“Cəmiyyət nə qədər maarifli olsa, onun hüquqlarının pozulması da o qədər məhdudlaşar”. “Cəmiyyət nə qədər maarifli olsa, onun hüquqlarının pozulması da o qədər məhdudlaşar”.
  • Tribuna
  • 10 Dekabr 2018 12:19
  •  2 772

Fərqli cəmiyyətlərdə fərqli də hüquq pozuntuları olur - hüquqşünas rəyi

“Cəmiyyət nə qədər maarifli olsa, onun hüquqlarının pozulması da o qədər məhdudlaşar”.

Bu gün dekabrın 10-u Ümumdünya İnsan Hüquqları Günüdür. Bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən İnsan Hüquqları üzrə Ümumi Bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir.

Bəs hazırda dünya ölkələrində, xüsusilə Azərbaycanda bu sahədə hansı işlər görülüb, insan haqlarının müdafiəsi necə təşkil edilib?

Bu suallara cavab tapmaq üçün AzNews.az hüquqşünas Samir İsayevə müraciət edib.

O, insan hüquqlarının pozulması hallarının dünyanın bütün ölkələrində aktual olduğunu deyib.

“İnsan hüquqlarının müdafiəsi məsələsi konkret hansısa bir ölkə üçün deyil, bütün dünya üçün prioritet məsələdir. O ki qaldı insan hüquqlarının az və ya çox tapdalanmasına, hansı hüquqların pozulmasına, bu, bir az fərqli məsələdir. Çünki inkişaf etmiş ölkələrdə də müəyyən hüquqlar pozulur, inkişaf etməmiş ölkələrdə də. Sadəcə olaraq, bu hüquqlar fərqli-fərqli sahələri əhatə edir. Məsələn, inkişaf etmiş ölkələrdə seçki hüququ, qadınların abort etmək hüququ kimi hallar pozulur. Yəni fərqli cəmiyyətlərdə fərqli də hüquq pozuntuları olur. Bu baxımdan, bu günün dünyada İnsan Hüquqları Günü kimi qeyd edilməsi çox önəmli hadisədir. Belə bir günün olması dünyada cəmiyyətləri və dövlətləri insan haqlarının müdafiəsi, təmini üçün səfərbər edir”.

O ki qaldı insan hüquqlarının Azərbaycandakı mövcud durumuna, ekspert bildirdi ki, insan hüquqlarının pozulması halları dövlətimizin inkişaf səviyyəsindən və cəmiyyətimizin yetkinlik dərəcəsindən asılıdır:

“Vaxtilə bizim insan haqlarının pozulması kimi təqdim etdiyimiz əsas siyasi və iqtisadi hüquqlar dövlət inkişaf etdikcə, yəni son 20-22 il ərzində aradan qalxıb. Yəni 25 il əvvəl pozulmuş hesab etdiyimiz hüquqların böyük bir qismi artıq ortadan qaldırılıb. Çünki bu cür məsələlər cəmiyyətin buna hazırlığından asılıdır. Məslən, bu gün məhkəmə-hüquq sistemində kifayət qədər ciddi dəyişikliklər olunub. 20 il əvvəl polis özbaşınalığı ən adi hallardan biri idisə, indi bu məsələ köklü şəkildə həllini tapıb. 20 il əvvəl az qala hər gün müxtəlif insanların polis məntəqələrində döyülməsi, işgəncə verilməsi xəbərlərini eşidirdiksə, bu gün belə hallar yoxdur. Ona görə də cəmiyyət nə qədər maarifli olsa, onun hüquqlarının pozulması halları da avtomatik olaraq o qədər məhdudlaşır. Deməli, bu məsələ birbaşa bizim özümüzdən asılıdır; biz buna nə qədər hazırıq, pozuntuların qarşısını almağa nə qədər qadirik və nə qədər vəzifələr daşımağa layiqik?!”.

Elgün

AzNews.az