvvəllər də Rusiya işğalçı Ermənistana silah satışı ilə məşğul olub. Ancaq indi sülh danışıqlarının aparılması üçün müəyyən meyllərin yarandığı bir dövrdə Rusiyanın belə addım atması ürəkaçan deyil. Çox istərdim ki, yayılan məlumatlar həqiqət olmasın. Ona görə də bir qədər gözləyək. Əgər Rusiya tərəfindən Ermənistana silah alınması məqsədilə yenə də kredit vəsaitləri ayrılarsa, təbii ki, biz də buna öz mövqeyimizi bildirəcəyik. İstənilən halda bu məsələ bizi narahat edir".

Ç.Qənizadə deyib ki, indiki dövrdə işğalçı Ermənistana bu qədər miqdarda kredit vəsaitlərinin ayrılması məqsədəuyğun deyil:

"Hesab edirəm ki, Rusiyanın bu addımı münaqişənin nizama salınmasına deyil, əksinə daha da qızışmasına xidmət edəcək".
Xatırladaq ki, Ermənistanın müdafiə nazirinin vəzifəsini icra edən David Tonoyan ölkəsinin Rusiyadan "Su-30SM" tipli qırıcı təyyarələr alacağını bəyan edib.

Onun sözlərinə görə, bununla bağlı Yerevanla Moskva arasında müqavilənin imzalanmasına hazırlıq bitmək üzrədir.

D.Tonayan deyib ki, silah alınması üçün Rusiyanın Ermənistana verdiyi 100 mln. dollar məbləğində kreditlə bağlı sazişin həyata keçirilməsi üzrə prosedurlar da başa çatmaq üzrədir.(olke.az)

AzNews.az